Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!
Yerli jurnalistlərə müsahibəsində bütün sahələrdə aparılan islahatlardan söz açan Prezident İlham Əliyev diplomatik uğurlarımızla bağlı fikirlərini də diqqətə çatdırıb
“Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib, sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir.”
Prezident İlham Əliyevin bu səmimi sözlərinin, KİV-ə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda müstəqil mətbuat inkişaf edir, söz azadlığı, plüralizm təmin olunur, jurnalistlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır.
Prezident İlham Əliyev yerli jurnalistlərə verdiyi müsahibə ilə çoxsaylı mətbu orqanlarında çalışan jurnalistlərə inamını, səmimi münasibətini, ən başlıcası isə “Jurnalistlərin dostu” adını əməli ilə ifadə etdi.
Dövlət başçımızın başqa açıqlamalarından fərqli olan bu müsahibəsi ölkəmizdə dinamik davam etdirilən siyasi, iqtisadi, sosial islahatlara aydınlıq gətirilməsi, xarici siyasətimizin uğurlarının açıqlanması baxımından zəngin olduğu kimi, dünya hadisələrinin təhlili , Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyini şərtləndirən amillərin dəqiqləşdirilməsi ilə də maraqlı idi.
Müsahibədə ölkəmizin inkişafını, bu dinamikanı şərtləndirən konsepsiyanın düzgün istiqamətləndirilməsini təsdiqləyən faktlar Azərbaycanın son illərdəki nailiyyətlərinin, daxili və xarici siyasətinin, cənab İlham Əliyevin lider qətiyyətinin ifadəsi idi. Respublikamızda keçirilən bələdiyyə seçkiləri ilə eyni günə təsadüf edən bu görüş cənab İlham Əliyevin Prezident seçilərkən Azərbaycan xalqına verdiyi vədlərin yerinə yetirilməsini təsdiqləyən hesabat, anda sədaqət rəmzi idi.
Ötən ilin axırlarındakı çıxışlarında 2019-cu ilin islahatlar ili olacağını əminliklə bildirən cənab İlham Əliyev xalqına nəzərdə tutulduğundan da artıq sevinc bəxş etdi. “2019-cu il bu baxımdan bizim üçün nə ilə yadda qaldı?” sualını cavablandıran dövlət başçımızın vurğuladığı kimi, qarşıya qoyulan bütün vəzifələr həyatda öz əksini tapıb. Gələcək inkişaf üçün etibarlı təməl formalaşıb. Xarici siyasətlə bağlı böyük uğurlar qazanılıb. Qonşu ölkələrlə əlaqələr möhkəmlənib, önəmli qlobal layihələr həyata keçirilib. Enerji və nəqliyyat layihələrində iştirak edən tərəfdaşların üçtərəfli əməkdaşlıq formatı yaradılıb.
Bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısının rəsmi səfərinin baş tutması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə olması o deməkdir ki, dünya dövlətlərinin əksəriyyəti ilə əməkdaşlıqda maraqlı olan Azərbaycanın diplomatiyası özünü doğruldur.
Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın dünya ictimaiyyətini düşündürən aktual problemlərin həlli ilə bağlı təşəbbüskarlığını artıracağını qeyd edən Prezident İlham Əliyevin bu sahədə zəngin təcrübəsi bütün dünya ictimaiyyətinə bəllidir. AzərbaycanınBMT Təhlükəsizlik Şurasına qeyri-rəsmi sədrliyi dövründə terrorizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı təşəbbüslərin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin vurğuladığı kimi, əsas mahiyyət budur ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələrarası, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bu istək dövlət başçımızın sülhsevər siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, bütün səviyyələrdə dəstəklənir. Avropa İttifaqına daxil olan 28 ölkədən 9-u ilə strateji tərəfdaşlıq əlaqələri olan Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlığı uğurla inkişaf edir.
Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək ifadə edilir. Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Yekun Bəyannamələrində qeyd olunan Dağlıq Qarabağ münaqişəsinin sülh, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn siyasətinə həmrəylik qəbul olunan əvvəlki qətnamələrin də əsas mahiyyətini təşkil edir.
Avropa İttifaqı ilə imzalanacaq sazişə aydınlıq gətirən cənab İlham Əliyevin dəyişilməyən və Azərbaycan xalqının maraqlarını ifadə edən mövqeyi budur ki, sənəd bərabərhüquqlu tərəflər arasında imzalanmalı, əməkdaşlığa zidd məqamlardan azad olmalıdır. “ Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb” söyləməklə sənədlə bağlı həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsini də əsassız bir fərziyyə adlandıran dövlət başçımız bildirir ki, işğala məruz qalan Azərbaycanın mövqeyi dəyişilməzdir: Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqlar formatının dəyişməz olaraq qalmasının dəstəklənməsi Azərbaycanın diplomatik nailiyyətidir. Yəni, Ermənistan rəhbərliyinin danışıqların formatının dəyişilməsi ilə bağlı cəhdləri və təklifləri qəbul edilmədi.
2019-cu ildə yadda qalan diplomatik üstünlüklərimizdən biri də Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”” sərsəmləməsinə “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verən Prezident İlham Əliyevin cəsarətli liderliyinin təsdiqidir.
Məhz bu qətiyyət sayəsində dünya ictimaiyyətinə çatdırılır ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb. Ermənilər Cənubi Qafqaza sonradan köçürülən qaracı köçünə məxsusdurlar. Ermənistanın işğalçılıq mahiyyətini, terrorçu dövlət olduğunu dəfələrlə, faktlarla dünya ictimaiyyətinə çatdıran dövlət başçımız jurnalistlərə müsahibəsində də Ermənistanda abidəsi ucaldılan Njdenin əsl simasını konkret faktlarla ifşa etdi. MDB dövlət başçılarının Aşqabad Zirvə Görüşündə ermənilərin faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı arqumentlərini ifşa etməklə, baş nazir Nikol Paşinyanı rəzil vəziyyətə salan dövlət başçımızın sözlərindən sonra Rusiyanın Armavir şəhərində faşist cəlladı Njdenin xatirəsinə qoyulmuş lövhə dağıdıldı.
Bütün beynəlxalq təşkilatlarda layiqincə təmsil olunan Azərbaycan “Şərq tərəfdaşlığı”” proqramında iştirak edir. Proqram çərçivəsində ikitərəfli formata üstünlük verən Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq özünü təmin edir. “Biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Yəni, biz artıq borc verən ölkəyik” sözləri ilə Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin bəhrələrini diqqətə çatdırmaqla, beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin ölkəmizlə bağlı ümidverici açıqlamalarını da inkişafımızın statistik rəqəmlərlə ifadəsi kimi dəyərləndirir. Bu baxımdan proqramda bu ölkələri birləşdirmək və hansısa bir istiqamətə yönləndirmək cəhdlərini ədalətli hesab etməyən cənab İlham Əliyevin dəfələrlə söylədiyi kimi, qüdrətli Azərbaycana təsir və təzyiq imkanları məhduddur: “ Ona görə biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik.”
Müsahibəsində Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələyə aydınlıq gətirən dövlət başçımız artıq aforizmə çevrilən “Azərbaycan heç yerə inteqrasiya etmək fikrində deyil” sözlərini bir daha xatırlatdı.
“Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq. Misal üçün biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə mümkün olan addımlar atılıbdır və həm gələcək addımların atılmasına ehtiyac yoxdur, həm də bunun nəticəsi olmayacaq. Çünki əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir” sözləri ilə ölkəmizin xarici siyasətinin yalnız xalqın maraqlarına xidmət etdiyini bildirən Prezident İlham Əliyev dünyada baş verən hadisələri uzaqgörənliklə təhlil edərək, Azərbaycanın məntiqli, qarşıdakı on illər üçün hesablanmış siyasətinin özünü doğruldacağına əminliyini bildirdi.
Dünyada aparılan ikili standartların nümunəsi kimi qardaş Türkiyə ilə Avropa İttifaqı arasında illərdən bəri davam edən , ancaq nəticəsi olmayan danışıqları diqqətə çatdıran dövlət başçımız müsəlman amilini misal gətirərək, onu da vurğulayır ki, Avropada milli, dini zəmində gedən proseslər heç də yaxşı gələcək vəd etmir.
Əvvəlki çıxışlarında da narahatlıqla ifadə etdiyi məsələyə bir daha aydınlıq gətirən dövlət başçımız bildirdi ki, “Stop İslam””, “İslam miqrantlara yox”” kimi, şüarlarla, populist vədlərlə hakimiyyətə gələn, multikulturalizmə “yox” deyən qüvvələrin istəyi dini radikalizmə geniş meydan yaratmaqdır.
Qeyd olunduğu kimi, belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? Dövlət başçımızın məsələyə münasibəti bütün Azərbaycan xalqının istəyini əks etdirir: “İkinci dərəcəli ölkə kimi? Yaxud da ki, hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!”
Cənubi Qafqazın siyasi, iqtisadi, mədəni platformasına çevrilən Azərbaycanın səyləri, təşəbbüsləri, ölkəmizdə təşkil olunan forumlar, konfranslar dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. “Bütün bu forumlardan sonra mənim ikitərəfli görüşlər əsnasında yəqin etdiyim odur ki, bütün iştirakçılar çox böyük minnətdarlıqla bizə müraciət edərək deyirlər ki, nə yaxşı ki, siz bu işi öz üzərinizə götürmüsünüz. Ona görə, yenə də deyirəm, bu, ilk növbədə, bizim özümüzə lazımdır, regionumuza lazımdır, dünyaya lazımdır” söyləyən Prezident İlham Əliyevin həmkarları arasında fərqlənməsi bütünlükdə Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyini göstərir, ölkəmizə marağı artırır.
Xuraman İsmayılqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir