16 illik yol Azərbaycanın dünya birliyində yeri və roluna möhtəşəm əlavələr etdi
Dövlətimizin başçısı İlham Əliyevin modernləşməyə və yeniləşməyə xidmət edən siyasətinin nəticəsində ölkəmiz ən islahatçı ölkələr, xalqımız ən xoşbəxt xalqlar sırasındadır
Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya Günəş kimi doğmasına yol açan ulu öndər Heydər Əliyevin siyasi kursunun son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi.
“Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.” Dövlətimizin başçısı İlham Əliyevin bu günümüzdən dünənimizə baxış fonunda səsləndirdiyi bu fikirlər 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi “Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” vədinin təsdiqi, sabahımıza olan inam, ən əsası Ümummilli Liderin böyük əminliklə ifadə etdiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” tezisinin real həyatda göstəricisidir. Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin və rolunun artmasında da ifadə olunur. Son 16 ilin xarici siyasət uğurlarından bəhs edərkən bu fikri böyük inamla qeyd edirik ki, Sovetlər İttifaqının dağılmasından sonra yaranan 15 dövlətdən yalnız Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 155 ölkənin dəstəyini qazanmaq böyük uğur, diplomatik qələbə kimi dəyərləndirildi. Bu mühüm hadisə Azərbaycanın iqtisadi möcüzəsinin beynəlxalq aləmdə çəkisinə nə qədər təsir göstərdiyinin aydın ifadəsini yaratdı.
Son 16 ildə Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib.
“Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Təkcə 2019-cu ilin xarici siyasət uğurlarına diqqət yetirsək, 16 ildə əldə olunan nailiyyətlərin miqyasının nə qədər geniş olduğunu aydın təsəvvür etmək mümkündür. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr etdi. Bu əlavələr sırasında ölkəmizin sözünün imzası qədər dəyərinin artması, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırdı. Bu inama əsas verən digər amillərdən biri də beynəlxalq qurumların bu il çərçivəsində qəbul etdikləri qərar və qətnamələrində, həmçinin imzalanan sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, həmçinin iqtisadi uğurlarımız fonunda ordumuzun artan gücü və qüdrətidir.
“Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da böyük inamla qeyd edir ki, nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır: “Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb.”
Bu fakt inkaredilməzdir ki, Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada Azərbaycanın milli maraqları əsasdır. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi ölkəmizin yerləşdiyi bölgənin həssas olmasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqama da xüsusi diqqət yönəldir: “Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk.” Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini təsdiqləyən biri-birindən önəmli səfərlər, keçirilən görüşlər, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək ənənəsinin formalaşması və s. Təbii ki, ölkəmizdə mövcud olan sabitlikdən qaynaqlanır. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dini liderlərinin Zirvə Görüşü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, “Bakı Prosesi” Azərbaycanı humanitar mərkəz kimi tanıdıb. Müxtəlif mədəniyyətlərin, sivilizasiyaların arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi əməkdaşlıq məkanına çevrilib. Diplomatik uğurlarımız sırasında bu məqamı xüsusi qeyd etməliyik ki, Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlərinin mütəmadi olaraq ölkəmizdə keçirilməsi artan nüfuzunun, siyasi çəkisinin, ən əsası inamın və etimadın göstəricisidir. “Bu çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200 ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bunun başlıca səbəbi çox etibarlı tərəfdaş, sözü ilə əməli eynilik təşkil edən Azərbaycana inamdır. Bu inam isə ölkəmizə çox böyük hörmət, etimad qazandırıb.
Azərbaycanın regional əməkdaşlığa böyük töhfəsi kimi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını qeyd etməliyik. İllərdən bəri davam edən bu məsələnin sonda uğurlu həllini tapmasında son illərin əməkdaşlıq formatlarında yaranan yeniliklərin də öz rolu vardır. Azərbaycan artıq üçtərəfli, eyni zamanda, dördtərəfli formatda əməkdaşlıq əlaqələrinin qurulmasının təşəbbüsçüsü kimi çıxış edir və səylər öz müsbət nəticəsini verir. İkitərəfli əlaqələrin yol açdığı Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı da məhz ölkəmizdir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir.
Mühüm uğurlarımız sırasında Azərbaycanın Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransına, eyni zamanda, XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi dayanır. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Zirvə Görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə quruma sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir və verəcək. Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu məqamı mühüm uğurumuz, eyni zamanda, səylərin birləşdirilməsinin vacibliyi kimi qeyd edir. “Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq” söyləyən cənab İlham Əliyev bildirmişdir: “Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu... Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı. Bu, bir daha bizim gücümüzü nümayiş etdirir. Onu nümayiş etdirir ki, birlikdə olanda nailiyyətlərimiz çox ola bilər. Bu, üzv dövlətlər arasında həmrəyliyin təzahürüdür. Bu, eyni zamanda, təşkilatımızın imkanlarının göstəricisidir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan iki il ərzində orada təşkilatımızın bütün üzvlərini təmsil etdi. Bəyan etdik ki, biz uzun illərdir bir çox hallarda pozulan ədalət və beynəlxalq hüququ müdafiə edəcəyik.” Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün sonunda qəbul olunan Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi cari ildə əldə etdiyimiz mühüm diplomatik uğurlardandır.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri də yüksələn xətlə inkişaf etmişdir. Belə ki, cənab İlham Əliyevin bu illər ərzində Belçikaya reallaşdırdığı səfərlər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənədlər, ən əsası ötən il “Tərəfdaşlığın prioritetləri” adlı sənəd qurumla ölkəmiz arasında əlaqələrin hazırkı səviyyəsinə bir daha işıq saldı. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar qeyd olunub. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir.
Diplomatik uğurlarımız sırasında NATO-nun mövqeyində olan dəyişikliyi də qeyd etməliyik. Baxmayaraq bu qurum dünyada təhlükəsizliyin, sabitliyin təminatçısı kimi çıxış edir, amma son illərə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqeyi ilə diqqət çəkib. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq NATO-nun Zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək beynəlxalq münasibətlər sistemində mövqeyimizi daha da möhkəmləndirir. Hərbi qüdrəti artan, dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun hazırlığı və döyüş qabiliyyəti NATO standartlarına cavab verir. Ölkəmizdə keçirilən “ADEX” beynəlxalq müdafiə sərgiləri, möhtəşəm hərbi paradlar, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən mindən çox adda hərbi təyinatlı məhsulun istehsal olunması Ordumuzun döyüş qabiliyyətinin, hərbi diplomatiyamızın yüksək səviyyəsini göstərir.
Dövlətimizin başçısı İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulması və yüksələn xətlə inkişafı prioritet məsələlərdəndir. Səylərin birləşdirilməsi qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Regional əməkdaşlığın inkişafına böyük töhfə olan BTQ dəmir yolunun istifadəyə verilməsi, həmçinin BTC və BTƏ neft-qaz kəmərlərindən sonra beynəlxalq əməkdaşlığa geniş imkanlar açan Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi və sair Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin təqdimatlarıdır.
Təkcə 2019-cu ildə ölkə Prezidenti İlham Əliyevin xarici ölkələrə onlarla səfərinə, eyni zamanda, bu sayda da digər ölkələrin dövlət və hökumət başçısının Azərbaycana rəsmi və işgüzar səfərlərinə, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqət yetirmək kifayətdir. İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın İslam həmrəyliyinin inkişafına töhfələri davamlılığı ilə diqqət çəkir. Ölkəmizdə “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi İli”nin elan olunması ölkələrarası birlik, həmrəyliyin möhkəmləndirilməsinə töhfəsini verir və Azərbaycanın sülhün, sabitliyin, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə yönələn təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir, ən əsası tolerant ölkə kimi nüfuzunu artırır.
“Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə çoxşaxəlidir. Qeyd etdiyim kimi, onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bizim apardığımız siyasət hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq və dəstək üzərində qurulub.
Təbii ki, son 16 ilin xarici siyasət uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Başa çatmaqda olan 2019-cu ilin mühüm uğurlarına nəzər salmaqla, bir daha bu reallığı diqqətə çatdırırıq ki, Azərbaycanın dünyaya açıq və çevik xarici siyasəti davamlı uğurlara yol açır, dünya birliyinin layiqli üzvünə, əsl söz sahibinə çevrilməsini şərtləndirir. Siyasətində müstəqil olan Azərbaycan bu mövqeyi ilə dünya birliyində əsl söz sahibinə çevrilir, cərəyan edən proseslərə təsir imkanları artır. Bu gün xarici siyasətimizin əsas məsələsi, yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təkcə cari ildə Azərbaycanın diplomatik uğurlarına və iqtisadi imkanları fonunda artan hərbi qüdrətinə diqqət yetirsək, bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağı inkaredilməzdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Yeganə Əliyeva, “İki sahil”
Redaksiyadan: Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, Ona uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının daha da inkişafı naminə bütün işlərində və təşəbbüslərində yeni-yeni uğurlar arzulayırıq.
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir