Dövlət başçısı İlham Əliyev bildirib ki, məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi
Son illər ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına geniş meydan açılıb. Bu sahədə yaradılan əlverişli şərait, iqtisadi potensialdan səmərəli istifadə, ixracyönümlü məhsul istehsalının təşviqi üçün həyata keçirilmiş tədbirlər də öz növbəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan yaradır.
Məhz bu baxımdan pambıqçılıq sahəsində qazanılan uğurları xüsusi qeyd etmək istərdik.
Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə bildirdi ki, biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq: “Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz.”
Təkcə cari ildə deyil, ümumiyyətlə, son illər pambıqçılıq sahəsində bu cür uğurların qazanılmasının başlıca səbəbi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin məqsədyönlü fəaliyyəti nəticəsində həm pambıqçılıq, həm kənd təsərrüfatının başqa sahələrində də uğurlu inkişaf və sürətli artım müşahidə olunmuşdu.
Statistikaya nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür. Yəni məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artaraq, 30 sentnerə yaxınlaşmış, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.
Ümummilli Lider Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Bu həm sovet, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermişdi. Üzümçülüyə çox böyük ziyan vurulmuşdu.
Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdü.
Müstəqilliyimizin ilk dövrləri AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar. Bunun nəticəsində, həm sənaye iflic oldu, həm də kənd təsərrüfatı tamamilə dağıdıldı. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələr kimi, pambıqçılıq da unudulmuşdu. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra pambıqçılıqda da canlanma yarandı. Pambıqçılığın daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasında böyük rol oynayır.
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın davamlı inkişafı üçün lazımi zəruri addımlar atılmağa başlandı.
Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçısının 2015-ci ilin respublikamızda “Kənd təsərrüfatı İli” elan edilməsi haqqında Sərəncamı bu sahənin inkişafına böyük töhfələr verdi. Prezident İlham Əliyevin dediyi kimi, biz aqrar sektorun inkişafı istiqamətində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, kənd təsərrüfatı istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi təsərrüfatçılıq vərdişləri, yüksək işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü deyil. O, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaratdığı təsərrüfatçılıq ənənəsidir.
Təbii ki, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sisteminin tətbiq edilməsi, dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi aqrar sektorda keyfiyyətcə yeni mərhələnin başlanmasının əyani təsdiqidir. Aqrar sənaye parklarının yaradılması, kənd təsərrüfatı məhsulları üzrə rayonların ixtisaslaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalı prosesində informasiya texnologiyalarının tətbiqi Azərbaycanda aqrar sektorun inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətləridir. Bundan başqa, ərzaq təhlükəsizliyindən qida təhlükəsizliyinə keçid, məhsuldarlığın artırılması, texniki və texnoloji yenilənmə, kənd təsərrüfatı məhsullarının artımı və şaxələndirilməsi, dövlət dəstəyinin səmərəli təşkili, subsidiyalaşdırma mexanizminin təkmilləşdirilməsi, iri təsərrüfatların inkişafı, kiçik təsərrüfatlara dəstəyin davam etdirilməsi, gəlirli sahələrin inkişafı həmin prioritetlərə daxildir.
Bütün bunlar özünü pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişafında da göstərir. İxracatda da həmin ənənəvi sahələrin çəkisi ildən-ilə artır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur. Bu sahələrin inkişafına xüsusi diqqət yetirən dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bütün bunlar Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı məhsullarıdır.
2016-cı ildən başlayaraq, Azərbaycanda bu istiqamətdə artıq konkret tədbirlər görüldü. Pambıqçılıq sahəsinə marağı artırmaq məqsədilə bu sahə ilə məşğul olanlar üçün subsidiyalar ayrıldı. Fermerlərin gübrə, maşın və texnika ilə təminatında ciddi dönüş yaradıldı. Məhsulun dövlət tərəfindən satınalınma qiymətləri yüksəldildi.
Bu gün pambıqçılıq Azərbaycanın aqrar sektorunun prioritet sahələrindən birinə çevrilib. Ölkə başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə sahənin davamlı və intensiv inkişafına start verilib.
Bu proqramın qəbul edilməsində əsas məqsəd pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahədəki problemlərin aradan qaldırılması idi. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrası artıq ilk uğurlu nəticələrini göstərib. Ötən il pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verildi. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.
Azərbaycan Prezidenti bu sahənin inkişafını daim diqqətdə saxlayır. Dövlət başçısının iştirakı ilə hər il pambıqçılığın inkişafı ilə bağlı respublika müşavirələri keçirilir. Son dəfə 2018-ci il martın 26-da Prezident İlham Əliyevin iştirakı ilə pambıqçılığın inkişafı məsələlərinə dair Bərdə rayonunda respublika müşavirəsi keçirildi. Prezident ölkədə pambıq əkini sahələrinin həcmini və məhsuldarlığı artırmağı bir vəzifə olaraq tapşırdı. Ümumiyyətlə, “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya məqsəd qoyulub.
Dövlət başçısı dekabrın 19-da keçirilən müşavirədəki nitqində pambıqçılıq sektorunun inkişafına xidmət edən dövlət dəstəyini də qeyd etmişdir: “Görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəyəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur.”
Dövlət siyasətinin prioritet istiqamətini təşkil edən sosial amil prinsipi pambıqçılıq sektorunda da çox səmərəli üsulla istifadə olunur. Pambıqçılıq Azərbaycanda daha çox məhz sosial-kommersiya layihədir. Çünki pambıqçılıq rayonlarda kifayət qədər işsizliyi aradan qaldırır. Əməktutumlu kənd təsərrüfatı sahəsi olan pambıqçılığın bir neçə istiqaməti var ki, orada minlərlə yeni iş yeri yaradılır. Statistik təhlil aparsaq görərik ki, Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edilir. Rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan pambıqçılıqla məşğul olur. Bu da rayonlarda işsizliklə bağlı problemlərin uğurla həll olunmasının göstəricisidir.
Prezident İlham Əliyev qeyd etdi ki, pambıqçılıq çox əməktutumlu sahədir. Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu il təşkil edilən və həyata keçirilən çox geniş sosial paket 4,2 milyon əhalini əhatə edib.
Bu il yeddi rayonda məhsuldarlığın 30 sentnerdən yuxarı olduğunu bildirən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, əsas məsələ ondadır ki, biz pambıqçılıqda da düzgün müəyyən edilmiş hədəflərin həyatda reallığa çevrildiyini görürük: “Əminəm ki, bu meyillər bundan sonra da davam etdiriləcək və beləliklə, biz kənd təsərrüfatını ən müasir standartlara uyğun şəkildə inkişaf etdirəcəyik.”
Yaqut Ağaşahqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir