09 fevral 2017 23:22
634

Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün əhəmiyyətlidir

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, ölkə Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinə bir daha işıq saldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  münasibətlərdə yeni bir səhifə açılır...

-Bizim dünyəvi dövlət olaraq əsas istiqamətimiz Avropayadır. Avropa ilə bizi bir-birinə bağlayan bir çox tellər var. Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi ölkəmizə olan maraq ildən-ilə artır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər artıq yeni mərhələyə keçib. Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacağı ilə bağlı konkret mövqe ortaya qoyan Azərbaycan bunun əvəzinə yeni strateji sənəd təqdim edib. Artıq ötən il sənədin bütün konturları Avropa İttifaqına təqdim olunub. Avropa İttifaqı bu sənədi müzakirə etdikdən sonra Azərbaycanla yeni mərhələdə danışıqlara başlamaq qərarına gəlib. Məhz bu məqsədlə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığında səfərdə olub. Səfərin əsas məqsədi Avropa İttifaqı ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək olub.  Burada əsas məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Prezidentin bu günlərdə Avropa İttifaqının rəsmiləri ilə keçirdiyi  görüşlərin baş tutmaması üçün bir çox qərəzli qüvvələr hər vasitəyə əl atmaqdan çəkinmədilər. Onlar Azərbyacanı insan hüquqlarının tapdalandığı bir dövlət kimi tanıtmaq istəyirdilər. Azərbaycanın əleyhinə çirkin kampaniya aparan antiislam, antitürk mövqeli qüvvələr ölkəmizlə sıx əməkdaşlıq edən nüfuzlu təşkilatlarla münasibətlərimizi zədələməyə yönələn hər addımdan bəhrələnməyə çalışdılar. Erməni lobbisinin təsiri altında olan bir sıra qeyri-hökumət təşkilatları da bu işdə onlara yardımçı olurdular.

Bu gün Azərbaycan Avropa üçün önəmli tərəfdaşdır. Bunun da səbəbi Azərbyacanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasıdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi çox vacib məsələdir. Prioritet istiqamət olaraq bu gün Dağlıq Qarabağ məsələsinin həlli ölkə üçün əsas götürülübsə bunun həlli üçün istər BMT, ATƏT kimi təşkilatlar, istərsə də Avropanın müəyyən qurumları öz müvafiq addımlarını atmalıdır. Prezident İlham Əliyev Belçika Krallığına səfəri zamanı çox mühüm görüşlər keçirib. Brüsseldə Prezident İlham Əliyevin və Belçika Kralı Filipin təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Dövlət başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib. Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

- Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi” layihəsinin perspektivi barədə fikirlərinizi bilmək istərdik...

-Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Cənub Qaz Dəhlizi layihəsi” mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, bu layihədə Avropaya 16 milyard kubmetr qaz çıxarılması planlaşdırılıb. Bildiyiniz kimi, Avropa bu gün Rusiyadan qaz alır. Həmin qazın gedib çatması iki marşrutla həyata keçirilir. O marşrutun biri Ukraynanın ərazisindən keçir. Müəyyən siyasi problemlər ortaya çıxdıqda  Avropanın enerji təhlükəsizliyi təhdidə məruz qalır. 2018-ci ildən artıq Avropa ərazisinə Azərbaycan qazı daxil ola bilər. Eyni zamanda gələcəkdə Türkmənistan qazı da bu kəmərə qoşulmaqla demək olar ki, Avropanın enerji təhlükəsizliyi təhdidlərinin tam qarşısını almaqda mühüm rol oynayacaq. Türkmən qazının Xəzərin dibindən kəmərlə çəkilişi və həmin qazın da bizim ərazimizdən tranziti üçün müvafiq addımlar atılır. Demək olar ki, bu, ən vacib layihələrdən biridir. Təbii ki, bu layihənin reallaşması bizi istəməyən qüvvələri qıcıqlandıra bilər.

- Bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olundu. Azərbaycan bu addımı ilə  dünyaya hansı mesajı ünvanlayır?

- Bilirsiniz ki, ötən il ölkədə “Multikultrualizm ili” elan olundu. Bilirsiniz Multikulturalizm böyük dəyərləri özündə birləşdirir. Ancaq Avropa bu dəyərləri özündə birləşdirə bilmədi. Nə qədər özlərini dünyaya demokratik, humanist kimi göstərməyə çalışsalar da, bu, onlarda alınmadı. Ancaq sözün həqiqi mənasında Azəbaycanda yüksək əxlaqi dəyərlər formalaşıb. İllərdir müxtəlif dinlərə sitayiş edən insanlar ölkəmizdə bərabərhüquqlu, sülhməramlı şəraitdə yaşayırlar. Multikultural dəyərlər ölkəmizdə ta qədimdən formalaşıb. Bu, bizim üçün yeni bir şey deyil.

Bu gün bir daha həmrəy olmaq İslam ölkələri üçün çox vacib məsələdir. Heç yerdə xiristian haqqında söhbət gedəndə hər hansı bir terror təşkilatının adı çəkilmir. Amma İslam deyiləndə ağıla ilk gələn sözlərdən biri terrordur. Angela Merkellə cənab Ərdoğanın görüşündə Merkel deyəndə ki, biz islami terrorla mübarizə aparacağıq. Cənab Ərdoğan o zaman yaxşı cavab verdi ki, İslam deyəndə terrorun ilk ağıla gəlməsi əslində Qərb ölkələrinin siyasətidir. Eyni zamanda bu gün Azərbaycanın islam ölkələri ilə yaxşı əlaqələri var. Hətta Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla bütün iqtisadi-mədəni əlaqələri kəsən Pakistan və Türkiyə kimi böyük dövlətlər var. Həmçinin bu il Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yenidən ölkəmizə İslam ölkələrinin nümayənləri gələcəklər. Biz bir daha göstərəcəyik ki, multikultural dövlət olmaqla yanaşı, həm də islami dəyərlərə hörmət edən bir ölkəyik.

- Cocuq Mərcanlı kəndinin bərpası “Böyük Qayıdış”ın başlanğıcı kimi dəyərləndirilir. Sizin münasibətiniz...

-Bilirsiniz, burada maraqlı məqam var: qurucu Azərbaycan və dağıdıcı Ermənistan. Yəni bu gün azərbaycanlılar  öz tarixi yerlərinə qayıdırlar. Ermənilər isə aprel döyüşlərindən sonra Azərbaycan ərazisində yaşadıqları yerlərdən qaçıblar. O yerlər boş qalmasına baxmayaraq qayıtmırlar. Ümumiyyətlə, miqrasiya problemlərinə baxanda bu gün Ermənistan əhalisinin ölkəni tərk etməsi yüksək faiz təşkil edir. Erməni statistikası bildirir ki, təkcə  ötən ilin dekabr ayında 18-34 yaş arası külli miqdarda adam Ermənistandan qaçıb. Bu gün Cocuq Mərcanlıda 50 yaşayış evinin tikilməsi, eləcə də məktəb və digər infrastrukturun qurulması özü müsbət haldır. 190 ailə bu gün həmin ərazilərə qayıtmaq üçün müraciət edib. Qarşıya qoyulmuş məqsəd işğal olunmuş əraziləri təmizlədikcə həmin ərazilərdə məhz yenidən yaşayış şəraitinin qurulmasıdır. Həmin ərazilərə vətəndaşların ürəklə qayıtması bir daha göstərdi ki, Cocuq Mərcanlı bu gün müqəddəs yaşayış məntəqəsinə çevrilib. Hətta erməni sosial şəbəkələrində və xəbər saytlarında onları qorxudan məqam odur ki, bu gün Cocuq Mərcanlı, sabah Şuşa, Ağdam və s. Yəni, bu hal erməniləri çox qorxudur. Ona görə də artıq Sarkisyan sülhməramlı bəyanatlar verməyə başlayıb. Bu il həm də onlarda seçki ilidir. Düşünürəm ki, cənab Prezidentin bu Sərəncamı tamamilə yerində və düzgün atılmış addımdır.

- Bildiyiniz kimi, yanvarın 30-da  “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransdakı nitqində dövlətimizin başçısı İlham Əliyev   önəmli məsələlərə xüsusi diqqət yönəltdi.  Çağırışlardan biri  2016-cı ildə bütün dünyada gedən gərgin və çətin proseslərin fonunda ölkəmizdə davam edən sabitlik və inkişafın qorunması ilə bağlıdır...

- Bildiyiniz kimi, 2016-cı il dünya miqyasında çox mürəkkəb bir il kimi yaddaşlarda qaldı. Xüsusilə də dünyada həm maliyyə-iqtisadi, sosial, həm də humanitar böhran dərinləşməkdə davam etdi. 2016-cı il bütün dünyada gərgin və siyasi proseslər şəraitində keçən il oldu. Həm dünya iqtisadiyyatı, həm siyasi proseslərin gedişatı, hərbi əməliyyatların həyata keçirilməsi doğrudan da acınacaqlı bir hal oldu. Neftin qiymətinin ucuzlaşması  Azərbaycana da müəyyən təsir etdi. Lakin müxtəlif dövlətlərlə, hətta ən yaxın qonşu ölkələrlə belə müqayisədə Azərbaycanda bu böhran yüksək səviyyədə hiss olunmadı. Çünki qeyri-neft sektoruna qoyulan kapital səmərəli fayda verdi. Cənab Prezident sözügedən konfransda bildirdi ki, 2016-cı il bütövlükdə çətin, mürəkkəb bir il olub. Amma biz iqtisadi islahatlarımızı dərinləşdirmişik. Bu böhranlı ildə Azərbaycanda inkişaf tempi qorunub saxlanılıb. Makroiqtisadiyyatın qorunması, xüsusilə də regionların inkişafı məsələləri əsas hədəflərimiz sırasındadır. 2016-cı ildə qeyri-neft sənayesinin 5,5 faiz inkişafı mühüm nəticədir. Bildiyiniz kimi, ötən il Azərbaycan iqtisadiyyatına 8 milyard dollar vəsait investisiya qoyulub. Sosial layihələrin həyata keçirilməsi heç bir problemlə üzləşməyib. Bu gün Mingəçevirdə və Yevlaxda tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələr həyata keçirilir.

- Arzu müəllim, 39 günlük bir müddətdən sonra Ermənistan tərəfi nəhayət ki, şəhid Çingiz Qurbanovun meyitini Azərbaycan tərəfinə təhvil verdi. Sizcə, Çingiz Qubanovun nəşinin geri qaytarılmasında Azərbaycan tərəfinin diplomatik fəallığı və beynəlxalq təşkilatların hərəkətlilyi nə dərəcədə rol oynadı?

- Şəhid olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılmaması erməni tərəfinin yaramaz və qeyri-adekvat bəhanəsi idi.  Dekabrın 29-da şəhid olan əsgərimizin 39 gündən sonra Azərbaycana qaytarılması faktiki olaraq ölkəmizin uğurudur. Əgər Azərbaycan Prezidenti bu məsələdə qətiyyətli mövqe ortaya qoymasaydı, məsələni yüksək distansiyalar səviyyəsində müzakirəyə çıxarmasaydı, bəlkə də Ermənistan yenə də şəhidimizin meyitini geri qaytarmazdı. Məhz Prezidentin tapşırıqları, ATƏT-in Minsk qrupu və xarici missiyalar qarşısında qoyduğu tələblər öz müsbət bəhrəsini verdi. Eyni zamanda Prezidentin Avropaya səfəri ərəfəsində belə bir addım atması daim insan hüquqlarından bəhs edən beynəlxalq qurumlar və ermənilərin havadarlarına da bir mesaj idi. Bütün bunlar təbii ki, öz müsbət rolunu oynadı. Düşünürəm ki, beynəlxalq qurumlar Ermənistana güclü təsir göstərməlidirlər ki, bu kimi hallara son qoyulsun.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov, (foto)  “İki sahil”