24 dekabr 2019 20:27
1392

Prinsipial, güclü və iradəli rəhbər

Gündən-günə abadlaşan Azərbaycan 28 ildir ki, müstəqillik yollarında inamla addımlayır. Ulu Öndər deyirdi ki, müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da böyük nailiyyətdir, ondan da çətin bir işdir. Bu çətin və məsuliyyətli işi ümummilli lider Heydər Əliyev öz çiyinlərində irəliyə doğru apararaq dəfələrlə sübut etdi ki, bu müstəqillik əbədidir, dönməzdir. 1991-ci ildə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycanı ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra üzləşdiyi bəlalardan xilas etdi, ölkəmizi davamlı islahatlar yoluna çıxardı.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılmasına dair xüsusi Sərəncam imzaladı. Çox qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahatlar Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən təsdiq edildi. Proqramda mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. İslahatların başlanması milli təhsilin inkişafına güclü stimul verdi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər çağdaş təhsilimizin tarixində yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi təhsilin elmi əsaslara söykənən Dövlət proqramları vasitəsilə idarə olunması dövri kimi xarakterizə olunur.

Təhsil sahəsində maliyyə qoyuluşunun ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimizin vurğuladığı “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Məhz XXI əsrdə güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə ötən dövr ərzində 25-dən artıq Dövlət Proqramı qəbul olunmuşdur. Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, yüksək bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Ali təhsilin inkişafı sahəsində əhəmiyyətli addımlar atılmışdır. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli işlər görülmüş, bütün universitetlərin maddi-texniki bazası əsaslı şəkildə yenilənmişdir.

Belə bir tarixi məqamı da xatırlamaq yerinə düşər ki, XXI əsr UNESKO tərəfindən “Təhsil əsri” elan olunub. Bu, o deməkdir ki, yeni əsrdə bəşər sivilizasiyasını ən çox maraqlandıran qlobal məsələ dünyada təhsilin üstün inkişafına və keyfiyyətcə yüksəlişinə nail olmaqdan, cəmiyyətin tərəqqisində, çağdaş sivilizasiyada təhsilin müstəsna rolunu daha da yüksəltməkdən, narahat dünyamızın idarə edilməsində təhsilə, elmə, ağıla, intellektə əsaslanma zərurətinin hamı tərəfindən dərk olunmuş həqiqətə çevrilməsini təmin etməkdən ibarət olacaqdır. Hə xoşbəxtik ki, yeni əsrə - “Təhsil əsri”nə Azərbaycan xalqı müstəqil dövlət olaraq, özü də digər sahələrlə yanaşı, təhsil sahəsində beynəlxalq standartlara uyğun əsaslı islahatların dönməz xarakter alması şəraitində daxil oldu. Əslində yeni əsr Azərbaycanın milli təhsil tarixində islahatlar əsri kimi tarixi yaddaşımızda qalacaqdır.

Azərbaycan təhsilinin inkişafı sahəsində ulu öndər Heydər Əliyevin xidmətlərindən, onun milli təhsilimizə verdiyi tarixi töhfələrdən iki istiqaməti xüsusi olaraq vurğulamaq istərdik: a) milli tərbiyə və təhsilə dair nəzəri fikirləri; b) milli təhsil quruculuğu yolunda həyata keçirdiyi əməli işlər.

Ulu öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı güclü inkişaf edə biməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin milli tarixin tədrisi ilə bağlı göstərişlərini əsas tutaraq milli tariximizin Sovet dövründə ən çox saxtalaşdırmalara məruz qalmış XIX və XX əsrlər mərhələsini əhatə edən, ümumtəhsil məktəblərinin X bə XI sinifləri üçün yeni “Azərbaycan tarixi” dərslikləri qısa müddətdə hazırlandı və nəşr edildi. Təhsil tariximizə “XX əsrin sonuncu və XXI əsrin ilk dərsliyi” kimi daxil olan bu dərsliklərin ötən əsrin son günlərində keçirilən təqdimetmə mərasimi təhsilimizin bayramına çevrildi, yeni əsrə ən qiymətli ərmağan oldu. Bu istiqamətdə dərslik yaradıcılığı işi uğurla davam etdirilir.

Ot kökü üstündə bitər deyiblər. Cənab İlham Əliyev məğrur, uzaqgörən, tolerantlılıq, səmimilik və humanizm kimi yüksək keyfıyyətlərini atasından əxz edib. Ulu Öndər kimi ona da qətiyyətlilik, enerji, zehni potensial və təşəbbüskarlıq xüsusiyyətləri xasdır. Hər ikisi xarakter etibarilə səmimi olduqları üçün bu gün də Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyev hər bir vətəndaşla istənilən psixoloji baryeri aradan qaldırır. Bu, onun xalqına bağlılığını və özünə qarşı son dərəcə tələbkar olmasını göstərir. Ciddi intizam, yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətinin meyarıdır. Diplomatik düyum onun yüksək peşəkarlığının, siyası karyerasının fərdi və cəlbedici keyfıyyətlərindəndir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən neft amilindən xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə olunur. Neftdən alınan gəlirlər səmərəli şəkildə istifadə edilir. O, öz siyasətinin mərkəzində hər an Azərbaycan xalqının durduğunu öz fədakar əməyi ilə nümayiş etdirir.

Azərbaycanda demək olar ki, 16 il ərzində iki milyona yaxın iş yerləri açılıb. Sosial qayğıya ehtiyacı olan insanlar daim Prezidentin qayğısı ilə əhatə olunurlar, insanların sağlam həyat tərzi sürməsi üçün xüsusi Dövlət proqramları həyata keçirilir. Güclü ordu yaradan dövlət başçısı öz vətənpərvərliyi ilə Azərbaycan gənclərinə məğlubedilməzlik aşılayır. Cənab Prezident millətin, xalqın arzuları ilə hakimiyyətə gəlmiş bir lider kimi xalqın arzularını yerinə yetirmək üçün əzmlə çalışır. Mərkəzdən başlayaraq ən ucqar kəndlərədək insanların həyatını rahatlaşdıran işıq, qaz, su, elektrik xətləri, böyük infrastruktur layihələrlə elinə- obasına fayda verir. İnsanların qarşısına alnı açıq, üzü ağ çıxır. Ölkə rəhbərinə ümumxalq məhəbbəti də elə bu səbəbdən irəli gəlir. Cənab İlham Əliyevin şəxsi keyfiyyətləri, idarəetmə tərzi, verdiyi müdrik qərarlar Azərbaycanın müstəqilliyinin təminatıdır. Müstəqillik təkcə dövlət atributu deyil, həm də Azərbaycanın daxili və xarici siyasəti suverenlik prinsipinə əsaslanır. Eyni zamanda, ölkəmizin iqtisadi qüdrəti məhz Prezidentin bütün məsələlərdə navatorluq və islahatçılıq istiqamətində apardığı işlərdə aydın görünür.

Prezident İlham Əliyev Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin - “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə verib. 1994-cü ildə bağlanmış bu müqavilədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan mühüm rol oynadı. 23 il sonra, 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə “Yeni əsrin müqaviləsi” imzalandı. Cənab İlham Əliyev Prezidentliyinin lap əvvəlindən başlayaraq neft amilindən xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə edir.

2018-ci il may ayının 29-da Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildi və bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında böyük rolu bir daha təsbit olundu.

Elə həmin il iyun ayının 12-də Türkiyənin Əskişəhəri şəhərində bir neçə dövlət başçısının iştirakı ilə “ikinci qan damarı” adlandırılan TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə -Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz XXI əsrin enerji tarixini yazdıq”, - deyə vurğuladı.

Ötən il avqust ayının 12-də 1996-cı ildən davam edən 22 illik Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar müsbət sonluqla nəticələndi:

Prezident İlham Əliyevin keçən il xeyir-dua verdiyi layihələrdən biri də Türkiyədə “Petkim” neft - kimya kompleksinin ərazisində inşa olunan “Star” neft emalı zavodu olmuşdur. Bu zavod qardaş ölkənin ilk xüsusi sənaye zonası elan edilmişdir.

Görülən bu nəhəng işlər Azərbaycanın uğurudur. Biz də bir Azərbaycan vətəndaşı olaraq Prezidentimizin arxasındayıq. Eyni zamanda, biz və YAP-ın üzvləri olaraq hər an, hər yerdə qürur hissi ilə gənclərimizin arasında bu partiyanın ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha da uca zirvələr fəth edəcəyindən bəhs edirik.

T. Naibova, 
ADNSU YAP ərazi ilk partiya təşkilatının sədri,

B. Babayeva,
Azii Elektron kitab evinin əməkdaşı, fəal YAP üzvü