25 noyabr 2026 22:37
183

Zəngəzur dəhlizinin reallaşmasına doğru tarixi addım

Artıq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) – Zəngəzur layihəsi ideya və razılaşma mərhələsindən real icra mərhələsinə keçib. Noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlə çıxış edərək layihənin praktiki mərhələsinin başlandığını elan ediblər. Hətta Donald Tramp mesajında öz adını daşıyan layihənin rəsmi açılışını “inanılmaz dərəcədə sevincli bir hadisə” adlandırıb. Bununla da uzun müddətdir müzakirə olunan regional bağlantı məsələsində konkret addımlar atılmağa başlanılıb. Şübhəsiz, Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşması fonunda Azərbaycanın təşəbbüskarı olduğu regional nəqliyyat-kommunikasiya layihələrinin praktiki icrasına başlanılması mühüm tarixi hadisədir.

Diqqətçəkən məqamlardan biri ABŞ Prezidentinin videomüraciətində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etməsi olub. O, dövlətimizin başçısının sülh prosesinə və layihənin həyata keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək Donald Trampa ünvanladığı xoş sözlərə görə səmimi minnətdarlığını ifadə edib. Yeri gəlmişkən, ABŞ senatoru Deyv Makkormik də bu münasibətlə Prezident İlham Əliyevə sosial şəbəkə hesabında təbrik ünvanlayıb. Qeyd edək ki, Prezident İlham Əliyev sözün həqiqi mənasında TRIPP-in reallaşması naminə üzərinə düşən bütün öhdəliklərin öhdəsindən bacarıqla gəlib.

Xatırladaq ki, Zəngəzur dəhlizi ideyası Prezident İlham Əliyev tərəfindən Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra irəli sürülüb. Bu, müharibənin yekunlarını təsdiqləyən və Ermənistan üçün kapitulyasiya aktı sayılan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min hoqqadan çıxıb. Amma ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində Zəngəzur dəhlizi məsələsi aktuallaşdırılıb. Hətta noyabrın 23-də tikinti işlərinə start verilməsi ilə TRIPP-in praktiki icrasına başlanıldığı rəsmən elan olunub. Elə həmin gün Ermənistanın Sünik vilayətinin Mehri ərazisində layihə üzrə ilkin hazırlıq-tikinti işlərinə başlanılıb.

Yeri gəlmişkən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək TRIPP həm də Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə, Avropanı isə Çinlə birləşdirəcək beynəlxalq nəqliyyat xəttinin vacib hissəsidir. Orta Dəhlizin (Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu) imkanlarını genişləndirəcək TRIPP bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından da önəmlidir. Bu mənada layihə daha geniş coğrafiyanı əhatə edən beynəlxalq nəqliyyat və logistika sisteminin mühüm tərkib hissəsinə çevrilmək potensialına malikdir. Layihə Ermənistan üçün də iqtisadi imkanlar açır. Ölkənin regional nəqliyyat şəbəkələrinə inteqrasiyası, beynəlxalq bazarlara çıxışının genişlənməsi, investisiyaların cəlb edilməsi və yeni iqtisadi əlaqələrin qurulması baxımından TRIPP bu ölkəyə əhəmiyyətli perspektivlər vəd edir.

Bütün bunlar göstərir ki, Azərbaycan Vətən müharibəsində qazandığı Zəfərdən sonra qarşıya qoyduğu strateji məqsədlərə mərhələli şəkildə nail olur. İşğala son qoyulması ilə regionda yeni reallıqlar yaradan ölkəmiz indi də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir. Şübhəsiz, TRIPP layihəsinin praktiki icrasına başlanılması bu siyasətin mühüm nəticələrindən biridir. Bir sözlə, Zəngəzur istiqamətində nəqliyyat bağlantısının reallaşması Azərbaycanın regional və beynəlxalq nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirəcək, Cənubi Qafqazı Şərqlə Qərb arasında mühüm iqtisadi körpüyə çevirəcək. Bu layihəni həm də Cənubi Qafqazda çoxdan gözlənilən de-yure sülh mühitinin mühüm komponentlərindən biri kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”