Regional kommunikasiyaların tam gücü ilə işləməsi Cənubi Qafqazda yeni gərginlik risklərini azaldır və uzunmüddətli sabitlik üçün zəmin yaradır. Bu baxımdan mühüm starteji əhəmiyyəti olan Zəngəzur dəhlizi Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək.
Zəngəzur dəhlizi bütün bölgə üçün mühüm imkanlar yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yolu xətti, enerji və kommunikasiya xətləri bütün region ölkələri üçün geniş iqtisadi-ticari imkanlar açacaq. Bu baxımdan nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Strateji əhəmiyyətli nəqliyyat-logistika layihəsi olan dəhliz Cənubi Qafqazda kommunikasiyaların açılması region dövlətləri arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə, dayanıqlı sülhün təmin edilməsinə töhfələr verəcək.
Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistanın regional blokadadan çıxması, İran, Rusiya və Gürcüstanın ticarət dövriyyəsinin artması üçün yeni tranzit imkanları açacaq. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq.
Prezident İlham Əliyev 2026-cı il noyabrın 24-də Türkiyənin İğdır Universitetinin təşkilatçılığı ilə keçirilən “İpək Yolunun yenidən dirçəlişi” mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi: “Ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə-müttəfiqlik səviyyəsinə qalxdı. Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir”.
Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin güclənməsi bütün regiona fayda verəcək. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qafqaz Konqresinin iştikaçılarına ünvanladığı müraciətində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturunu gücləndirəcək. Zəngəzur dəhlizi, həmçinin Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni imkan yaradacaq.
Bu layihə Orta Dəhlizin imkanlarını genişləndirəcək, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımalara töhfə verəcək və tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək. Zəngəzur dəhlizi nəqliyyatla yanaşı, enerji-elektrik komponentlərini əhatə edəcək, Türk dünyasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək.
Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün qətiyyətli siyasi iradə nümayiş etdirir və bu müstəvidə zəruri tədbirlər görür. Artıq bu istiqamətdə müvafiq infrastrukturun yaradılması işləri uğurla davam etdirilir. Ermənistan sərhədinə qədər dəmir yolu gələn ilin əvvəlində tamamlanacaq. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən mühüm əhəmiyyəti olan Zəngəzur dəhlizinin uğurla reallaşdırılması bölgədə sülhü, əməkdaşlığı və təhlükəsizliyi daha da gücləndirəcək.
Zahid Rza, “İki sahil”