25 noyabr 2026 16:42
206

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

 

23-25 noyabr tarixlərində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Çin Xalq Respublikasının ədliyyə naziri He Ronq arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri və siyasi iradələri sayəsində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, siyasi dialoqun yüksək səviyyəsi müxtəlif sahələrdə, o cümlədən hüquq və ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Həmçinin gələn il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin tamam olacağı diqqətə çatdırılıb.

Fərid Əhmədov Azərbaycan ilə Çin arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edərək, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əlaqələrin daha da inkişafına xidmət etdiyini bildirib.

Görüşdə iki ölkə arasında geniş müqavilə-hüquq bazasının formalaşdığı və imzalanmış sənədlərin uğurla icra olunduğu vurğulanıb. Bu çərçivədə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi sahələrində mövcud müqavilələrin əhəmiyyəti qeyd olunub. 

Görüşün sonunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikası Ədliyyə Nazirliyi arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə 2027–2029-cu illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb. Əməkdaşlıq Proqramı əsasında beynəlxalq əməkdaşlıq, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma, hüquqşünasların tədrisi və penitensiar sahə üzrə təcrübə mübadiləsi nəzərdə tutulur. 

Azərbaycan nümayəndə heyəti səfər zamanı Pekin Hüquqi Yardım Mərkəzinə və Çin Ali Xalq Məhkəməsinin qərargahında fəaliyyət göstərən “Ağıllı Məhkəmə” laboratoriyasına baş çəkib.