07 fevral 2017 23:15
924

Ölkədə ictimai - siyasi sabitlik və davamlı inkişaf hökm sürür

Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

- Elman müəllim, bildiyiniz kimi, bir neçə gün öncə cənab Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bir çox önəmli məsələlərə yer ayırdı. Onlardan birincisi, 2016-cı ildə bütün dünyada gedən gərgin və çətin proseslərin fonunda ölkəmizdə davam edən sabitlik və inkişafın qorunması ilə bağlı idi...

-Həqiqətən də, 2016-cı il dünya miqyasında çox mürəkkəb bir il kimi yaddaşlarda qaldı. Xüsusilə də dünyada həm maliyyə-iqtisadi, sosial, həm də humanitar böhran dərinləşməkdə davam etdi. Bu gün bir çox dövlətlər arasında etimadsızlıq mühiti formalaşıb. Təbii ki, dünya bazarında neftin qiyməti 3-4 dəfə aşağı düşüb. Bu da neft istehsal edən ölkələrin həyatına təsirsiz ötüşmədi. Bütün bunlar reallıqdır. Bu reallıq fonunda Azərbaycan inkişaf tempini qoruyub saxlaya bildi. Təbii ki, biz də dünyanın tərkib hissəsi olduğumuz üçün bu böhranlar bizdən də yan keçmir. Böhrana görə müəyyən çətinliklərin yaranması qlobal bir problemdir. Hansı ki, bunun obyektiv və subyektiv səbəbləri var. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə vətəndaşları bir daha əmin oldular ki, həqiqətən dövlət başçısının hər zaman diqqəti insanlarımızın üzərindədir. Bilirsiniz ki, 2003-cü ildə ölkə prezidenti seçilərkən cənab Ilham Əliyev vurğulamışdı ki, əgər xalqım mənə etimad göstərərsə, regionların sosial-iqtisadi inkişafı məsələlərini xüsusi diqqətdə saxlayacağam. Həqiqətən də belə oldu. 2003-cü ildə Prezident seçilən ölkə başçısı 2004-cü ildə artıq regionların inkişafı ilə bağlı birinci  Dövlət Proqramını qəbul etdi.

Cənab Prezident sözügedən konfransda bildirdi ki, 2016-cı il bütövlükdə çətin, mürəkkəb bir il olub. Amma biz iqtisadi islahatlarımızı dərinləşdirmişik. Bu böhranlı ildə Azərbaycanda inkişaf tempi qorunub saxlanlıb, xüsusilə də əsas hədəflərimizdən biri məhz qeyri neft sektorunun inkişafı məsələsidir. Məhz ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması, idxaldan asılılığının azaldılması, dünya miqyasında “made in Azerbaijan” brendinin formalaşdırılması əsas məqsəddir.  Makroiqtisadi göstəricilərin qorunması, xüsusilə də regionların inkişafı məsələləri əsas hədəflərimiz sırasındadır. 2016-cı ildə qeyri neft sənayesinin 5,5 faiz inkişafı mühüm nəticədir. Bildiyiniz kimi, ötən il Azərbaycan iqtisadiyyatına 8 milyard dollar investisiya qoyulub. Maliyyə-iqtisadi böhranın gərginləşməsi fonunda əgər xarici investorlar çəkinmədən Azərbaycan iqtisadiyyatına vəsait qoyurlarsa, deməli, inam var. Görürlər ki,  ölkədə ictimai siyasi sabitlik və davamlı inkişaf hökm sürür.

- Dövlət proqramlarının qəbul olunduğu vaxtdan bu günə qədər regionların siması necə dəyişib?

- Həqiqətən də bu inkişaf təkcə Bakını yox, bütün regionları əhatə edib. Təsadüfi deyil ki, bu illər ərzində Azərbaycanın bölgələrində 3 mindən artıq məktəb tikilib. Ölkəmizdə 600-dən çox xəstəxana tikilib və təmir edilib. 11 min kilometrdən çox yollar çəkilib. İnfrastruktur yenidən qurulub. Mütəmadi olaraq seçicilərlə görüşür, ünsiyyətdə oluruq. Regionlarda vətəndaşlar bizə bildirirlər ki,  dünyada gedən bu maliyyə iqtisadi böhran bu qədər gərginləşdiyi, Azərbaycanın gəlirləri 3-4 dəfə aşağı düşdüyü bir vaxtda gözləyirdik ki, yəqin bu reallıqla barışmalı olacağıq ki, bir müddət kəndimizdə çəkilən yollar yarımçıq qalacaq, nəzərdə tutulan xəstəxanalar, məktəblər tikilməyəcək. Amma fərqli mənzərənin şahidi olduq. Hesab edirəm ki, haqqında danışdığımız konfrans xüsusilə regionlarda yaşayan insanlarımızı narahat edən  suallara ən yaxşı cavab oldu. Dövlətimizin başçısı əhatəli nitqi ilə ictimaiyyətə çatdırdı ki, bütün böhranlara və çətinliklərə baxmayaraq Prezident xalqın yanındadır. Heç bir  halda sosial siyasətdən imrina edilmir. Əksinə, daha da inkişaf etdirilir. Nəzərə alsaq ki, obyektiv və subyektiv səbəblərdən 2017-ci ilin büdcəsi bir qədər yığcam büdcədir, amma bu vəziyyətdə belə sosial problemlərin həllinə ayrılmış vəsait bütün büdcənin 40 faizini təşkil edir. Deməli, bundan sonra da ölkəmizdə əhalinin sosial-iqtisadi inkişafı təmin olunacaq. 2016-cı ildə əmək haqqı və müavinətlərdə artımlar baş verdi. Yəni, dövlətin siyasi kursu dəyişməz olaraq qalır. Prezident İlham Əliyev birmənalı şəkildə bildirdi  ki, əsas hədəfimiz Azərbaycan vətəndaşının sosial rifahıdır.

- Ölkəmizdə qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi məqsədi ilə Fərman imzaladı. Bu barədə fikirləriniz?

- Qeyd edim ki, dövlət başçısının bu Fərmanı hamı tərəfindən müsbət qarşılandı. Dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Sözügedən Fərmanla məcburi köçkünlərə dövlət tərəfindən ayrılan vəsait heç bir təşkilatlararası köçürmələrə, yazışmalara getmədən birbaşa məcburi köçkünün kartına yüklənəcək.  Artıq bu gün sosial müavinətə ehtiyacı olmayan 300-dən çox ailə Qaçqınların və Məcburi Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraicət edib ki, onlara verilən həmin müavinətdən imtina edirlər. Çünki onların artıq şəraitləri, işləri, evləri var. Həmin 36 manat ehtiyacı onlara verilsin. Cəmiyyətimiz artıq düzgün mövqedə dayanıb. Bu da təbii ki, sevindirici haldır.

- Elman müəllim, ölkəmizdə bir çox sahələrdə olduğu kimi, yol infrastrukturunda müqayisəolunmaz dərəcədə böyük irəliləyiş baş verib...

- Düzgün vurğuladınız. Əvvəllki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən tədbirlərin gedişatı ilə maraqlanır, açılış mərasimlərində şəxsən iştirak edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Elə statistik rəqəmlər də bunu sübut edir. 2004-2016-cı illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu təxminən 11 min kilometrə çatmış, 222 yeni körpü və yol ötürücüsü tikilmişdir. Biz tez-tez ucqar kəndlərdə səfərlərdə oluruq. Bu yaxınlarda yolum Cəlilabad rayonunun Təzəkənd kəndinə düşmüşdü. Cənab Prezident həmin kəndə gedən yolun açılışında şəxsən iştirak etmişdi. Kənd camaatı ilə söhbətlərim zamanlı onlar bildirdilər ki, hesab edirdik ki, dünyada və ölkədə baş verən qlobal böhran vəziyyətində yolumuz yarımçıq qalacaq. Ancaq bu, baş vermədi. Ölkə rəhbəri özü şəxsən yolun açılışında iştirak etdi. Onlar cənab Prezidentə minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, böhranlı illərdə də ölkəmiz rəhbəri bizim yol infrastrukturumuzun yaxşılaşmasına səy göstərdi. İndi görürük ki,  Azərbaycanda sosial həyatın inkişafı prioritetdir.

- Cənab Prezident vurğuladı ki, regionların sosial iqtisadi inkişafı proqramları ilk dəfə qəbul olunanda maddi bazamız o qədər də zəngin deyildi. Ancaq buna baxmayaraq bütün layihələr uğurla həyata keçirildi...

 - Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasəti heç bir zaman üçüncü dövlətin əleyhinə yönəlməyib. Dövlətin əsas məqsədi regionda əməkdaşlığı gücləndirməkdir. Bizim böyük layihələrimiz təkcə Azərbaycanın mövqeyinə hesablanmır. Həmçinin əməkdaşlıq etdiyimiz dövlətin mövqelərini gücləndiririk. Təchizatçı ölkə kimi istehlakçı ölkələrin mənafeyini nəzərə alırıq. Bu da nəticə etibarilə mövqeyimizi gücləndirir. Azərbaycan 2016-cı Bakı-Tiblisi-Ceyhan, 2017-ci ildə Bakı-Tiblisi-Ərzurum layihələrini həyata keçirib. Bu layihələr hesabına ölkəmizin maddi texniki bazası xeyli güclənib. Hazırda əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”ni reallaşdırırıq. Cənab Prezident sözügedən konfransda vurğuladı ki, Cənub Qaz Dəhlizi məşvərət Şurasının ikinci toplantısı Bakıda keçirildi. Bu toplantıda 12 imza oldu. 7 dövlət birbaşa layihəyə qoşulub. Böyük Britaniya və ABŞ, eyni zamanda Baltikyanı ölkələr də layihəyə qoşuldu. Bütün bunlar göstərir ki, bu layihə tezliklə reallaşacaq və Azərbaycan qazı Avropa bazarına çıxacaq. Ölkə rəhbəri bildirmişdi ki, bu layihəyə təkcə enerji layihəsi kimi baxmaq düzgün deyil. Çünki layihənin reallaşdırılması yolunda olan dövlətlər müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı olan dövlətlərdir. Sözün əsl mənasında Azərbaycan bu gün Şərqlə Qərb arasında təkcə coğrafi mənada deyil, eyni zamanda mədəni körpü salıb. Bu layihələr də bu mühüm amilə hesablanıb.

- Son olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində infrastrukturun qurulması işğalçı Ermənistan hansı mesajları göndərir?

- Bəli, olduqca mühüm bir mesajdır. Hətta deyərdim ki, o mesajın təsirləri artıq özünü göstərməkdədir. Ermənistan mətbuatını izləsəniz görərsiniz ki, artıq onlarda bu barədə xəbərlərə tez-tez yer ayırırlar. Ölkə Prezidentinin Sərəncamına nəzər salsaq görərik ki, ilkin mərhələdə 50 yaşayış evinin və bir məktəbin tikilməsi üçün 4 milyon vəsait ayrılıb. Ermənistan mətbuatında rast gəldiyim xəbərlərdə bir nüans diqqətimi çəkdi. Deyirlər ki, onda Şuşanı, Xankəndini Azərbaycan geri qaytarsa, onlara nə qədər vəsait ayıracaqlar? Hesablayırlar ki, 4 milyon manat erməni pulu ilə 1 milyard dramdır. Yəni, 1 milyard dramı Azərbaycan Prezidenti kiçik bir kəndin bərpasına qoyur. Xəbərin ardından yazırlar ki, Ermənsitanın baş naziri Rusiya Prezidentindən 300 min dollar kredit almağa gedir, bunun üçün ona yalvarır. Ümumiyyətlə, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Əlbəttə, bununla Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək. Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək. Dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov, (foto)  “İki sahil”