Avropa enerji təhlükəsizliyinin təmin olunmasını istəyirsə, Azərbaycanla münasibətlərdə səmimi olmalıdır
“Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində infrastrukturun yenidən qurulması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam və bu mühüm dövlət sənədinə uyğun olaraq həmin ərazidə görülən işlər göstərir ki, artıq qaçqın və məcburi köçkünlərin işğal altında olan torpaqlarımıza qayıdacağı gün çox da uzaqda deyil. Çünki “Cocuq Mərcanlıya qayıdış, əslində Qarabağa “Böyük qayıdış”ın başlanğıcıdır” deyən Milli Məclisin deputatı Mahir Abbaszadənin bu və gündəmin digər mövzuları ilə bağlı qəzetimizə müsahibəsini təqdim edirik.
- Mahir müəllim, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı cənab İlham Əliyev bir neçə mühüm məsələyə toxundu. Həmin məsələlərdən birincisi, ötən ilin böhran şəraitində keçməsinə baxmayaraq, ölkəmizdə bütün sahələrdə gedən inkişaf idi. İstərdik ilk olaraq bu inkişafı şərtləndirən amillərdən danışaq...
- Bəli, cənab Prezidentin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışını diqqətlə dinlədik. Məlum olduğu kimi, 2016-cı il qlobal böhran şəraitində keçən, təlatümlü bir il oldu. Dünya bazarında neftin qiymətinin üç dəfədən artıq aşağı düşməsi xüsusilə neft ixrac edən dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərdi. Dünyanın tərkib hissəsi olduğumuz üçün bu böhran bizdən də yan keçmədi. Amma əminliklə deyə bilərik ki, Azərbaycan bu böhrandan maksimum az ziyanla çıxdı. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar, o cümlədən regionların inkişafına hesablanan Dövlət proqramları nəinki böhranın qarşısını aldı, əksinə, mühüm sahələrdə irəliləyişlərə gətirib çıxardı. Ötən il aqrar sahədə 2,6 faiz, qeyri-sənaye sektorunda isə 5 faiz artım qeydə alınmışdır. Bütün bu müsbət tendesiyalar cənab Prezidentin rəhbərliyi ilə aparılan iqtisadi islahatların, 2016-cı ildə imzalanmış Fərman və sərəncamların, eyni zamanda bundan əvvəlki illərdə də aparılmış düzgün siyasətin məntiqi nəticəsidir.
- Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Ölkəmizdə gedən inkişafın nüfuzlu beynəlxalq maliyyə iqtisadi qurumlarının hesabatlarında əksini tapmasını necə qiymətləndirirsiniz?
- Davos Dünya İqtisadi Forumunun Azərbaycanı 2 pillə irəlilədərək, beynəlxalq reytinq siyahısında 37-ci yerə layiq görərək rəqabətqabiliyyətli ölkə kimi qiymətləndirməsi həqiqətən qürurverici hadisədir. Bu qiymətləndirmə Azərbaycanın artan nüfuzunu göstərməklə yanaşı, ölkədə aparılmış düzgün islahatlara verilən dəyərdir. 2016-cı il həqiqətən də Azərbaycan iqtisadiyyatı üçün mühüm bir il oldu. Həm cənab Prezidentin imzaladığı Fərman və sərəncamlar, həm Milli Məclisə təqdim olunmuş qanun layihələri, həm də bu qanunların qəbulu göstərir ki, Azərbyacan iqtisadiyyatı qarşıdakı illərdə daha yüksək sürətlə inkişaf edəcək. Son 13 il ərzində Azərbaycanda demək olar ki, bütün infrastruktur layihələri yerinə yetirilmiş, ölkənin bütün kənd və şəhərləri abadlaşdırılmışdır. İstərdim dediklərimi konkret rəqəmlərlə göstərim. Son 10 ildə Azərbyacanda 11 min kilometrdən artıq avtomobil yolu təmir olunub istifadəyə verilmişdir. Bunlara əsasən, şəhərdaxili, kənddaxili və eyni zamanda magistral yollar daxildir. Eyni zamanda kənd təsərrüfatı sahəsində kifayət qədər işlər görülmüşdür. Yüz minlərlə hektar torpaq meliorativ tədbirlər nəticəsində təmizlənmiş və yararlı hala gətirilmişdir. Eyni zamanda sosial sahə ilə bağlı görülən işlər deməyə əsas verir ki, Azərbaycanda demək olar ki, sosial sahə öz inkişafına görə öndədir. Təkcə onu demək kifayətdir ki, son illərdə 3 mindən artıq orta məktəb təmir edilmiş, yenidən tikilmiş, 600-dən artıq tibb ocaqları istifadəyə verilmiş, 10-dan artıq teatr binası təmir olunaraq, yenidən istifadəyə verilmişdir.
- Əvvəl aprel döyüşləri, ardından işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində infrastrukturun yaradılması ilə bağlı dövlət başçısının Sərəncamı, daha sonra şəhidimiz Çingiz Qurbanovun nəşinin qaytarılması, ona Milli Qəhrəman adının verilməsi və nəhayət Lapşinin ekstradisyası. Deyə bilərikmi Azərbaycan artıq hücum diplomatiyasına keçib?
-Tamamilə doğrudur. Məhz 2016-cı ildə baş verən aprel döyüşləri sübut etdi ki, biz işğal altında olan Azərbaycan torpaqlarının bir qarışını da yağı düşmənə verməyəcəyik. Dünyanın güc mərkəzləri, bu məsələnin həllinə qərəzli yanaşan beynəlxalq təşkilatlar da bildilər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir. Xatırlayırsınızsa, həmin vaxtda Ermənistan ordusunun güclü olması ilə bağlı böyük bir mif formalaşmışdı. Biz bu mifi darmadağın etdik və sübut etdik ki, Azərbaycan Ordusu istənilən vaxt Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edə bilər. Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlıda həyatın yenidən qurulması ilə bağlı dövlət başçısının göstərişi buna ən yaxşı nümunədir. Sizin də qeyd etdiyiniz kimi, Lapşinin ölkəyə gətirilməsi, şəhidimiz Çingiz Qurbanovun nəşinin qaytarılması, cənab Prezident tərəfindən ona Azərbaycanın ən ali adı olan Milli Qəhrəman adının verilməsi sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkə Prezidentinin qəti, prinsipial mövqeyi var. Hesab edirəm ki, Cocuq Mərcanlıya qayıdış Qarabağa “Böyük qayıdış”ımızın başlanğıcıdır.
- Cənab Prezidentin Brüssel səfərinin ölkəmiz üçün əhəmiyyətini necə şərh edərdiniz? Bu mənada Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri bizə nə vəd edir?
- Cənab Prezident hər zaman çıxışlarında qeyd edir ki, biz dünyanın bütün dövlətləri, beynəlxalq təşkilatları ilə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıyıq. Bu mənada Avropa İttifaqı ilə münasibətlərimiz yüksək səviyyədədir. İttifaqa daxil olan dövlətlərin üçdə biri ilə Azərbaycanın sıx əlaqələri mövcuddur. Cənab Prezidentin Brüsselə səfəri bir tərəfdən bizim həqiqətən bu təşkilatlarla əlaqələrin qurulmasında maraqlı olduğumuzu göstərir, digər tərəfdən isə Azərbaycanın artan beynəlxalq nüfuzu kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin bu cür səfərləri bizim xarici siyasətimizin uğurundan xəbər verir. Hesab edirəm ki, əgər Avropa enerji təhlükəsizliyinin təmin olunmasını istəyirsə, Azərbaycanla münasibətlərdə səmimi olmalıdır. Çünki qarşıda çox böyük enerji layihələri var. Bütün bu məqamları nəzərə almaqla cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm.
Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto) “İki sahil”