14 sentyabr 2026 23:58
74

Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub

Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 37-ci ildönümü və yeni teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, teatrdan bildirilib ki, tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, teatr kollektivi, media təmsilçiləri və teatrsevərlər iştirak ediblər. Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək teatrın 37 illik fəaliyyət yolundan, kollektivin yaradıcılıq uğurlarından və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 1989-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Kukla Teatrı ötən illər ərzində muxtar respublikanın mədəni həyatında özünəməxsus yer tutub. Teatr uşaqların estetik zövqünün formalaşmasına, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə mühüm töhfələr verib.

Qeyd edib ki, teatrın yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzulara müraciət olunub, uşaqların marağına səbəb olan çoxsaylı tamaşalar hazırlanaraq nümayiş etdirilib. O, yeni teatr mövsümündə də tamaşaçılara maraqlı və rəngarəng səhnə əsərlərinin təqdim olunmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və təhsil müəssisələri ilə iş sektorunun müdiri Şamil İbrahimov çıxış edərək Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolundan, şəhərin mədəni həyatındakı rolundan və 37 il ərzində qazandığı uğurlardan söz açıb. Teatr kollektivinə yeni mövsümdə yaradıcılıq uğurları arzulayıb.

Tədbirin bədii hissəsində rəqs nömrəsi təqdim olunub.

Sonra Naxçıvan Dövlət Kukla Teatrının repertuarında yer alan “Özgəyə quyu qazan” tamaşası nümayiş etdirilib. Tamaşada yaxşılıq və pislik, ədalət və dürüstlük kimi dəyərlər sadə və maraqlı süjet xətti ilə tamaşaçılara çatdırılıb. Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beləliklə, Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü və yeni teatr mövsümünün açılışı əlamətdar tədbirlə yadda qalıb. Yeni mövsümdə teatrın repertuarının yeni səhnə əsərləri ilə zənginləşdirilməsi nəzərdə tutulur.