Artıq neçə ildir ki, Həştərxan vilayətinin ərazisində Azərbaycan ictimai təşkilatlarının dəstəyi ilə xeyriyyə tədbirləri keçirilir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Həştərxan vilayətindəki “Azərbaycan” Milli Mədəniyyət İctimai Təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Həştərxan regional bölməsi 1 nömrəli internat-məktəbin şagirdləri üçün “Azərbaycan günü” adlı xeyriyyə aksiyası keçirib. Tədbirdə Azərbaycanın ənənələrindən və mədəniyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib. Aksiyanın təşkilatçıları iştirakçılara rəngarəng vokal və xoreoqrafik nömrələr təqdim edib, milli rəqslərə aid ustad dərsi keçib, iştirakçıları Azərbaycan şirniyyatına qonaq ediblər.