17 dekabr 2019 20:35
1219

Azərbaycan dünya siyasətində nüfuzu və təşəbbüsləri ilə fərqlənən sabit ölkədir

Faşist cəlladı Njdeyə abidə ucaldan Ermənistandan fərqli olaraq ölkəmizin səyləri təhlükəsizliyin, sabitliyin və xalqlar arasında birgə anlaşmanın möhkəmlənməsinə yönəlib

Milli və ərazi münaqişələrinin, terrorların hələ də davam etdiyi müasir dövrümüzdə  dünya ictimaiyyətinin ehtiyac duyduğu aktual  məsələ beynəlxalq  təhlükəsizliyin möhkəmləndirilməsidir.

Tarixən mənsub olduğu multikulturalizm, tolerantlıq ənənələrini əsrlərlə  yaşadan Azərbaycan  həmişə  xalqların birgə yaşadığı ölkə olduğu kimi , bu gün də  bütün dinlərin və etnik qrupların nümayəndələrinin  bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşadığı dövlətdir. “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi,  ölkə vətəndaşlarının bütün səyləri təhlükəsizliyin, sabitliyin, xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. 

Xalqlararası əməkdaşlığı gücləndirən Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu kimi mühüm əhəmiyyətli tədbirlərin humanitar platformasına çevrilən Azərbaycan NATO-nun sessiyalarına, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər mötəbər  beynəlxalq  tədbirlərə ev sahibliyi edib, əməkdaşlığa xidmət edən körpülər yaradıb.

Qonşu dövlətlərlə münasibətlərini çoxformatlı əməkdaşlıq   prinsipləri əsasında  inkişaf etdirən ölkəmizin təşəbbüslərinin  dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi, ən mühüm , qlobal  enerji, nəqliyyat layihələrinin müəllifi kimi  böyük nüfuz qazanması Azərbaycanın beynəlxalq aləmdə strateji əhəmiyyətini artırır.  Sivilizasiyalararası dialoq mərkəzi,  humanitar platforma kimi tanınan, ən mühüm çağırışların səsləndiyi   Azərbaycanı əbəs yerə  siyasi sabitliyi ilə seçilən nadir ölkə adlandırmırlar.  Regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin,  iqtisadi inkişafın təmin edilməsi üçün  səylərini artıran, beynəlxalq təşkilatlarda  təmsilçiliyə böyük önəm verən Azərbaycanın diplomatik  gedişlərinin dünya birliyi tərəfindən dəstəklənməsinin nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdar olanların sayı artmaqdadır.  Respublikamızda keçirilən biri-birindən əhəmiyyətli mühüm tədbirlərin mütəşəkkilliklə başa çatması, Prezident İlham Əliyevin iştirak etdiyi  sammitlərdə diqqətlə qarşılanan məntiqli çıxışları eyni zamanda,   ölkəmizin ən başlıca problemi olan Dağlıq Qarabağ  münaqişəsinin beynəlxalq qanunlar əsasında tənzimlənməsinə  dəstəkdir. Qoşulmama Hərəkatının XVIII , Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşlərinin  Bakıda keçirilməsi, Azərbaycanın hər iki təşkilata eyni zamanda, sədrlik etməsi ölkəmizdə  mövcud olan siyasi sabitliyə, tolerantlıq mühitinə verilən dəyərdir.

“Ermənistandan fərqli olaraq  Azərbaycan dünya siyasətində   nüfuzu,  təşəbbüsləri ilə fərqlənən,   sayılıb- seçilən sabit ölkədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada 200-ə qədər ölkə olsa da, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatın Sammiti üçün Azərbaycanın seçilməsi  ölkəmizin dəstəklənən  müstəqil xarici siyasətinə olan inam və  hörmətin göstəricisidir.

Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə  müzakirə  mövzusuna çevrilən  ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford, NATO Müttəfiq Qüvvələrinin Avropa üzrə  Baş Komandanı Kortis Skaparotti, NATO-nun Avropadakı  Birləşmiş Silahlı Qüvvələrinin Baş  komandanı Tod Valtersin  Rusiya müdafiə nazirinin brinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirilən görüşləri  təsdiqlədi ki,  supergücləri maraqlandıran məsələlərin  müzakirəsi üçün Azərbaycanın seçilməsi  geopolitik güc mərkəzlərinin strateji maraqlarının  birləşdiyi  ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən  mövqeyinin təsdiqidir. Mühüm siyasi, iqtisadi məsələlərin müzakirəsi üçün məkan seçilən,  adı  dünyanın  ən güclü orduları sırasında  çəkilən Azərbaycan  müdafiə qüdrəti ilə  regionda fərqlənən dövlətdir.  Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci,  MDB Ölkələrinin Müdafiə  Nazirləri Şurasının 77-ci  iclaslarının Bakıda keçirilməsi  ölkəmizə göstərilən növbəti etimad, təhlükəsizlik  sahəsində  əməkdaşlığın  möhkəmləndirilməsinə töhfə verən Azərbaycanın prinsipial mövqeyinin dəstəklənməsidir.

Qoşulmama Hərəkatının Bakıda  keçirilən Zirvə Görüşündən sonra təhlükəsizliyə aid  başqa görüşlərin ölkəmizdə keçirilməsi, MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının  təsdiqlənməsi terrora, təhdidlərə qarşı mübarizə aparan Azərbaycanın sülhə  çağırış siyasətinin prioritetlərini əks etdirir.

“Beynəlxalq Ordu Oyunları-2019”,  MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə  başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi, İkinci Dünya müharibəsində  Qələbənin 75 illiyinin qeyd edilməsinə  hazırlıq  məsələlərinin müzakirə olunması, gələn il üçün İş Planının təsdiq edilməsi  müdafiə qüdrəti möhkəmlənən,  mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycana növbəti etimaddır.

Ermənistandan başqa MDB-yə daxil olan bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığa böyük önəm verən Azərbaycan faşizm üzərində qələbənin qazanılmasında  daha çox xidmətləri olan xalq kimi  əmin-amanlığın təminatına böyük  töhfələr verən dövlət kimi nümunə  göstərilir.

Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında  daha çox xidmətləri olan Azərbaycandan fərqli olaraq,  torpaqlarımızı işğal edən,  soydaşlarımıza qarşı  qətliamlar, Xocalı soyqırımını törədən Ermənistan  bu gün də dünyanın lənətlədiyi,  faşizmi,  terroru dövlət səviyyəsində  dəstəkləyir.  

MDB Dövlət Başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə olunan  Böyük Vətən müharibəsində  Qələbənin 75 illiyinə hazırlıqla bağlı keçirilən tədbirdə  Ermənistanda  faşistlərin   qəhrəman kimi qələmə verilməsi istiqamətindəki çirkin əməllərini ifşa edən, “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, işğalçı Ermənistanın faşizmə dəstək olan bu hərəkəti   irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına dəstəyin ifadəsidir. Millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq edən,  İkinci Dünya müharibəsi illərində  Bolqarıstan ərazisində ermənilərdən ibarət  yaratdığı  agent şəbəkəsinin vasitəsilə təxribatlar törədən, erməni legionu yaradan Njde həm də Avropanın yəhudi əhalisinə qarşı soyqırımda- Holokostda iştirak edib.  “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur””  deyən faşist cəlladı Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi  Böyük  Vətən müharibəsində  faşizmin qurbanı olan milyonların xatirəsinə hörmətsizlikdir.  Njdeyə aid abidənin hələ də  saxlanılması beynəlxalq ictimaiyyətin etirazlarına etinasızlıqdır.

Rusiyanın Armavir şəhərində Njdenin xatirə lövhəsinin sökülməsi faktı da göstərir ki, ermənilərdən başqa bütün millətlər faşizmə nifrət edir. Faşist cəlladlarına xidmət edən Njdeyə abidə ucaldılması qana həris  Ermənistan rəhbərliyinin  terrora   “yaşıl işıq” yandırmasıdır.

Xuraman İsmayılqızı, “İki sahil”