Aleksandr Lapşin Azərbaycana ekstradisiya olundu. Hər kəsdə maraq doğuran sual Lapşinin əslində kim olmasıdır. Rusiya, Ukrayna və İsrail dövlətlərinin vətəndaşlığını alan bu şəxs işğal olunmuş Azərbaycan torpaqlarına qeyri-qanuni şəkildə səfər edib. Dəfələrlə şəxsi bloqunda Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanatlar səsləndirib, çağırışlar edib. Məhz bu sadalananlara görə Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşinə cinayət işi açdı, həmin şəxs beynəlxalq axtarışa verildi. Belarusda saxlanılan Lapşin, nəhayət, Azərbaycana verildi. Bu hadisənin kökündə bir sıra məqamlar dayanır. Həmin məqamlar sırasında Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, dövlət başçısının Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi, eyni zamanda, Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişafının təmin edilməsi kimi məsələlər mühüm əhəmiyyət daşıyır. Bu və digər məqamlarla bağlı suallarımızı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Aydın Mirzəzadə cavablandırır.
- Aydın müəllim, ilk olaraq Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına münasibətinizi öyrənmək istərdik.
-Bu hadisə, ilk növbədə, Azərbaycanın beynəlxalq nüfuzundan və öz ərazi bütövlüyü uğrunda mübarizəsində prinsipial və qətiyyətli mövqeyindən xəbər verir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar və onların sənədlərində tanınıb. Məlumdur ki, torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal olunub. İşğalçı dövlət nə həmin torpaqları özünə birləşdirə, nə də işğal etdiyi torpaqlara beynəlxalq hüquq normaları çərçivəsində status verə bilir. Bununla belə, vaxtaşırı Ermənistanın yalanına uyaraq ayrı-ayrı ölkələrin azsaylı vətəndaşları Azərbaycanın işğal edilmiş zonasına daxil olub, oradakı rejimi müdafiə etməyə çalışırlar. Əgər həmin vətəndaşlar Azərbaycana viza alsa və ölkənin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsəydilər, onların həmin ərazilərə daxil olmasına problem yaranmazdı. Əks halda həmin vətəndaşlar artıq Azərbaycanın qara siyahısına salınır və onların ölkəyə daxil olmasına qadağa qoyulur. Aleksandr Lapşin Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısının olduğunu və ölkənin ərazi bütövlüyünün pozulduğunu bilərək, dəfələrlə işğal olunmuş rayonlarımıza gedir, orada Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edir və işğalçı ölkənin yaratdığı rejimi tərifləyir. Bundan başqa, Lapşin sonradan Ukrayna pasportu alaraq orada Aleksandr adını Oleksandr yazdıraraq, Azərbaycan ərazisinə daxil olmuş və orada ölkəmizin ərazi bütövlüyünə qarşı çağırışlar etmişdi. Cenevrə Bəyannaməsinin ölkə ərazisinə qeyri-qanuni yolla daxil olunma və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmə maddələri ilə cinayət işi açıldı. Bu mənada Belarus Azərbaycanın çağırışına müsbət cavab verdi və Lapşini ölkəmizə bütün beynəlxalq hüquq normalarına uyğun şəkildə təhvil verdi. Ekstradisiya haqqında 1957-ci ildə qəbul edilmiş beynəlxalq Konvensiya, eləcə də MDB ölkələri çərçivəsində cinayət törətmiş şəxsin digər MDB üzvləri olan ölkələrə verilməsinin vacibliyi barəsində konvensiyalar var. Belarus tərəfi bu konvensiyaları əsas götürərək Lapşini Azərbaycana təhvil verdi. Aleksandr Lapşin cinayətkardır. O, Azərbaycanın ərazi bütövlüyünü pozub. Lapşinin Azərbaycana verilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzundan xəbər verir. İlk dəfədir ki, işğal edilmiş zonaya Azərbaycandan izin almadan gedən xarici ölkə vətəndaşı məhkəmə qarşısında cavab verəcək. Bu, eyni zamanda, həmin ərazimizə daxil olan və ya gələcəkdə getmək istəyən şəxslərə ciddi xəbərdarlıqdır. Dünən Ermənistan parlamentinin deputatlarından biri bildirdi ki, gələcəkdə artıq xarici ölkə vətəndaşları yeni Lapşinlərə çevrilməkdən ehtiyat edərək Qarabağa səfər etməyəcəklər. Hər halda düşmən tərəf bunu etiraf edirsə, bu onu göstərir ki, Azərbaycanın mövqeyi, ərazi bütövlüyü məsələsində yürütdüyü siyasət kifayət qədər ciddi şəkildə qəbul olunur.
- Qeyd etdiniz ki, Belarusun Lapşini Azərbaycana verməsi beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildi. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dəfələrlə qeyd etmişik ki, beynəlxalq birlik bu məsələyə qərəzli münasibət göstərir. Bəlkə də Belarus Lapşini verməyə də bilərdi. Bu yerdə ortaya çıxan əsas məsələlərdən biri Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişafıdır...
-Azərbaycan Ermənistandan başqa dünyanın bütün ölkələri ilə çox yaxşı münasibətdədir. Hər hansı bir ölkə ilə konfliktdən söhbət gedə bilməz. İkitərəfli münasibətlər həmişə yüksək səviyyədə həll edilib. Hətta Lapşin başqa dövlətdə saxlanılsa belə biz onu alacaqdıq. Əlbəttə ki, Azərbaycan-Belarus münasibətləri kifayət qədər yüksək səviyyədədir. Azərbaycan həmişə digər dövlətlərlə münasibətdə ümumi maraqların qorunmasına, hər iki tərəfə sərf edən layihələrin işlənilməsinə böyük diqqət yetirir. Bu da öz nəticəsini verməkdədir. Məsələn, bu gün Ermənistanda antibelarus isterikası güclənməkdədir. Ermənistanda, ümumiyyətlə, çox qəribə bir psixologiya var. Hər hansı bir dövlət onların siyasətinə uyğun hərəkət etmədikdə, onu düşmən elan edirlər. Məsələn, Ramil Səfərov vaxtilə Macarıstandan Azərbaycana təhvil veriləndə onlar Yerevandakı Macarıstan səfirliyini daşa tutdular. Macarıstanı düşmən elan etdilər. Hazırda Belarusu düşmən elan ediblər. Belə bir təəssürat yaranır ki, Ermənistanın fikrincə, bütün dünya ancaq bunun siyasəti və ideologiyası ilə hərəkət etməlidir. Əgər belə deyilsə, onda bütün dünya artıq Ermənistanın düşmənidir. İş burasındadır ki, əslində Ermənistan dünyanın düşmənidir. Ermənistan beynəlxalq hüquq normalarını tanımır, demokratiya və insan hüquqları prinsipinə zidd fəaliyyət göstərir. Öz ata-baba torpaqlarında ziyarət edərkən ermənilər tərəfindən həbs olunan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün Ermənistan tərəfindən girov saxlanılır. Və yaxud dekabrın 29-da Ermənistan -Azərbaycan sərhəd xəttində erməni hərbçiləri tərəfindən öldürülmüş şəhidimiz Çingiz Qurbanovun nəşi bütün beynəlxalq konvensiyalara zidd olaraq 39 gün Ermənistan ərazisində saxlanılıb. Belə bir vəziyyətdə əgər nəyisə dəyişmək lazımdırsa, ilk növbədə, ermənilərin düşüncəsində dəyişiklik etmək lazımdır. Nə qədər gec dəyişəcəksə, bu, Ermənistanın özünün inkişafına çox ciddi və mənfi təsir edəcək.
- Lapşinin hüquq mühafizə orqanları tərəfindən ölkəyə gətirilməsi və bu an çəkilən video bəzi antiazərbaycan qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Guya ölkəmizdə insan hüquq və azadlıqları kobud şəkildə pozulub...
- Mən təəccüb edirəm bu cür münasibətə. Lapşin cinayətkardır və cinayətkarın qolunda qandal olmalıdır. Bu, eyni zamanda, Ermənistan hərbçilərinə çox ciddi xəbərdarlıqdır ki, nə vaxtsa Azərbaycana qarşı törətdiyiniz cinayətlərə görə sizin də əliniz qandallanacaq və məhkəmə qarşısında cavab verəcəksiniz. Lapşinin Azərbaycana ekstradisiyasında heç bir beynəlxalq hüquq normaları pozulmayıb. Həmçinin ona vəkil xidmətindən istifadə etməyinə, özünü müdafiə etməyə imkan veriləcəkdir. İsrailin və Rusiyanın səfirlikləri Lapşinlə görüşmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ediblər. Onun anası Bakıya gələrək övladı ilə görüşmək istəyir. Heç bir narahatlıq yoxdur. Amma mənim üçün çox maraqlıdır: nəyə görə Rusiya səfirliyi özünün də vətəndaşı olan və Ermənistanda girov saxlanılan Dilqəm və Şahbazla görüşmək üçün Azərbaycan XİN-ə müraciət etmədi? Bu ikili münasibət haradan ortaya çıxır? Nəyə görə Dilqəmin və Şahbazın hüquqları müdafiə edilmir, amma Azərbaycan ərazisinə qanunsuz daxil olan cinayətkara diqqət göstərilir. Deməzdim ki, beynəlxalq aləmdə hamı Lapşini müdafiə edir. Bəli, müəyyən qüvvələr var. Amma diqqətlə baxanda mütləq həmin qüvvələrin arxasında ya antiazərbaycan mərkəzlərinin, ya da erməni diaspor təşkilatlarının durduğunu görürük.
- Lapşinin üç vətəndaşlığı var: Ukrayna, Rusiya və İsrail. Burada Ermənistanın adı çəkilmir. Hesab edə bilərikmi Lapşin əslində Ermənistanın təxribatının qurbanı oldu və o, əslində bir fiqur idi?
- Mənə elə gəlir ki, hər halda Lapşin Ermənistanın antiazərbaycan siyasətinin tərkib hissəsi idi. O hesab edirdi ki, Ermənistan havadarları, xarici diaspor təşkilatları vasitəsilə onu müdafiə edə biləcək. Qeyd edim ki, o, artıq yanıldığının fərqindədir. Lapşinin bir neçə müddət əvvəl azadlıqda olarkən belə bir açıqlaması olmuşdu: “Belə bir atalar sözü var: “İt hürər, karvan keçər”. Mən son vaxtlar düşünürəm ki, həmin it mənəm. Karvan isə heç nəyə baxmayaraq, təmkinini pozmadan qabağa gedən Azərbaycan xalqıdır”. Lapşin bunu gördü. Amma vaxtında Azərbaycandan üzr istəmək, ölkəyə qarşı ehtiramını bildirməkdən və onu bağışlamağını istəməkdənsə, fəaliyyətini daha da aqressiv şəkildə davam etdirdi. Lapşin məsələsi əslində, Ermənistanın çirkin siyasətində bu rolu oynamaq istəyənlərə xəbərdarlıq idi. Çirkin oyunun nəticəsi Azərbaycana gətirilmək və qanun qarşısında cavab verməkdir. Lapşinin Azərbaycana verilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü, ölkəmizin maraqlarına xidmət edən, ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizənin nəticəsidir. İşıq üzü görülməyən Ramil Səfərov məsələsinin həlli və onun Azərbaycana təhvil verilməsi, Ermənistan tərəfdən nəşi uzun müddət qaytarılmayan Mübariz İbrahimovun, Çingiz Qurbanovun meyitlərinin geri alınması, eləcə də Lapşinin Azərbaycana təhvil verilməsi bir daha bunu sübut edir. Ermənistan artıq yaxşı bilir ki, Azərbaycanla oyun oynamaq olmaz. Azərbaycan öz hüquqlarını həm ölkə daxilində, həm də beynəlxalq hüquq çərçivəsində kifayət qədər ciddi şəkildə qoruyur.
- İctimaiyyət bu mövzularda ayıq-sayıqlılığı necə qorumalıdır?
- Hesab edirəm ki, ictimaiyyət bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəkləyir. Hər bir azərbaycanlı Prezidentin siyasətinin əsasında vətəndaş amilinin dayandığını görür. Ümumilikdə, hər bir vətəndaşımızın Vətənimizlə bağlı fəaliyyətindən razıyam. Bu gün insanlarımızda vətənpərvərlik hissləri yüksək səviyyədədir. Hər bir vətəndaşımız dövlətimizin daha qüdrətli olması üçün səy göstərir. Bu gün Azərbaycan vətəndaşı çox həssas bir dönəmdə yaşadığının, torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığının fərqindədir. Hər bir vətəndaşımızın vətənpərvərliyi, öz vətəndaşlıq borcunu lazımi qaydada yerinə yetirməsi bizi daha da qüdrətli edəcək.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, “İki sahil”