Müdriklərin söylədiyi kimi əməllərin dəyəri onların məqsəd və nəticələri ilə ölçülür. Dünyanın dövlətçilik tarixində liderlik zirvəsində olanlar arasında ölkəmizə qərinədən artıq müddətdə rəhbərlik etmiş, onu dünyada tanıtmış ulu öndər Heydər Əliyevin əməllərinin nəticəsi qüdrətli Azərbaycan olduğu kimi, təkrarolunmaz əməlinin dəyəri Prezident İlham Əliyev kimi siyasətçini yetirməsidir.
Bu dəyərlər liderlərin qəbul etdikləri əsas prinsiplər, standartlar və ideallardır. Zaman liderə imkanı diktə edir. Hunların sərkərdəsi Attila demişdir: “Bütün rəhbərlər qəbul etməlidirlər ki, qələbə o adama nəsib olur ki, onlar təkcə nəyi etmək lazım olduğunu yox, həm də nə vaxt etməyi bilirlər Bu, məkanı və zamanı hiss etməkdir.”
Aglı, zəkası sayəsində zamanın dili ilə “danışmağı” qüdrəti ilə əxz edən ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev bu keyfiyyətləri şəxsiyyətində formalaşdırmaqla, dünya liderləri arasında tanınmaqla kifayətlənmədi, daha irəli gedərək başqalarına örnək oldu. Ulu Öndərin zamanın çağırışlarına uyğun atdığı qətiyyətli addımların istiqamətlərini şaxələndirdi, coğrafiyasını genişləndirdi.
2003-cü ildə Prezident kimi KİV-lərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına “Həm çətin, həm də asan. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə çətinliklər də olacaqdır” sözləri ilə cavab verən Prezident İlham Əliyev ölkəyə qazandırdığı uğurlarla sübut etdi ki, əzm, mətanət, siyasi iradə, ən başlıcası isə məsuliyyət olan məkanda heç bir çətinlikdən söhbət gedə bilməz.
Lider qətiyyətinin, vədə sadiqliyin daha bir nümunəsi. İlk dəfə Prezident seçilərkən xalqına arxalanaraq “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” sözləri ilə ölkənin qüdrətlənməsi naminə xalqa arxalanacağını söyləyən cənab İlham Əliyevin 16 il bundan əvvəl verilən suala müasir günümüzlə səsləşən cavabı bu sözləridir: “Bu gün Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq.”
Dövlət başçımız ötən illərdəki fədakarlığı ilə vədinə sadiq lider olduğunu təsdiqlədi. Yeni kəmiyyət və keyfiyyətə uyğun, zamanın çağırışını əks etdirən daha möhtəşəm vəzifələrin həlli, ötən illərin uğurları göstərdi ki, cənab İlham Əliyev həqiqi mənada Azərbaycan xalqı üçün cəfakeş Prezidentdir.
Bu reallığı, biri-birindən əhəmiyyətli lider fədakarlığını təsdiqləyən faktlar o qədər çoxdur ki, onları xronoloji ardıcıllıqla sadalamaq belə insanı təəccübləndirəcək qədər möhtəşəmdir.
İlk gündən fəaliyyətini ölkə vətəndaşlarının istək və arzularına, iqtisadi müstəqilliyin siyasi müstəqilliklə paralel aparılması siyasətinə uyğun müəyyənləşdirən cənab İlham Əliyev əzəməti ilə arzuları reallaşdırdı. Müasir dövrümüzdə, dünya dövlətləri arasında ölkəmizi bütün istiqamətlər üzrə fərqləndirən, ən güclü ölkələr sırasına qaldıran bu siyasətin davamı və nəticəsi Azərbaycanın ən nüfuzlu beynəlxalq təşklatların hesabatlarında, reytinq cədvəllərində ön sıralarda yer almasıdır.
“Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır” söyləyən Prezident İlham Əliyevin qürurla səsləndirdiyi statistik rəqəmlər beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. “Doing Business”in hesabatlarında Azərbaycanın “ən islahatçı dövlət” adlandırılması cənab İlham Əliyevin dövlətçilik təcrübəsinə verilən dəyərlərdən yalnız bir nümunədir.
Azərbaycanın müəllifi olduğu enerji layihələri haqqında ən xoş sözləri elə dövlət başçıları, siyasətçilər söyləyib. Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması ilə layihənin və onun seqmentlərinin icrası istiqamətində qətiyyət göstərən cənab İlham Əliyev dünyanın enerji xəritəsini dəyişməklə zamanın ən mühüm hədəfinə doğru addımladı. Cənub Qaz Dəhlizini reallaşdırmaqla TANAP-a yol açdı, TAP-ın icrasını sürətləndirdi. Çoxlarına xəyal kimi görünən , Ulu Öndərin dünyaya vizit kartı olan “Üç dəniz əfsanəsi”nin davamı kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə xeyir-dua verməklə, dünyaya Azərbaycan adlı qüdrətli bir dövlətin nələrə qadir olduğunu sübut etdi. “Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür” sözləri ilə göstərdi ki, nəhəng layihələrin tikintisi üçün ən başlıca amil olan xalqların, dövlətlərin birlik və dostluğunun qarşısında heç bir güc dayana bilməz. Ümumdünya Davos İqtisadi Forumunun Bakıda keçirilməsi beynəlxalq aləmə göstərdi ki, Azərbaycan dünya iqtisadiyyatının ən aktual məsələlərinin müzakirə olunduğu məkandır.
Amma liderlik qətiyyətinin təkcə iqtisadi amillərlə yekunlaşmadığını uzaqgörən siyasəti ilə dərk edən cənab İlham Əliyevin onu da sübut etdi ki, birgə əməkdaşlığın uğur qazanması üçün humanitar siyasət başlıca amildir.
Bu məsələni də gündəlik iş prinsipi kimi, diqqətdə saxlayan cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı sivilizasiyalararası dialoq mərkəzinə çevirdi. Artıq tam əminliklə söyləmək olar ki, dünyada Azərbaycan qədər əməkdaşlığa, qarşılıqlı ehtirama önəm verən alternativ ölkə yoxdur. Tolerantlıq ənənələrini yaşadan, multikulturalizmi təbliğ edən, qonşu dövlətlərlə konstruktiv əlaqələrin möhkəmlənməsinə çalışan Azərbaycan Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə dinlərarası əlaqələrin möhkəmlənməsini təmin etdi.
“Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir” söyləyən canab İlham Əliyevin cəsarəti nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edir, ölkəmizin mövqeyi dəstəklənir. Respublikamızda keçirilən biri-birindən əhəmiyyətli mühüm tədbirlərin mütəşəkkilliklə başa çatması, iştirak etdiyi sammitlərdə Prezident İlham Əliyevin diqqətlə qarşılanan məntiqli çıxışları, eyni zamanda, ölkəmizin ən başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlar əsasında tənzimlənməsinə dəstəkdir.
BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi bazası olan və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir.
Xalqlararası əməkdaşlığı gücləndirən Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu kimi mühüm əhəmiyyətli tədbirlərin humanitar platformasına çevrilən Azərbaycan NATO-nun sessiyalarına, digər mötəbər konfranslara ev sahibliyi edir, əməkdaşlığa xidmət edən körpülər yaradır. Qoşulmama Hərəkatının XVIII, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşlərinin Bakıda keçirilməsi, Azərbaycanın hər iki təşkilata eyni zamanda sədrlik etməsi ölkəmizdə mövcud olan siyasi sabitliyə, tolerantlıq mühitinə verilən dəyərdir. Dünya liderlərinin iştirakı ilə keçirilən mühüm tədbirlərdə çox zaman təkcə Azərbaycanın, dövlət başçımız İlham Əliyevin iştirakı dövlət başçımızın liderlik fəlsəfəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasıdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir