22 fevral 2017 14:42
419

Prezident Münxendən dünyaya lazımi mesajları göndərdi

Müsahibimiz Milli Məclisin deputatı, professor Elman Nəsirovdur

- Elman müəllim, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen səfərinin yekunlarını necə qiymətləndirirsiniz?

- Əvvəla onu qeyd edim ki, Münxen Təhlükəsizlik Konfransı dünyada kifayət qədər populyardır. Eyni zamanda, hər kəs çox yaxşı bilir ki, bu konfransda dünyamızı, regionumuzu narahat edən qlobal problemlər müzakirəyə çıxarılır, problemlər təkcə müzakirə edilmir, onlardan çıxış yolları axtarılır. Bu nöqteyi-nəzərdən ölkəmizin başçısı cənab İlham Əliyev hər zaman Münxen Təhlükəsizlik Konfransına qatılır, orada ikitərəfli görüşlər keçirir, “dəyirmi masa”larda çıxış edir. Səfərin əhəmiyyəti isə ondadır ki, Münxen Təhlükəsizlik Konfransı unikal bir platformadır. Bir çox hallarda dövlət başçıları il ərzində gözləyib ən mühüm tezislərini məhz bu konfransda səsləndirirlər. Məsələn, 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin məhz Münxen Təhlükəsizlik Konfransındakı çıxışında NATO-nu, Birləşmiş Ştatları kəskin şəkildə tənqid etdi. Həmin vaxtdan başlayaraq Qərb ilə Rusiya arasında münasibətlərin gərginləşdiyinin, eyni zamanda, Rusiyanın atdığı addımların şahidi olduq. Bu konfransda səsləndirilən bütün fikirlər sonrakı bir il ərzində diqqətdə saxlanılır. Cənab Prezident onun fərqində idi ki, əsrimiz informasiya əsridir. Kim daha çevikdirsə, hücum taktikasını həyata keçirirsə, məsələləri qabardır, eyni zamanda beynəlxalq ictimaiyyətə çatdırırsa, o bu prosesdə öndə dayanır. Cənab Prezident əvvəla Münxen Təhlükəsizlik Konfransının verdiyi imkanlardan maksimum istifadə edərək ikitərəfli formatda dövlət başçıları, beynəlxalq koorperativ şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. İkitərəfli münasibətlərin bundan sonrakı perspektivlərini müzakirə etdi. Bildiyiniz kimi, konfransda “dəyirmi masa”lar var. Cənab Prezident “dəyirmi masa”larda Azərbaycanın yeritdiyi xarici siyasət kursu, daxili siyasətdə atdığı addımlar haqqında beynəlxalq ictimai fikirə ən mühüm mesajları ünvanladı. Eyni zamanda, Azərbaycanın bir nömrəli problemi, Ermənistanın təcavüzkarlıq siyasəti və onun nəticələri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Cənab Prezident hər zaman vurğulayır ki, bu gün bizi narahat edən ən ciddi məsələlərdən biri ayrı-ayrı ölkələrə qarşı münasibətlərdə hökm sürən ikili standartlardır. Yeri gəlmişkən, cənab Prezidentin çıxışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində yayıldı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər qiymətlidir. Necə ola bilir ki, başqa dövlətin ərazi bütövlüyünə zərər gələndə BMT Təhlükəsizlik Şurası dərhal qərar qəbul edir, təzyiq, təsir mexanizmlərini işə salır. Amma 20 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalı ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmur. Əgər cinayətkar əmindirsə ki, cinayətin müqabilində cəzalanmayacaq, o daha da şirniklənir və növbəti cinayətlərə imza atmağa hazırlaşır. Fikrimcə, bu məsələnin Münxen Təhlükəsizlik Konfransının gündəmində saxlanılması böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda, cənab Prezident Azərbaycanın enerji təhlükəsizliyi sferasında yeritdiyi siyasət, Azərbaycanın Avropanın ən nəhəng enerji layihələrindən biri hesab edilən “Cənub Qaz Dəhlizi” layihəsinin müəllifi və təşəbbüskarı olması, TANAP layihəsinin 65, TAP layihəsinin 35 faiz reallaşdırılması və s. kimi işlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Ölkə Prezidenti Bavariyanın paytaxtı Münxendən beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi ki, Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyi məsələlərini özünün ümumi təhükəsizliyinin elementi hesab edir.

- Cənab Prezident Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bildirdi ki, ərazisi beynəlxalq hüquq normaları ilə qorunan dövlətin sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Bu əsaslandırılmış fikirlərə beynəlxalq aləmdə münasibət necə oldu?

- Bilirsiniz, təəssüf hissi ilə deməliyəm ki, bu gün beynəlxalq hüququn keşiyində dayanan dövlətlər beynəlxalq hüququ ən çox pozan tərəflərdir. Məsələn, gördük ki, Liviyaya münasibətdə BMT Təhlükəsizlik Şurasının qətnaməsi oldu. Dərhal, iki-üç saat keçməmiş NATO qüvvələri Liviyanı bombalamağa başladı. İraqda Səddam Hüseyn rejiminə qarşı isə ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadı və İraq bombalandı. Amma onlar üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yoxdur. Amma bir şeyi də qeyd edirlər ki, münaqişəni dinc yolla, güc tətbiq etməməklə, hədələməməklə həll etmək lazımdır. Gəlin baxaq. Azərbaycan bunları edir. İndiyə qədər də hər şeyə dözmüşük. Əgər Ermənistan tərəfi münaqişənin dinc yolla həllindən yayınırsa, hətta danışıqlara getmək istəmirsə, hər dəfə təxribat törətməklə bu danışıqları pozursa, onda necə olsun?! Məsələn, fevralın 20-də qondarma Dağlıq Qarabağda keçirilən “referendum” birbaşa bunun təsdiqidir. Ermənistanla bu məsələni necə sülh yolu ilə həll edək ki, təcavüz və işğal şəraitində, yaratdığı qondarma rejimdə “referendum” keçirir. Hətta Dağlıq Qarabağın adını dəyişmək istəyir. Belə olan vəziyyətdə təbii ki, danışıqlar dalana dirənəcək. Məgər ATƏT-in Minsk qrupu bunu dərk etmir? Əlbəttə, edir. Amma Ermənistana qarşı heç bir təsir mexanizmini işə salmır. Ermənistan rəhbərliyi də fikirləşir ki, o, hər şeyi edə bilər. Beynəlxalq hüququ da, onun prinsiplərini də poza bilər. Məsuliyyət konkret olaraq ATƏT-in Minsk qrupunun üzərinə düşür ki, onlar da hələ gözləmə mövqeyindədirlər.

- Qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən saxta “referendum”la bağlı nə deyə bilərsiniz?

-Bəli, Ermənistan dövləti bayaq söylədiyim kimi, işğal nəticəsində yaratdığı süni separatçı rejimdə “referendum” keçirdi. Çalışır ki, bu qondarma rejimin legitimliyinə nail olsun. Əvvəla, bu hadisə ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi var. Cənab Prezident Münxen Təhlükəsizlik Konfransında “dəyirmi masa”da çıxışı zamanı bu məsələyə toxundu. Artıq Rusiya bu “referendum”la bağlı mövqeyini bildirib və “referendumun” nəticəsini tanımayıb. Eyni zamanda, Fransa və Birləşmiş Ştatlar da bu “referendumun” nəticələrini tanımır. Avropa İttifaqının, İranın sözügedən “referenduma” məlum yanaşması var. Beynəlxalq birlik heç bir halda separatçı rejimdə keçirilən qondarma “referendumu” tanımır. Bu “referendum” heç bir halda münaqişənin həlli prosesində Ermənistanın nəyisə qazanmasını təmin etməyəcək. Bu, artıq hər kəsə bəllidir. Sadəcə, bu “referendum”un keçirilməsi bir daha Ermənistanın iç üzünü açır, onu ifşa edir. Kimlərsə gözləyir ki, Ermənistanın bu məsələ ilə bağlı konstruktiv mövqeyi olacaq, status-kvonun dəyişdirilməsi ilə bağlı konkret addımlar atılacaq. Bu “referendumun” keçirilməsi bir daha göstərdi ki, Ermənistanın belə bir niyyəti yoxdur. Ermənistan maksimum çalışır ki, hər dəfə növbəti təxribatlar törətməklə status-kvonu qoruyub saxlasın. Fikir verin, işğalçı ölkə belə məqamlarda atəşkəs rejimini daha çox pozmağa başlayır. Çünki qorxurlar ki, birdən xarici işlər nazirlərinin, prezidentlərin görüşü olar. İstəyirlər ki, görüşlərdə müzakirə olunan məsələ atəşkəsin pozulması olsun, əsas fundamental məsələlər kənarda qalsın. Yəni torpaqların azad olunması, məcburi köçkünlərin yurd-yuvalarına qayıtması, kommunikasiyaların bərpası, sülhməramlı qüvvələrin yerləşdirilməsi və s. kimi məsələlər deyil, məhz atəşkəsin pozulması məsələsi prioritet olsun. Belə yanaşmalar da təbii ki, münaqişənin həllini xeyli gecikdirir.

- ATƏT-in referendumla bağlı bəyanatını necə şərh edərdiniz?

-Bəli, ATƏT verdiyi bəyanatda qondarma şəraitdə keçirilən “referendum”un nəticələrini tanımayacağını bir daha bəyan etdi. ATƏT və onun Minsk qrupu onun fərqindədir ki, belə məsələlərdə referendum məsələsi onsuz da kövrək olan danışıqlar prosesinin tamamilə kəsilməsinə gətirib çıxarır. Danışıqların olmayacağı təqdirdə nə daha real olur? Əlbəttə ki, müharibə. Bir yandan ATƏT-in Minsk qrupu deyir ki, güc tətbiq etməyin, digər tərəfdən isə Ermənistan müharibənin başlanılmasını şərtləndirən addımlar atır. Bu zaman paradoksal vəziyyət yaranır. Bizim ən çox əziyyət çəkdiyimiz məqam məhz ikili standartlardır. Hesab edirəm ki, güc tədbirləri istənilən səviyyədə işlənsəydi, bütün bunlar baş verməzdi.

- Sizcə, bundan sonra hadisələr hansı istiqamətdə cərəyan edəcək?

- Bu haqda daha çox Ermənistan və beynəlxalq ictimaiyyət düşünməlidir. Bilirsiniz, biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Bu günlərdə cənab Prezident həm də Əl-Cəzirə televiziyasına müsahibəsində bildirdi ki, bəli, biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Ermənistanın apardığı siyasət, ilk növbədə status-kvonun qorunub saxlanılmasına yönəlib. Hər kəsə yaxşı bəllidir ki, bu münaqişə dondurulmuş münaqişə deyil. Amma bəli, bu gün dondurulmuş diplomatiya var. Hətta bu gün Münxendə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etmək ATƏT-in Minsk qrupu üçün mümkün olmur. Xarici işlər nazirləri səviyyəsində görüş alınmırsa, bu, çox ciddi siqnaldır ki, vəziyyət yaxşı deyil. Aprel döyüşlərindən sonra bu qədərmi çətindir proqnoz vermək ki, hadisələr necə inkişaf edə bilər?! Mart ayında həmsədrlərin regiona səfəri olacaq. Səfər çərçivəsində iki dövlətin rəhbərləri ilə görüşlər keçiriləcək. Bu görüşlərin nəticəsində onlar Ermənistan tərəfini danışıqlara cəlb edə bilməsələr, bu onun etirafı olacaq ki, ATƏT-in Minsk qrupu doğrudan da öz missiyasının öhdəsindən gələ bilmir. Belə olan təqdirdə hər kəsə bəllidir ki, danışıqlar tükənərkən, diplomatlar geri çəkilərkən təbii ki, onların yerini generallar tuturlar. Generallar və diplomatlar yerdəyişmə edəndə isə hadisələr aprel döyüşləri zamanında olduğu bir məcrada inkişaf edə bilər. Amma artıq “Aprel döyüşləri” yox, “müharibə” sözünü işlədə bilərik. Sözün həqiqi mənasında Cənubi Qafqaz regionunda müharibə alovlana bilər.

- Bunu ATƏT-in Minsk qrupu istəyirmi?

-Əlbəttə, istəmir. Beynəlxalq təşkilatlar, böyük dövlətlər bunu istəmirlər. Onlar istəməyərəkdən atdığı addımlarla bir çox hallarda müharibə şəraitini yetişdirirlər. Bir çox hallarda qətiyyət və siyasi iradə ortaya qoymurlar. Azərbaycan Prezidenti çıxışlarının birində açıq şəkildə qeyd etdi ki, bu cırtdan Ermənistan dövləti belə beynəlxalq hüquqa məhəl qoymayan, onu qulaq ardına vuran siyasət yeridə bilməzdi. Biri ona silah verir, biri pul, biri onun təbliğatı, digəri isə onun lobbiçiliyi ilə məşğuldur. Bütün bu reallıqlar fonunda Ermənistan cəzasız qalır. Belə olan təqdirdə o şirniklənir, ipə-sapa yatmır, təxribatlar törədir. Düzdür, layiqli cavabını alır, amma bu nə vaxta qədər davam edəcək. Amma hesab edirəm ki, aprel döyüşləri əslində lakmus kağızı oldu. Məlum oldu ki, ilk növbədə işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar. Sonra isə növbəti addımlar gəlməlidir. Yəqin ki, Ermənistan tərəfi onun da fərqindədir ki, qarşısında aprel döyüşlərindən sonra daha da güclənmiş bir Azərbaycan Ordusu dayanır.

Şəmsiyyə Əliqızı, 
Şəfiqə Dadaşova, “İki sahil”