Mayın 29-da Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başlayıb.
AZƏRTAC xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrası ilə bağlıdır.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.
"Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər iyunun 4-dək davam edəcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub