24 dekabr 2019 20:36
761

Rusiya-Azərbaycan əməkdaşlığı sağlam təmələ əsaslanır

MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşü çərçivəsində diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşən Prezident İlham Əliyev bildirdi ki, münasibətlərin möhkəmlənməsində Rusiyada yaşayan soydaşlarımızın da xidmətləri böyükdür

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət -ənənələrini yaşatmalıyıq” söyləyən, xalqımızda milli ideya və təfəkkürün formalaşmasını, azərbaycançılıq ideyalarının möhkəmlənməsini varlığımızı təsdiqləyən əsas amil adlandıran ulu öndər Heydər Əliyevin səyi nəticəsində xarici ölkələrdə məskunlaşan soydaşlarımız diaspor təşkilatları ətrafında vahid məqsəd naminə birləşdilər.

Həmin məqsədi “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir” sözləri ilə ifadə edən Ulu Öndər bildirirdi ki, milli ideologiya, azərbaycançılıq bu gün hər vətəndaşın qarşısında dəqiq ifadəsini tapmalı, lobbi hərəkatının genişləndirilməsinin əsas konsepsiyasını təşkil etməlidir.

Sonrakı illərdə Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət sayəsində təşkilatlanma prosesi dəqiq, müəyyənləşdirilmiş konsepsiyaya uyğun, planlı şəkildə təkmilləşdirildi.

Prezident İlham Əliyevin diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğı nəticəsində soydaşlarımızın digər xalqların icma və təşkilatları ilə əlaqələri möhkəmlənir. Beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları artan Azərbaycan diasporunun güclənməsi,  dost xalqlarla birgə fəaliyyəti dünyada mövqelərimizin möhkəmlənməsinə xidmət edir. “Bir millət- iki dövlət” olan Türkiyə- Azərbaycan diaspor təşkilataları gücləri birləşdirməklə, siyasi, iqtisadi məsələlərin müzakirəsində vahid mövqedən çıxış edirlər.  Sayı artan diaspor təşkilatlarımızın qarşısında dayanan vəzifələri diqqətə çatdıran Prezident İlham Əliyevin ən başlıca tövsiyəsi icmalar arasında koordinasiya işinin sağlam rəqabət əsasında qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Təşkilatlar arasında koordinasiya işlərini yerinə yetirən diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə siyasi qüvvə kimi tanınırlar. Azərbaycan dövlətinin xarici ölkələrdə bir parçası, simvolu olan səfirlik, konsulluqlarımızla, diplomatik nümayəndəliklərlə birgə çalışan diaspor təşkilatları ölkəmizin xarici siyasətinin dünyada dəstəklənməsində , təbliğində yaxından iştirak edirlər.

Bu günlərdə Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə iştirak edən Prezident İlham Əliyev səfər çərçivəsində diaspor təşkilatlarımızın rəhbərləri ilə də görüşmüşdür.

31 dekabr -Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində keçirilən bu görüş bir neçə baxımdan əlamətdar hadisə idi. Ümumiyyətlə, cari ildə Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu təsdiqləyən mühüm hadisələri yüksək qiymətləndirən cənab İlham Əliyev vurğuladı ki, soydaşlarımız Rusiyanın vətəndaşları kimi, bu ölkənin ümumi inkişafına töhfələr verməklə, doğma Vətənimizlə də əlaqələrini genişləndirirlər.

“Deyə bilərəm ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır” söyləyən cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu yaxınlarda Rusiyaya səfərini iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə təsir edən amil adlandırdı: “Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq”” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür.”

Mehriban xanımın səfər çərçivəsində  Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması mərasimində iştirakı da tarixi hadisə idi.

Prezident İlham Əliyev “Yəni, bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir” söyləməklə onu da qeyd etdi ki, Rusiyada yaşayan elm, təhsil, biznes sahəsində çalışan azərbaycanlılara münasibət çox müsbətdir.

Azərbaycanda yaşayan rusların, Cənubi Qafqazda fəaliyyət göstərən ən böyük rus icmasının da əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələr qardaş ölkə ilə dostluğumuzu gücləndirir.

Xuraman İsmayılqızı, “İki sahil”