25 noyabr 2026 19:24
136

Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi  keçirilib

Xaçmaz rayonunda fermer və sahibkarların iştirakı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Turizm Agentliyinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin və “Unibank”ın nümayəndələri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi imkanlarından düzgün istifadə olunmasının, fermerlərin məlumatlılığının artırılmasının və aidiyyəti qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrar sahədə tətbiq olunan dövlət dəstəyi tədbirləri, yeni imkanlar və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri və hədəfləri diqqətə çatdırılıb.

Müzakirələr zamanı bitkiçilik, heyvandarlıq və balıqçılıq sahəsində mövcud imkanlar, məhsul istehsalı prosesində qida təhlükəsizliyi tələbləri, suvarma və meliorasiya xidmətləri, həmçinin təsərrüfatların təbii risklərdən sığortalanması məsələləri diqqətə çatdırılıb.

Bununla yanaşı, fermer və sahibkarların maliyyə resurslarına çıxışı, bank xidmətləri, kənd yerlərində məşğulluğun təşviqi və aqrar fəaliyyətlə turizm imkanlarının əlaqələndirilməsi istiqamətində mövcud imkanlar müzakirə olunub.

Tədbirin sonunda fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətləri aidiyyəti qurumların nümayəndələri tərəfindən qeydiyata alınıb.