Azərbaycan dünyanın ən güclü dövlətlərinin siyahısında 45-ci yerdə qərarlaşıb
Bu günlərdə ABŞ-da nəşr olunan “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqini açıqladı.
Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Azərbaycanın bu siyahıda 45-ci yerdə qərarlaşması qeyd olunan sahələrdə əldə etdiyi uğurlara, təkmil islahatlara, beynəlxalq aləmdə möhkəmlənən mövqeyinə əsaslanır. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
2019-cu il ilk növbədə Azərbaycanın tarixinə sosial islahatlar ili kimi yazılacaq. Ölkəmiz cari ildə sosial dövlət imicini daha da möhkəmləndirdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Təbii ki, bu uğurlara yol açan ölkəmizin iqtisadi imkanlarıdır. 2019-cu ildə də əsas çağırışlardan biri enerji sektorundan asılılığın minimuma endirilməsi oldu. Yanvar ayında dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsi və uğurlu icrası əldə olunan sosial-iqtisadi göstəricilərdən də aydın görünür. Təkcə sonuncu IV Dövlət Proqramının icrası nəticəsində cari ilin arxada qalan dövründə 92 mindən artıq yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionların payına düşür ki, bunlar da çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektləridir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar ümumi daxili məhsulda özəl bölmənin payının 85 faiz təşkil etməsini şərtləndirib.
Azərbaycan iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda uğurlarının davamlılığını təmin edir. Bu il, eyni zamanda, ölkəmizdə bələdiyyə seçkiləri ilidir. Zəngin seçki təcrübəsinə malik olan Azərbaycanın Avropa Şurası Venesiya Komissiyası, eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlığı sayəsində 2003-cü ildə qəbul etdiyi və zamanın tələbinə uyğun olaraq təkmilləşdirdiyi Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsinə geniş imkanlar yaradır. 23 dekabr bələdiyyə seçkilərinin Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazacağı şəksizdir. Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiq etdiyini cari ildə də nümayiş etdirir.
Demokratikləşmə prosesinin sürətlənməsi fonunda iqtisadi tərəqqinin güclənməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində də özünü qabarıq şəkildə bürüzə verir. 2019-cu ilin ilk aylarında dünyanın 55 ölkəsindən 550 nümayəndəni Azərbaycana toplayan VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə bir daha beynəlxalq aləmdə hansı mövqeyə malik olmağımıza işıq saldı. Dünyanın yeni xarici siyasətinin ölkəmizdə müzakirə olunması Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı olmaqla yanaşı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət meyarının nə kimi rola malik olduğunu dünyaya çatdırdı. Cari ilin xarici siyasət uğurları bir daha təsdiqlədi ki, Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövlətinə çevrilib, beynəlxalq birliyin layiqli üzvü, etibarlı tərəfdaş, Şərqlə Qərb arasında mühüm körpü, Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan, multikulturalizm və tolerantlıq ənənələrini qoruyub saxlayan ölkə kimi tanınır. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi də möhkəmlənən mövqeyinin göstəricisidir. 2019-cu ilin son aylarında Azərbaycanın BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi, dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində iştirakı, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı, həmçinin erməni vəhşiliklərinin əsaslı şəkildə dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırılması müstəqil, tarixi həqiqətlərə əsaslanan siyasətinin təqdimatıdır.
Təbii ki, bu uğurlarımız Azərbaycanın Amerikanın ən nüfuzlu siyasi nəşrlərinin biri - “U. S. News & World Report” jurnalında nəşr edilən siyahıda xüsusi yer tutmasını şərtləndirdi. Ümumilikdə 80 güclü ölkənin yer aldığı həmin siyahıda Azərbaycanın 45-ci yerdə qərarlaşması əldə etdiyi uğurlarla kifayətlənmədiyinin, daim gələcəyə böyük inamla irəlilədiyinin bir daha təqdimatı oldu.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir