04 sentyabr 2026 16:19
138

Tətil başa çatır: İŞ VƏ DƏRS REJİMİNƏ PSİXOLOJİ HAZIRLIQ NECƏ OLMALIDIR?

Təranə Paşayeva: Tətilin son günlərində rejimi birdən-birə dəyişmək əvəzinə, gündəlik ritmi tədricən əvvəlki vəziyyətə yaxınlaşdırmaq daha məqsədəuyğundur

Yay tətilinin başa çatması ilə həyatımızda təkcə fəsil deyil, gündəlik ritm də dəyişir. Sərbəst və daha rahat keçən uzun yay günlərindən sonra məktəb, iş, erkən oyanmaq, vaxt bölgüsü və artan məsuliyyətlər yenidən həyatın əsas gündəminə çevrilir. Bu keçid ilk baxışdan adi rejim dəyişikliyi kimi görünsə də, əslində həm uşaqların, həm də böyüklərin psixoloji və emosional uyğunlaşmasını tələb edən bir mərhələdir.

Xüsusilə məktəblərin açılması ilə ailələrdə gündəlik tempin sürətlənməsi, uşaqların yuxu rejiminin dəyişməsi, dərs yükü və valideyn gözləntilərinin artması müəyyən gərginliklər yarada bilər. Eyni zamanda, uzun məzuniyyətdən iş həyatına qayıdan böyüklər də yenidən əvvəlki tempə uyğunlaşmaqda çətinlik çəkə, ilk günlərdə yorğunluq, motivasiya azalması və psixoloji gərginlik hiss edə bilərlər. Məhz buna görə tətilin başa çatmasını yalnız istirahətin bitməsi kimi deyil, yeni rejimə tədricən və sağlam keçid mərhələsi kimi qiymətləndirmək vacibdir.

Bəs bu keçidi həm uşaqlar, həm də böyüklər üçün daha rahat etmək mümkündürmü? Yuxu və gündəlik rejim nə vaxtdan tənzimlənməlidir? Valideynlər uşağın məktəbə qayıdış həyəcanına necə yanaşmalıdır? Telefon və planşet istifadəsinin məhdudlaşdırılması qarşıdurmaya çevrilmədən necə həyata keçirilə bilər? Məzuniyyətdən sonra iş ritminə qayıdan insan özündən hansı gözləntiləri formalaşdırmalıdır?

Bu və digər suallara aydınlıq gətirmək üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq.

- Uzun yay tətilindən sonra gündəlik rejimə necə qayıtmaq olar?

Əsas məqsəd tətili qəfil bitirmək yox,
gündəlik həyata mərhələli keçid yaratmaqdır

 

- Tətilin son günlərində rejimi birdən-birə dəyişmək əvəzinə, gündəlik ritmi tədricən əvvəlki vəziyyətə yaxınlaşdırmaq daha məqsədəuyğundur. Yuxu və oyanma saatlarını hər gün bir qədər erkən çəkmək orqanizmin və beynin yeni rejimə uyğunlaşmasını asanlaşdırır. Eyni zamanda qarşıdakı dövr üçün bütün işləri son günlərə yığmamaq psixoloji gərginliyi azaldır. İnsan özündən ilk gündən əvvəlki maksimum performansı tələb etməməlidir. Xüsusilə uşaqlarda rejimlə yanaşı, məktəb və iş haqqında pozitiv və sakit danışmaq da emosional hazırlığa kömək edir. Əsas məqsəd tətili qəfil bitirmək yox, gündəlik həyata mərhələli keçid yaratmaqdır.

- Məzuniyyətdən sonra insan niyə daha yorğun hiss edə bilər?

- Məzuniyyətdən sonra yaranan yorğunluq bəzən fiziki yorğunluqdan çox, beynin istirahət rejimindən iş rejiminə keçidi ilə əlaqəli olur. İnsan bir müddət daha sərbəst qrafikdə yaşadıqda diqqət və məsuliyyət tələb edən gündəlik ritmə qayıtmaq müəyyən psixoloji gərginlik yarada bilər. Buna görə ilk gündən bütün işləri maksimum sürətlə görməyə çalışmaq düzgün yanaşma deyil. Mümkün olduqda ilk günlərdə prioritetləri müəyyənləşdirmək və iş yükünü mərhələli şəkildə artırmaq daha faydalıdır. İnsan özündə yaranan yorğunluğu “mən artıq dincələ bilmirəm” kimi qiymətləndirməməlidir. Bu, çox vaxt sadəcə uyğunlaşma prosesidir və bir qədər zaman tələb edir.

- Məktəbin başlaması uşağın psixoloji vəziyyətinə necə təsir edir?

- Məktəbin başlaması ilə uşağın gündəlik həyatında yuxu, dərs, məsuliyyət və gözləntilər artır və bu dəyişiklik müəyyən stress yarada bilər. Xüsusilə valideynin “bu il daha yaxşı oxumalısan” kimi yüksək gözləntiləri uşağın üzərində əlavə təzyiq yarada bilər. Uşaq məktəbə başlamazdan əvvəl ailədə davamlı tələskənlik və gərginlik müşahidə edirsə, bunu özü də emosional olaraq mənimsəyə bilər. 

Məzuniyyətdən sonra yaranan yorğunluq bəzən fiziki yorğunluqdan çox,
beynin istirahət rejimindən iş rejiminə keçidi ilə əlaqəli olur

Ona görə ilk həftələrdə nəticədən çox uyğunlaşma prosesinə diqqət etmək daha doğrudur. Valideyn uşağın hisslərini dinləməli və yorulduqda ona istirahət üçün vaxt verməlidir. Uşağa məktəbin yalnız qiymət və nəticədən ibarət olmadığı mesajını vermək onun psixoloji rahatlığı baxımından çox vacibdir.

- Uşağın yuxu və gündəlik rejimi necə tənzimlənməlidir?

- Tətil zamanı gec yatmağa alışmış uşağı bir neçə gün ərzində çox erkən yatmağa məcbur etmək əksər hallarda çətinlik yarada bilər. Daha sağlam yanaşma yuxu və oyanma saatlarını tədricən dəyişməkdir. Yatmazdan əvvəl telefon, planşet və digər stimullaşdırıcı fəaliyyətlərin azaldılması da uşağın yuxuya keçidini asanlaşdıra bilər. Səhər oyanma saatının sabitləşdirilməsi xüsusilə vacibdir, çünki bu, gündəlik bioloji ritmin formalaşmasına kömək edir. Uşağın gün ərzində fiziki aktiv olması da axşam daha rahat yatmasına şərait yaradır. Burada əsas məsələ sərt rejim yaratmaqdan çox, uşağın orqanizminə yeni ritmə uyğunlaşmaq üçün zaman verməkdir.

- Məktəbə uyğunlaşmada hansı davranışlar normal, hansılar ciddi siqnaldır?

- Məktəbin ilk günlərində həyəcan, səhər ayrılmaq istəməmək və müəyyən narahatlıq yaşamaq uşağın yeni mühitə uyğunlaşmasının təbii hissəsi ola bilər. Xüsusilə yeni məktəbə başlayan uşaqlarda bu hisslər daha güclü müşahidə oluna bilər. Lakin narahatlıq uzun müddət davam edir və uşağın gündəlik fəaliyyətinə ciddi şəkildə mane olursa, məsələyə daha diqqətlə yanaşmaq lazımdır. Davamlı məktəbə getməkdən imtina, güclü qorxu, yuxu və iştah dəyişiklikləri, tez-tez fiziki ağrılardan şikayətlənmə və ya kəskin davranış dəyişiklikləri araşdırılmalı siqnallardır. Valideyn uşağı “qorxaqsan” deyə danlamaq əvəzinə, onun narahatlığının səbəbini anlamağa çalışmalıdır. Əsas məsələ uşağın hissini kiçiltmədən, eyni zamanda həmin narahatlığın həyatını nə dərəcədə məhdudlaşdırdığını müşahidə etməkdir.

-  Ekran vaxtını sağlam şəkildə necə azaltmaq olar?

- Yay boyunca ekran vaxtı artmış uşağın telefonunu bir gündə tamamilə əlindən almaq çox vaxt qarşıdurmanı daha da gücləndirir. Daha effektiv yanaşma əvvəlcədən aydın və yaşa uyğun qaydalar müəyyənləşdirməkdir. Məsələn, ekran vaxtının hansı saatlarda olacağı və hansı fəaliyyətlərdən sonra istifadə ediləcəyi uşaqla birlikdə razılaşdırıla bilər. Ən vacib məqamlardan biri də ekranın yerini alternativ fəaliyyətlərlə doldurmaqdır: oyun, idman, dostlarla ünsiyyət və ailə ilə birlikdə keçirilən vaxt. Valideyn özü də müəyyən qaydalara əməl etməlidir, çünki uşaqlar deyiləndən daha çox gördüklərini təkrarlayırlar. Məqsəd telefonu uşağın həyatından çıxarmaq deyil, onun həyatındakı yerini sağlam şəkildə tənzimləməkdir.

- Yeni mövsümdə insan özündən həddindən artıq tələb irəli sürməmək üçün nə etməlidir?

- Yeni mövsümə başlayarkən insan bütün həyatını bir anda dəyişmək və çoxsaylı məqsədlərə çatmaq məcburiyyətində olduğunu düşünməməlidir. “Sentyabrdan hər şey mükəmməl olacaq” düşüncəsi əksinə, əlavə psixoloji təzyiq yarada bilər. Daha sağlam yanaşma prioritetləri müəyyənləşdirmək və özündən real gözləntilər formalaşdırmaqdır. İnsan iş, ailə, istirahət və şəxsi ehtiyacları arasında müəyyən sərhədlər yaratmalıdır. Yorğunluğu uğursuzluq kimi deyil, bədənin və psixikanın istirahətə ehtiyacının siqnalı kimi qəbul etmək vacibdir. Kiçik və davamlı addımlar adətən qısa müddətli böyük dəyişikliklərdən daha dayanıqlı nəticə verir.

- Sentyabrı yeni başlanğıc kimi qəbul etmək mümkündürmü?

- Əlbəttə, psixoloji baxımdan insan üçün təqvimdəki yeni mərhələlər motivasiya yaratmaq üçün yaxşı fürsət ola bilər. Burada əsas məsələ sentyabrı “tətil bitdi” kimi deyil, yeni məqsədləri və vərdişləri formalaşdırmaq üçün başlanğıc kimi görməkdir. Bunun üçün böyük qərarlardan çox, gündəlik həyata əlavə edilə biləcək kiçik dəyişikliklər seçmək daha effektivdir. Məsələn, yuxu rejimini düzəltmək, gün ərzində qısa gəzintilər etmək və şəxsi istirahətə vaxt ayırmaq psixoloji enerjiyə müsbət təsir göstərə bilər. İnsan özünə konkret və real məqsədlər qoyduqda onları davam etdirmək ehtimalı da artır. Əsas məqsəd sentyabrda həyatımızı tamamilə dəyişmək deyil, hər gün bizi bir qədər daha yaxşı vəziyyətə aparan vərdişlər yaratmaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”