05 sentyabr 2026 21:01
149

Fransanın Laval şəhərində Türkiyə və Azərbaycan mədəniyyəti təqdim olunub

Fransanın Laval şəhərində 160-dan çox assosiasiyanın iştirak etdiyi Assosiasiyalar Forumunda Türkiyə və Azərbaycan mədəniyyəti, milli dəyərləri və mətbəxi təqdim olunub

“İki sahil” xəbər verir ki, tədbirdə türk və Azərbaycan Assosiasiyasının (Association Turque et Azerbaïdjanais ATA) gənc könüllüləri fəal iştirak edərək, Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi haqqında məlumat veriblər. Azərbaycan stendində ölkəmizin tarixi, musiqisi və mədəniyyət abidələrinə dair Heydər Əliyev Fondunun fransız dilində dərc etdiyi kitablar və broşürlər nümayiş etdirilib.

Azərbaycan bayrağı formasında hazırlanmış tort şəhər bələdiyyəsinin sədri və sərgi iştirakçılarının iştirakı ilə kəsilib. Ziyarətçilər Azərbaycan mətbəxinin ləziz təamlarına – tort, milli şirniyyat və çaya qonaq ediliblər.

Forum iştirakçıları Azərbaycan və Türkiyə mədəniyyəti və şirniyyatlarını yüksək qiymətləndirərək, gənc könüllülərə təşəkkürlərini bildiriblər. Bəzi ziyarətçilər Azərbaycan və türk könüllüləri ilə daha əvvəl Novruz Festivalında görüşdüklərini və onların fəaliyyətini xatırladıqlarını qeyd ediblər.