Qoca tarixlə həmyaşıd olan qədim Naxçıvanımız bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlər, nadir dühalarla da tanınıb, şöhrətlənib. Ulu torpağımızın, yurdumuzun xoşbəxtliyidir ki, belə dahilər bir deyil, beş deyil, onlarla olub. Hər biri də öz əməli, amalı ilə zaman və məkan çərçivəsinə sığmayıb, əsrlərin yol yoldaşı olub, nəsillərin örnək timsalına çevrilib.
Əbədiyyət yolçusu olan belə örnəklərdən biri də Naxçıvan memarlıq məktəbinin banisi, Şərqin böyük memarı Əcəmi Naxçıvanidir. Bu gün Əcəmi məktəbinin layiqli davamçıları şəhərimizin müasir quruluşda inkişafına töhfə verir, naxış-bəzək elementlərindən düzgün istifadə edirlər. Belə gənc memarlardan biri də Naxçıvan Dövlət Universitetinin mühəndislik və memarlıq fakültəsinin memarlıq ixtisası üzrə müəllimi İsmayıl İsmayıllıdır.
Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik bədii sənətində memarlıq işi özünəməxsus şərəfli mövqe ilə seçilir. Bu mövqeyi qoruyub yaşadan xalqımızın sənətkar oğulları isə sənətlə bərabər Vətənin gözəlliyini, mənəvi irsini də yaşadıb, zənginləşdirirlər. İsmayıl İsmayıllı da sənətin enişli-yoxuşlu yollarında yorulmadan çalışır və deyir: “Memarlığa gəlməyimdə başlıca məqsəd orta məktəb müəllimimin məndə bu sənətə maraq yaratması ilə bağlıdır. Müəllimim əməkdar rəssam Cavid İsmayılov mənə öz övladı kimi yanaşdı və sənətin sirlərini öyrətdi. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin memarlıq fakültəsinə qəbul oldum. Tale elə gətirdi ki, böyük ustad sandığım Cavid İsmayılov burada da mənə dərs dedi və rəsm əsərlərimi yüksək qiymətləndirdi. Bu gün dünyada qəbul olunmuş bir aksioma var - yaxşı memar olmaq üçün yaxşı rəssam olmaq lazımdır. Mənim bu sənətə gəlməyim rəssamlıqla başlayıb. Bu iki sənəti paralel aparıram. Muxtar respublikamızda gənclərə göstərilən qayğını isə sözlə ifadə etmək çətindir. Keçirilən tədbirlərin əksəriyyəti gənclərlə bağlıdır. Əldə etdiyim uğurlar dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı ilə bağlıdır. Çoxlu əsərlərim var. “Muxtariyyətin intibahı” adlı əsərində Naxçıvanın xəritəsini əks etdirmişəm. Təsvirdə sərhədlər Azərbaycan bayrağıdır. Bu xəritə Azərbaycan bayrağı ilə əhatə olunub. Xəritəyə birləşik hissədə iki qol təsviri var. Bu onu göstərir ki, blokada vəziyyətində olmağımıza baxmayaraq bir-birimizə sıx bağlıyıq. Yuxarıdakı əllər isə Türkiyə ilə “bir millət, iki millət” olduğumuzu təmsil edir. Naxçıvanda müstəqillikdən sonra inşa edilən binalar təsvir olunub. Türk dövlətləri bayraqları isə Naxçıvanda keçirilən Zirvə toplantısını göstərir. Onlar bir-birini daha sıx tutublar. Ayrılmazlığı ifadə edir bunlar. Yuxarı hissədə isə Türkiyə dövləti ilə dostluğumuz ifadə olunur. Xəritənin içərisində qədim abidələrimiz və Naxçıvanın müasir binaları təsvir olunub. Yallı, Böyük İpək Yolu üzərində dəvə karvanı göstərilib.”
Gənc memar İsmayıl İsmayıllının müəllimi Cavid İsmayılov onun yaradıcılığını yüksək qiymətləndirir: “İsmayıl İsmayıllını mən Ordubad rayonunun Nüsnüs kəndində dərs dediyim zamanda tanımışam. O vaxt qabiliyyətli və çalışqan olduğu diqqətimi çəkdi. Fikirləşdim ki, bu cür istedadlı gənclərin üzə çıxarılması çox vacibdir. Ona rəssamlıqla bağlı tövsiyələrimi verdim. Onun özünəməxsus rəsmləri var. O, rəsm çəkməklə bərabər maket və tərtibat, heykəltəraşlıq işlərində Universitet rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. Heç yadımdan çıxmır, bir dəfə emalatxanaya gələndə gördüm ki, İsmayıl duz parçalarından dəvə heykəlləri düzəldir. Səbəbini soruşduqda belə dedi: Müəllim, şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “duz yolu” uzanıb. Həmin ölkələrə duz daşınıb. Naxçıvanın simvollarından biri olan duz təkcə saf və təmizliyinə görə deyil, həm də, şəfaverici xüsusiyyətinə görə tanınıb. Naxçıvanda şəhər mədəniyyətinin yaranma tarixi ən azı 5000 il bundan öncəyə gedib çıxır. Duz böyük karvan yolları ilə Naxçıvandan dünyanın qədim şəhərlərinə göndərilib. Sənətkarlıq və ticarət şəhər mədəniyyətinin inkişafına güclü təsir göstərmişdir”.
İsmayıl bu istedadına görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “İlin gənc memarı” adına layiq görülüb.
Belə deyirlər ki, sənət əsərləri memarın daxili aləminə açılmış işıqlı pəncərəyə bənzəyir. Bu işığın möcüzələri bəzən elə həddə çatır ki, bunun real olduğuna inana bilmirsən.
Məmləkətin abadlığı, tikinti işlərinin aparılması estetik cəhətdən çox gərəkli olduğundan tarixən bu iş ağıllı adamları, müdrik insanları düşündürmüş, maraqlandırmışdır. İsmayılın hazırladığı şəhər mühitinin abadlaşması maketində bunu aydın görə bilirik. İsmayıl əsər haqqında belə deyir: “2006-cı ildə “Şəhər mühiti və ənənəvi tendensiyalar” başlığı altında müsabiqə təşkil olunmuşdur. Müsabiqədə şəhərdə oturacaqların müasir şəkildə dizayn olunması ilə bağlı mövzuya müraciət etdim. Bu işi qrup yoldaşımla birgə hazırladıq. Maket halında park işlədik. Elektrik dirəkləri düşünən insan fiqurları şəklində təsvir olunub, yuxarı baş hissədə isə işıqlar yanır. Oturacaqları Gəmiqaya, Qoç təsvirlərindən götürmüşük. Burada həm tariximiz, həm də mədəniyyətimiz təbliğ olunur.”
İsmayıl İsmayıllı hətta Naxçıvan Dövlət Universitetinin nəzdində “Gənc memarlar klubu” da yaradıb. Tələbələr asudə vaxtlarını burada keçirir, müxtəlif mövzularda müəllimləri ilə məsləhətləşirlər.
Ölkəmiz son illər yüksək tərəqqiyə nail olaraq regionda mühüm söz sahibinə çevrilib. 2018-ci il üçün Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin və Gənclər Paytaxtı” seçilməsi diyarımıza çoxlu qonaqların gəlməsinə səbəb olub. Odur ki, İsmayıl İsmayıllı əsərlərində müasirliklə qədimliyin vəhdətini təşkil edir, maraqlı sənət əsəri ortaya qoyur. Son zamanlar mənəvi dəyərlərimizə, keçmişimizə, soy-kökümüzə maraq artmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanda istər mədəniyyət, istərsə də elm sahəsində xalqımızın milli-mənəvi dəyərləri ilə bağlı əsərlər çap olunur, məcmuələr işıq üzü görür. 2017-ci il 28 avqust tarixində Naxçıvan MR Ali Məclisi Sədri “Oxunması zəruri olan kitablar” haqqında sərəncam imzalayıb. Sərəncamın əhəmiyyəti vardır. Təsdiq olunmuş kitablar siyahısında Qurban Səidin “Əli və Nino” romanı da var. Qeyd edək ki, kitab insanın yaradıcı düşüncəsinin və qabiliyyətinin artırılmasında böyük rol oynayır. Odur ki, memar daim axtarışda olmalı, çoxlu kitablar oxumalıdır. İsmayıl İsmayıllı fikrini belə ifadə edir: “Əli və Nino” romanı haqqında çox eşitmişdim və kitabı əldə etdim. İlk səhifəsində yazılmışdır ki, kitab dünyanın 66 ölkəsində yayılıb və 34 dildə tərcümə olunub. Əsəri oxuduqdan sonra gözəl təəssürata malik oldum və yüngül metal konstruksiyadan “Əli və Nino”nun təsvirini yaratdım. Deməli, kitab insanı mənən kamilləşdirməklə yanaşı, həm də yeni ideya verir.”
Məlum məsələdir ki, iqtisadiyyatı güclü olan dövlətin memarlığı da bir o qədər inkişaf edir. Dünya təcrübəsindən baxsaq, sovetlər dönəmi ilə indiki dövrü müqayisə etsək görərik ki, yeni binaların ucaldılması, memarlığın inkişafı müstəqilliyin bəhrələridir.
İsmayıl əsərlərini bu gün üçün yaratmır. Çalışır ki, əsərləri həmişəyaşar olsun. O deyir ki, Əcəmi Naxçıvaninin yaratdığı sənət nümunələri doqquz əsr keçməsinə baxmayaraq əhəmiyyətini saxlayır, onun kimliyini ortaya qoyur. Memar gərək yaşadığı dövrün inkişafını, tarixini əsərlərində yaşatsın. Özündən sonra bir irs qoysun gələcəyə. Bu baxımdan memar Əcəminin qədim və şərəfli tariximizin baş tacına çevrilən, onu dünyada məhşurlaşdıran Möminə Xatun türbəsi üzərində yazdığı bu sözlər bu gün də aktualdır.
Biz gedirik ancaq qalır ruzigar,
Biz ölürük əsər qalır yadigar.
Doğurdan da Əcəminin insan və zaman haqqında düşüncələri çox fərqli və düşündürücüdür.
Adilə Səfərova,
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru