25 noyabr 2026 19:11
136

“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda keçirilən mərasimdə veteranlar, gənclər və yeniyetmələr, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ziyalılar iştirak edib.

Təşkilatın sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov hərbi-vətənpərvərlik tərbiyəsinin önəmindən bəhs edərək deyib:

– Hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, bu tərbiyənin milli-mənəvi dəyərlərimizə bağlı şəkildə aşılanması, eləcə də ideoloji təhlükəsizliklə bağlı müasir tələblərə cavab verən addımların atılması milli təhlükəsizliyimizin və maraqlarımızın təmin edilməsi baxımından önəmlidir. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman vətənpərvərlik tərbiyəsinə və milli-mənəvi dəyərlərə böyük diqqət yetirib, bütün cəmiyyəti, o cümlədən vətəndaş cəmiyyəti institutlarını bu məsələlərdə fəal olmağa, gənclərlə ardıcıl iş aparmağa səsləyib.

Natiq qeyd edib ki, bu gün Azərbaycan dövləti hər bir vətəndaşın, xüsusilə də şəhid ailələrinin, veteranların, aztəminatlı ailələrin problemlərinin həllinə həssaslıqla yanaşır, mövcud imkanlardan istifadə edərək vətəndaşlarımızın sosial təminatını daha da yaxşılaşdırmağa çalışır. Biz də öz növbəmizdə Prezidentin çağırışlarına, tövsiyələrinə vicdan və məsuliyyət hissi ilə yanaşmalıyıq.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxışında öncə ölkəmizin yerləşdiyi mürəkkəb coğrafiyaya, tarixən üzləşdiyi təhdid və təhlükələrə diqqət çəkib:

– Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycan olduqca mürəkkəb coğrafiyada yerləşir. Bu səbəbdən də ölkəmiz zaman-zaman müxtəlif təhdid və təhlükələrlə üz-üzə qalıb. Artıq Azərbaycan qalib dövlətdir və öz ərazi bütövlüyünü təmin edib. Lakin bu, o demək deyil ki, bütün təhlükələr həmişəlik arxada qalıb. Biz hərbi-vətənpərvərlik tərbiyəsini davamlı şəkildə gücləndirməli, daha vətənpərvər gənclər yetişdirməli, daha hazırlıqlı cəmiyyət formalaşdırmalıyıq. Bu, gələcək sınaqlardan da uğurla çıxmağımızı təmin edəcək əsas amillərdəndir. Bunun üçün isə təhsil amilinə xüsusi diqqət yetirməlidir.

Tarixə nəzər salsaq, görərik ki, həm 1918-ci il hadisələrində, həm də Birinci Qarabağ müharibəsində hazırlıqsızlığımız səbəbindən böyük itkilər vermişik. 44 günlük Vətən müharibəsində zamanı fərqli idi. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz uzun illər ərzində bu mübarizəyə hazırlaşmışdı və məhz buna görə də cəmi 44 gün içində düşməni darmadağın edə bildi.

Hərbi-vətənpərvərlik tərbiyəsinin mahiyyətinə çağdaş dövlətçilik düşüncəsi kontekstində yanaşan komitə sədri vətənpərvərliyin yalnız duyğusal bağlılıq, qəhrəmanlıq tariximizin təbliği və hərbi xidmətə hazırlıqla məhdudlaşmadığını, onun həm də hüquqi şüur, vətəndaş məsuliyyəti, milli təhlükəsizlik mədəniyyəti və dövlət qarşısında öz öhdəliklərini dərk etmək məsələsi olduğunu diqqətə çatdırıb. 

Fazil Mustafa Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra hərbi-vətənpərvərlik tərbiyəsinin qarşısında yeni vəzifələrin dayandığına diqqət çəkib. Bildirib ki, yeni tarixi mərhələdə qazanılmış Zəfərin qorunması, dayanıqlı sülhün təmin olunması, milli birliyin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi və Azərbaycanın gələcək inkişafına töhfə verilməsi vətənpərvərlik tərbiyəsinin vacib istiqamətləri kimi ön plana çıxır.

İnformasiya təhlükəsizliyi məsələsinə toxunan Fazil Mustafa gənclərin tənqidi düşüncə və media savadlılığına yiyələnməsinin, dezinformasiyanı, manipulyativ çağırışları və milli həmrəyliyə zərər vura biləcək informasiya təsirlərini ayırd etmək bacarığının inkişaf etdirilməsinin önəmini qeyd edib. Veteranların gənc nəslin tərbiyəsindəki müstəsna roluna diqqət çəkən komitə sədri onların milli yaddaşın daşıyıcıları, nəsillərarası mənəvi bağın qoruyucuları olduğunu bildirib. 

Fazil Mustafa hərbi-vətənpərvərlik tərbiyəsində ailənin, veteran təşkilatlarının, digər vətəndaş cəmiyyəti institutlarının, mədəniyyət və incəsənət xadimlərinin, medianın da üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva da vətənpərvərlik tərbiyəsinin önəmindən danışıb. Bildirilib ki, hər kəs Vətənin mənafeyi naminə əlindən gələni əsirgəməməli, xalqına və dövlətinə faydalı olmalıdır.

Sonra Fazil Mustafa tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, müəllifi olduğu kitabları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının muzeyinə hədiyyə edib.