25 noyabr 2026 23:57
186

Tarixi İpək Yolu işə salınacaq

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir. İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı rəğbət qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə və regional bağlılığa xidmət edir.”

Dövlətimizin başçısı bildirib ki, ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə-müttəfiqlik səviyyəsinə qalxdı. Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi.

Artıq yeni reallıqdır ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirib. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir. Belə olan halda Azərbaycan iki qitəni birləşdirən çox mühüm nəqliyyat qovşağına çevriləcək, dünyada möveyini daha da gücləndirəcək.

Mövzunu davam etdirən Prezidentimiz vurğulayıb ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Qədim İpək Yolu Çin, Hindistan, Cənubi Qafqaz, Rusiya və Orta Asiya ölkələrini Avropanın boyük ölkələri ilə birləşdirib. Ancaq indi bu yolun coğrafiyası genişləndirilir. Çünki yola yaxın ölkələr dünya ticarətinə qoşulmaq üçün layihənin şaxələndirilməsində maraqlıdır. Beləliklə, İpək yolundan istifadəçilərin sayı artacaqdır. Unutmaq olmaz ki, Qədim İpək yolunun yenidən dirçəldilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ümumiyyətlə, 1993-96-cı illər ərzində Azərbaycanın Böyük Britaniya, Fransa, Almaniya, Norveç, Belçika, o cümlədən Şərqi Avropa dövlətləri ilə əlaqələri möhkəmləndirilib ki, bunun da səbəbi Azərbaycanın əlverişli mövqedə yerləşməsi idi. Azərbaycanın bu mövqeyindən Heydər Əliyev çox böyük məharətlə istifadə etdi. Aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfindən 1998-ci il sentyabr ayında Bakıda “Böyük İpək Yolu”nun bərpa edilməsinə dair beynələxalq konfransın keçirilməsi qərara alındı. 1998-ci il sentyabrın 8-də “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans” öz işinə başladı. Ümumilikdə 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak etdiyi konfransda 9 ölkənin dövlət başçıları-prezidentlər, bir ölkədən nümayəndə heyətinə baş nazir rəhbərlik edib. Tədbiri giriş sözü ilə Ümummilli Lider Heydər Əliyev açaraq bildirib ki, konfrans müstəqil dövlətlərə kömək sahəsində Avropa Birliyinin göstərdiyi səmərəli səylərin nəticəsidir. Heydər Əliyev 1993-cü ilin mayında qəbul olunmuş “Avropa- Qafqaz- Asiya Transqafqaz nəqliyyat dəhlizi”, TRASEKA proqramından bəhs edərək Avropa Birliyi komissiyasının təklifi ilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ermənistan, Tacikstan, Özbəkistan nümayəndələrinin Brüsseldə görüşdüyünü, Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq sənəd olduğunu bildirmişdi. Bakıda keçirilən beynəlxalq konfransın sonunda Avropa-Qafqaz- Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və onun texniki əlaqələri, Bakı Bəyannaməsi, Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın yekun məlumatı kimi beynəlxalq əhəmiyyət daşıyan üç sənəd imzalandı. Birinci sənəd 14 dövlət tərəfindən imzalandı. Bakı Bəyannaməsini bir çox dövlətlər imzaladı. Üçüncü sənəd yekun rəsmi məlumatdır ki, bu sənəd 29 dövlətin və Avropa Birliyinin nümayəndə heyəti tərəfindən imzalandı. Sonradan daha bir neçə dövlət bu layihəyə qoşulmaq istədiyini bildirib.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev İpək Yolu layihəsinin gerçəkləşdirilməsi üçün lazımi addımları atır. Zəngəzur dəhlizində tikinti-infrastuktur işlərinin yekunlaşması Böyük İpək Yolunun işə düşməsini yaxınlaşdırıb. Əgər qarşıya süni əngəllər çıxmasa layihə tezliklə reallaşacaq. Beləliklə, Prezidentimizin daha bir nəhəng təşəbbüsünün həyata keçəcəyinin şahidi olacağıq.

Vəli İlyasov, “İki sahil”