Aldadılımış “siyasi mühacirlər” saxta arayış satan radikal müxalifətin “liderciklər”ini məhşər ayaşına çəkəcəklər
Uzun illərdən bəri radikal müxalifət düşərgəsində təmsil oluan Müsavat Partiyası və AXCP-nin “mühacir biznesi” ilə məşğul olduqları barədə səsləndirilən iddialar zaman-zaman öz təsdiqi tapıb. Hətta ölkəmizin hüquq-mühafizə orqanları bu məsələlərlə bağlı araşdırma aparıb dəfələrlə pulla saxta müxalif partiya üzvü vəsiqəsi və guya ölkədə siyasi baxışlarına görə təqib olunması ilə bağlı arayışların verilməsini ifşa edib.
Məsələ burasındadır ki, külli miqdarda pul qarşılığında radikal müxalifət “başbilənlərinin” şəxsi imzaları ilə verilən arayışlarla siyasi mühacir adı ilə “qoca qitə”yə “ixrac” olunan həmin şəxslər elə qısa müddətdən sonra aldadıldıqlarını anlayaraq bu məngənədən xilas olmağa çalışsalar da heç nəyə nail ola bilmirlər, necə deyərlər, artıq iş işdən keçmiş olur.
Radikal müxalifətin “demokrat liderlər”inin “siyasi mühacir” biznesi ilə məşğul olması, bu məqsədlə kirli şəbəkə yaratmaları barədə nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda, elə həmin Avropa ölkələrində də artıq hamıya məlumatlıdır. Onların çirkli “miqrant alveri” ilə bağlı Qərb ölkələrinin hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər bunun əyani sübutudur.
Bir müddət əvvəl Almaniyanın hüquq-mühafizə orqanlarının Azərbaycanın radikal müxalifət partiyasının keçmiş üzvlərini saxlaması da deyilənləri təsdiq edir. Həmin cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilmiş, cinayətkar dəstənin saxlanılan üzvləri barəsində isə yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. O zaman bəlli olmuşdu ki, həbs edilənlər Almaniyada mühacir biznesi ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər. Saxlanılanlar arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsənin, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəylinin, Müsavat AKM-in üzvü Abdin Cavadovun, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədovun, Müsavat Partiyasının üzvü Elşən Abdullayevin olması cəmiyyətimizi, eləcə də sıravi müsavatçıları həddindən artıq hiddətləndirmişdi. Sıravi müsavatçıların sosial şəbəkələrdə baş verənlərlə bağlı yazılan statuslarında Müsavat Partiyasının başqanı Arif Hacılı, onun sağ əli olan Gülağa Aslanlı və bu işlərdə əli olanların hamısı sərt şəkildə ittiham edilir, hətta onların istefası tələb olunurdu.
Məsələn, Müsavatçı Qadınlar Birliyinin eks sədri Alya Yaqublu öz “Facebook” hesabındakı statusunda, məlum olayları “əsrin fırıldağı” adlandırırdı. “Nida”çı İsmi Şahzadə yazırdı: “Ay bala, siz qurumun adından çıxış edirsiniz, verin istefanı, çıxın gedin. Vaxtınızı boşa xərcləməyin. Hər dəfə belə məsələlərdə ağız-ağıza veririk deyə söhbətlər çox uzanır, kəsib atın. Əvəz olunmayan var?! 5-6 kəlmə termin öyrəniblər, özlərini akademik siyasətçi zənn edirlər. Çıxın gedin, heç olmasa Müsavat adı qalsın, artıq onu da ləkələməyə başlayırsınız!”.
Bugünlərdə məlum olub ki, Müsavat AKM-in bütün üzvlərinin Almaniyada istintaqa çağırılmasına başlanıb. Miqrasiya idarələri və məhkəmədə olan Müsavat və Müsavat AKM üzvlərinin işlərinə baxış da sürətləndirilib. Avropada yaşayan, AXCP və Müsavat Partiyasının “mühacir alveri” ilə bağlı çirkli oyunlarına yaxından bələd olan jurnalist Yafəz Əkrəmoğlu deyib ki, bu proses Avropanın bütün ölkələrinə yayılacaq. Jurnalistin sözlərinə görə Müsavat və AKM üzvlərinin “qara siyahı”sı tərtib olunur, aidiyyəti olan bütün idarələrə göndərilir. Hazırda Avropada yaşayan digər bir jurnalist Elbəyi Həsənli də bir müddət əvvəl Müsavat Partiyasının saxta vəsiqə satmasına etiraz edərək qeyd etmişdir ki, Arif Hacılının rəhbərliyindəki komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib.
Bu çirkli oyunlarda AXCP heç də Müsavat Partiyasından geri qalmır. Məsələn, bir müddət əvvəl AXCP sədri Əli Kərimlinin xeyir-duası ilə “siyasi mühacir” kimi Almaniyaya gedən Fərahim adlı gəncin bu ölkədə qaçqın düşərgələrində min bir əzab əziyyətə düçar olması haqqında gündəmin əsas mövzusuna çevrilmişdi. Ə.Kərimlinin ən yaxın adamları tərəfindən aldadılaraq “siyasi mühacir” adı ilə Almaniyaya “ixrac” olunan həmin gənc uzun müddət bu ölkədə qaçqın düşərgəsindəki çadırlarda ağır və məşəqqətli günlər keçirib. Fərahimin yaxınları isə bildirirdilər ki, vəziyyəti həddindən artıq pis olduğundan o, Azərbaycana qayıtmaq istəyir. Maraqlı orasıdır ki, həmin gənc o zaman AXCP rəhbərliyinə öz kəskin etirazını bildirmişdi. Fərahimin qohumları bildirmişdilər ki, Ə.Kərimli və yaxınları tərəfindən ona ayda Almaniya dövləti tərəfindən 390 avro pul, ev, iş veriləcəyi vəd edilsə də sonradan bütün bunların yalan olduğu ortaya çıxmışdı.
Görünən odur ki, Avropa ölkələrinin hüquq- mühafizə orqanları araşdırmaları dərinləşdirdikcə radikal müxalifətin “siaysi mühacir”, “miqrant alveri” ilə bağlı daha çox gizlinləri aşkara çıxacaq. Məhz o zaman aldadılan “siyasi mühacirlər” saxta arayış satan radikal müxalifətin “liderciklər”ini məhşər ayaşına çəkəcəklər.
Zahid Rza, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir