22 avqust 2017 14:33
458

Yüksək bəşəri amallara misilsiz xidmət nümunəsi

Prezident İlham Əliyev mədəniyyət sahəsinin inkişafına 6,9 milyon manat ayrılması ilə bağlı Sərəncam imzalayıb

Klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən olan Georq Vilhelm Fridrix Hegel mədəniyyəti “insan tərəfindən yaradılmış ikinci təbiət” adlandırırdı. Mədəniyyət dünyanın bəzəyi, əşrəfi olan insan tərəfindən yaradılmış və toplanılmış maddi və mənəvi sərvətlər xəzinəsi, təbiət kimi həyatımızın ayrılmaz tərkib hissəsi, xalqların tarixi yaddaşıdır.

Bu gün tarixin sərt sınaqlarına sinə gərərək III minilliyin ilk qərinəsinə qədər gəlib çıxmış zəngin və bənzərsiz Azərbaycan milli mədəniyyətinin qorunması, mühafizəsi, dünya miqyasında tanıdılması, daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılması istiqamətində dövlətimizin dəstəyi ilə genişmiqyaslı işlər görülür. Milli mədəniyyətimizin təbliği, tanıdılması ilə məşğul olan təşkilatlar zəruri modern vasitələrlə təmin edilir, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün beynəlxalq konfranslar, konqreslər, simpoziumlar keçirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə “2006-2016-cı illər üçün mədəniyyət sahəsində dövlət konsepsiyası” qəbul edilib. Ölkə başçısı tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilir, mədəniyyət sahəsində işçilərin əmək haqları artırılır, mədəni-sosial, maddi-texniki bazanın tamamilə yenidən qurulması uğurla davam etdirilir. Dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə birgə beynəlxalq mədəniyyət proqramları həyata keçirilir. Həmçinin çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyəti dünyada təbliğ edilir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirilir.

Son illərdə Azərbaycan mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2009-cu il üçün Bakı şəhəri və 2018-ci il üçün Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” seçilib. Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, Gəncə şəhəri isə “Avropa gənclər paytaxtı” seçilib. 14 fevral 2011-ci ildə zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaq məqsədilə Mədəniyyət TV yayıma başlayıb.

2003-cü ildən başlayaraq digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də yeni dövrün çağırışlarına uyğun inkişaf strategiyası işlənib hazırlanıb, əsaslı islahatlar sürətləndirilib. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunan Dövlət proqramları, mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzalanan fərman və sərəncamlar respublikamızda mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanmasına göstərilən dövlət dəstəyinin, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması ilə bağlı yeni strategiyasının uğurla davam etdirilməsinin təsdiqidir.

 2004-cü ildən başlayaraq ölkənin mədəni həyatının tənzimlənməsində, mədəniyyət siyasətinin səmərəli həyata keçirilməsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği, mədəni irsimizin tanıdılması sahəsində çoxsaylı layihələr həyata keçirilir, respublikamız bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi edir. Təqdirəlayiq haldır ki, Azərbaycanın bir neçə maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Əvvəllər yalnız İçərişəhər bu siyahıya daxil olunmuşdu. Daha sonra Qobustan qoruğu, eyni zamanda, qeyri-maddi irs kimi muğam sənətimiz, aşıq sənətimiz və son olaraq xalçaçılıq sənətimiz və Novruz bayramı bu siyahıya daxil edilib. Xatırladaq ki, 2008-ci ilin avqust-sentyabr aylarında Qala Dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb, Kompleksin açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

2007-ci ildə ümumdünya irs siyahısına “Qobustan” tarixi-mədəni qoruğunun daxil edilməsi, gələcəkdə həmin siyahıya salınmaq üçün digər abidələrin - Atəşpərəstlik məbədi “Atəşgah”, Naxçıvandakı “Mömünəxatun”, “Gülüstan”, “Qarabağlar” və “İbn Hüseyn” türbələrinin sənədlərinin həmin mərkəzə təqdim edilməsi, 2011-ci ildən başlayaraq hər il Bakı Beynəlxalq Humanitar Forumunun, bu yaxınlarda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin və Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının, Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanda keçirilməsi, tanınmış incəsənət və mədəniyyət xadimlərinin abidələrinin ucaldılması dövlətimizin apardığı uğurlu mədəniyyət siyasətinin tərkib hissəsidir.

Bu günlərdə Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncam maddi və mədəni irsimizin qorunmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamda qeyd edilir ki, son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləsdirilməsi və ekspozisiyaların zənginləsdirilməsi istiqamətində bir sıra islər görülüb.

Sərəncamda bildirilir ki, mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri islərinin davam etdirilməsi, habelə bərpa-tamamlama islərinin sürətləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon manat ayrılsın. O cümlədən Bakı şəhəri Sabunçu rayonunun Mastağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon manat, Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon manat, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 milyon manat, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon manat, Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası islərinin tamamlanması üçün 1,205 milyon manat vəsait ayrılsın.

Avqustun 20-də Prezident İlham Əliyevin respublikamızın qərb bölgələrinə səfəri çərçivəsində Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olması ölkə başçısının mədəniyyət və incəsənətin inkişafına diqqət və qayğısının daha bir təzahürüdür.

Qətiyyətlə demək lazımdır ki, mədəniyyət sahəsinə dövlət dəstəyinin, diqqət və qayğının gündən-günə artırılması, bu sahədə həyata keçirilən tədbirlərin miqyasının daha da genişləndirilməsi Prezident İlham Əliyevin milli mədəniyyətimizə, tariximizə, xalqımıza, Vətənimizə, yüksək insani, bəşəri amallara misilsiz xidmətinin, dərin hörmət və ehtiramının ən parlaq nümunəsidir.

Zahid Rza, “İki sahil”