22 fevral 2017 14:47
719

Mehriban xanım cənab Prezidentin ona göstərdiyi bu etimadı da doğruldacaq

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradovadır

- Bahar xanım, fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Sərəncamı necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə, hər bir azərbaycanlı kimi, mən də cənab Prezidentin məlum Sərəncamını xüsusi qiymətləndirirəm. Fikrimcə, sözügedən Sərəncamı Azərbaycan vətəndaşları çoxdan gözləyirdi. Xalqın mütləq əksəriyyətinin ürəyindən gələn bir qərar idi. Mən Azərbaycan Respublikasının birinci xanımı, YAP Sədrinin müavini, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, bu gün isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olan Mehriban xanım Əliyevanı bu vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm. Ona bu çətin, eyni zamanda, şərəfli və məsuliyyətli işində uğurlar arzulayıram. İnanıram ki, Mehriban xanım cənab Prezidentin ona göstərdiyi bu etimadı doğruldacaq, Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə bundan sonra da çox böyük xidmətlər göstərəcək. Bununla da Azərbaycan qadınının adını Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazacaqdır. Bu, birmənalı olaraq Azərbaycan qadınının uğurudur. Bu, Azərbaycanı çox böyük məhəbbətlə sevən ananın uğurudur. Bu öz həyat yoldaşına, öz ölkəsinin Prezidentinə, Ali Baş Komandanına sədaqətlə yol yoldaşlığı edən Mehriban xanımın uğurudur. Bu, Mehriban xanımı özünə örnək bilən hər bir Azərbaycan qadınının uğurudur. İnanıram ki, Mehriban xanım bu günə qədər Azərbaycan dövlətinə, Azərbaycan xalqına, sivilizasiyalararası dialoqa, milli mənəvi dəyərlərin qorunmasına, mədəniyyətlərin qovuşmasına, dünyada əmin-amanlığın, sülhün, mərhəmətin, humanizmin bərqərar olmasına dair bu illər ərzində göstərdiyi fəaliyyəti bundan sonra da yeni bir keyfiyyətdə davam etdirəcək və idarəetmənin Ali İcra Hakimiyyətinin yüksək bir pilləsində səlahiyyətlərindən, imkanlarından, özünün qabiliyyət, bacarıq və peşəkarlığından istifadə edərək çox böyük uğurlar qazanacaqdır. Mən bu Sərəncamı YAP-ın nümayəndələrinə göstərilmiş etimad kimi qəbul edirəm. Deputat kimi, cəmiyyətdə özünə çox böyük nüfuz qazanmış bir şəxsiyyətin növbəti uğuru kimi qəbul edirəm. Eyni zamanda, vurğuladığım kimi, bütün parametrləri ilə xalqa xidməti qarşısına məqsəd qoyan, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyi qarşısına məqsəd qoyan fədakar bir insanın uğuru kimi qəbul edirəm. Qoy bu uğur davamlı olsun, Azərbaycana bundan sonra da xoşbəxtlik gətirsin və onun dünyada yerinin, rolunun möhkəmlənməsinə, azərbaycanlıların bir xalq kimi tarixinin və bu tarix boyu qazandığı uğurların dünya miqyasında təbliğ olunması, tanıdılması, Azərbaycan həqiqətlərinin qəbul olunması istiqamətindəki  işimizə töhfə versin. Bilirsiniz ki, Mehriban xanım Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın Sədr müavinidir. YAP belə bir üzvünün olması ilə qürur duyur. Biz siyasi partiya üzvü olmağın, siyasi partiya rəhbəri olmağın Mehriban xanımın nümunəsində, onun şəxsində bir örnəyini görürük. YAP-ın üzvü olan hər bir qadın, hər bir şəxs, hər bir gənc onun bu fəaliyyətini də özü üçün bir örnək kimi götürür. Mən bunu YAP üzvlərinin sevinci və uğuru kimi görürəm. YAP-ın və Azərbaycan vətəndaşlarının, bu siyasəti dəstəkləyən Heydər Əliyev yoluna sadiq olan insanların uğuru və sevinci kimi qəbul edirəm. Bir daha bu qərardan sevinən, bundan özü üçün məsuliyyət və fəaliyyət üçün örnək götürən insanları bu fəaliyyətində də ona dəstək olmağa, hər zaman onun yanında olmağa və onun gücünə güc qatmağa çağırıram və hesab edirəm ki, bu belə də olacaqdır.  

- Siz ölkənin ictimai-siyasi həyatında ən fəal qadınlardan birisiniz. Sərəncamdan sonra hansı hissləri keçirdiniz?

-Mən çox böyük qürur  və fəxarət hissi keçirdim. Ona görə ki, bu, zərif görkəmi ilə, parlaq zəkası ilə, özünün bu zərif görkəmdə çox böyük miqyasda  gücü təcəssüm etməsi ilə, hər bir Azərbaycan vətəndaşına bu qürur və fəxarəti yaşatmaq üçün böyük fədakarlığı və xidməti ilə birinci xanımın uğurudur. O, təkcə statusuna görə birinci xanım deyil, ümumiyyətlə, fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə və daşıdığı keyfiyyətlərə görə bu gün Azərbaycanda birinci xanımdır. Dünya birinci xanımları içərisində özünəməxsus yeri olan və çox aydın və parlaq bir şəkildə diqqəti cəlb edən bir insandır. Ən əsası o, bizimdir. O, Azərbaycanındır. Öz sevgisi, öz böyük ürəyi, öz böyük mərhəməti və humanizmi ilə hər bir insana yaxın olan bir qadındır. Bir siyasətçidir, bir ictimai-siyasi xadimdir və ən əsası əldə etdiyi nailiyyətlərin üzərinə qat-qat artığını gələrək bu bərabərliyi işi ilə sübut edən insandır. Mehriban xanım Azərbaycan qadınının nəyə qadir olduğunu, hansı keyfiyyətləri daşıdığını öz fəaliyyəti ilə ortaya qoyur. Bu, onun könüllü şəkildə üzərinə götürdüyü missiyanın öhdəsindən layiqincə gəlməyində özünü göstərir. Ölkənin elə bir sahəsi yoxdur ki, Mehriban xanım o sahə ilə yaxından tanış olmasın, o sahəyə diqqət göstərməsin. İstər ictimai-siyasi, istər humanitar, istərsə də mədəni sahədə əldə olunan nəticələr təbii ki, bunu deməyə əsas verir. Əlbəttə ki, ölkəmizdə gender bərabərliyi mövcuddur və Mehriban xanım da bu bərabərlikdən nə qədər doğru istifadə olunduğunu fəaliyyətində sübut etmişdir. Vacib deyil ki, qadınlarımız yüksək vəzifələrdə təmsil olunsunlar. Bəzən dövlət və hökumət qurumlarında az sayda təmsil olunan qadınlarımızın gördüyü işlərin nə qədər genişmiqyaslı olduğunu biz görürük. Azərbaycanda bu gün gender bərabərliyi olduqca yüksək səviyyədə qorunur və qadınlara bütün sferalarda təmsil olunmağa hər cür şərait yaradılır. İndiyə qədər bu səviyyədə vəzifə daşıyan qadınlarımız olmayıb. Mehriban xanımın simasında bu ilk, eyni zamanda, möhtəşəm bir nümunədir. İnanırıq ki, Azərbaycanın birinci xanımı bütün vəzifələrində olduğu kimi, bu vəzifəsinin də öhdəsindən ləyaqətlə gələcək, əsl gender bərabərliyinin məhz Azərbaycanda qorunduğunu dünyaya göstərmiş olacaq.

- Mehriban xanım bütün sferalarda olduğu kimi, dövlətimizin beynəlxalq əlaqələrinin inkişafında da xidməti ilə seçilir. İstərdik onun beynəlxalq əlaqələrdəki xidmətlərini nəzərdən keçirək. Beynəlxalq aləm Mehriban Əliyevanı necə görür?

-Dünyanın hansı nöqtəsindən baxsan Mehriban xanımın özünəməxsus fəaliyyətini görmüş olarsan. Məhz onun yorulmadan, usanmadan Azərbaycanla yanaşı, xarici ölkələrdəki fəaliyyəti beynəlxalq dairələr tərəfindən olduqca yüksək qiymətləndirilir. Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə  Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı Mehriban xanımın yeni vəzifəsini təqdim edən zaman vurğuladı ki, Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Ölkə başçısı qeyd etdi ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. O, bu vəzifələri daşımaqla yanaşı, dünya mədəniyyətlərini, sivilizasiyalarını, müxtəlif xalqları və dinləri bir araya gətirərək insanlıq naminə bəşəriyyətə xidmət edən möhtəşəm qadındır. Ayrı-ayrı xarici  ölkələrdə, xüsusilə Avropa ölkələrində şəxsən onun özünün təşkilatçılığı ilə buna necə nail  olmağın nümunəsini dünyaya göstərir. Bilirsiniz ki, Azərbaycan xalqının adət-ənənələrinin təbliğindən tutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdə bilavasitə Mehriban xanımın müəllifliyi ilə sərgilər həyata keçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevə dinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamının dünyaya çatdırılmasında oynadığı rolun nəticəsidir. Bir sözlə, Azərbaycan incilərini, Azərbaycan sərvətlərini dünya sərvətlərinin bir hissəsi olaraq beynəlxalq ictmaiyyətə təqdim edir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun irsinə daxil edilib. Bununla da bir daha öz mədəni irsini necə qorumağın, necə inkişaf etdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir. Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü bir şəraitdə bu qədər yüksək səviyyədə təşkilatçılığı ilə birinci xanım insanların və mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinə yaxınlaşmasını təmin etmiş olur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyeva beynəlxalq aləmdə çox tanınmış, böyük nüfuza sahib şəxsiyyətdir. Əminliklə söyləyirəm ki, o bundan sonra da beynəlxalq ictimai-siyasi proseslərdə yaxından iştirak edərək, öz sözünü deyəcək və beynəlxalq münasibətlərə öz töhfəsini verəcək.

- Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir neçə dəfə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim olunub. Amnistiya Aktı ilə minlərlə məhbus azadlığa qovuşub. Sizcə, bu addım Mehriban xanımın humanistliyinin təcəssümü deyilmi?

-Bu bir faktdır ki, Mehriban Əliyeva hansı sahə ilə məşğul olursa, o sahədə mütləq mənada uğur qazanır, digərlərinə örnək göstərilir. Deputat kimi fəaliyyəti də istisnasız belədir. Bu mənada qətiyyətlə deyə bilərəm ki, Mehriban xanım millətin vəkili olmağın çərçivəsini müəyyənləşdirib, bu sahəyə öz möhürünü vurub. Həmkarları da onun fəaliyyətini özünə nümunə götürürlər və onun yolunu özlərinə örnək bilirlər. Mən fəxr edirəm ki, uzun illərdir Mehriban xanımla birgə Milli Məclisin üzvü kimi fəaliyyət göstəririk. Onun bir sıra təşəbbüsləri var ki, onlardan biri də cinayət hadisəsi törədərək məhkum həyatı sürən insanlara yenidən normal cəmiyyətə qayıtmaq imkanı verən Amnistiya Aktı layihəsinin reallaşdırılmasıdır. Artıq dəfələrlə məhz Mehriban xanımın təşəbbüsü ilə qəbul olunan Amnistiya aktları ilə yüzminlərlə insan mülki həyata, evinə, ailəsinə qayıtmışdır. Sevindirici haldır ki, həmin insanların böyük əksəriyyəti islah olunmuşdur. Hər insan səhv edə bilir, amma onu bağışlamaq böyüklükdür. Hər kəsin həyatında belə bir hallar ola bilər. Amma cəmiyyətlər, dövlətlər, siyasi sistemlər bu insanlara şans verməyi ilə humanizm ideyalarına sadiqliyini göstərirlər və Mehriban xanım bütün hallarda insana yenidən öz səhvini düzəltmək, yenidən mülki həyata qayıtmaq, yenidən qanunlar çərçivəsində öz həyatını qurmaq və ən əsası milli mənəvi kriteriyalar çərçivəsində öz həyatını qurmaq şansı vermək üçün təşəbbüslərlə çıxış edib. Biz də onun bu təşəbbüsləri sayəsində belə bir Amnistiya Aktının həmmüəlliflərinə çevrilmişik. Birmənalı olaraq onun qaldırdığı bu təşəbbüslər Milli Məclisin dəstəyini qazanıb və insanlar bu təşəbbüslər sayəsində söylədiyimiz kimi, azaldlıqlarına qovuşublar. İnsan üçün azadlıqdan gözəl nemət ola bilməz və Mehriban xanım bütün sahələrdə humanist ideyaların carçısı kimi bu sahədə də insanlara sevinc bəxş etmənin, onları həyata qaytarmanın bir nümunəsini göstərib və bu illər ərzində onun bu fəaliyyəti sayəsində söyləməliyəm ki, Milli Məclis bütövlükdə o humanist aktlara müəlliflik etmişdir. Ona görə də mən bir həmkar kimi, ona bu sahədə gördüyü işlərə görə minnətdarlığımı və təşəkkürümü bildirirəm və inanıram ki, Milli Məclis bundan sonra da bu xeyirxah təşəbbüslərin həm müəllifi, həm də dəstəkçisi kimi çıxış edəcək.

Şəmsiyyə Əliqızı, 
İntizarə Məmmədova, “İki sahil”