25 noyabr 2026 00:43
101

Qarabağın zirvəsi yenidən azadlıqda: Kəlbəcərin qayıdış yolu

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və misilsiz təbiət gözəlliklərinə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın yaddaşında xüsusi yer tutur. Uca dağları, buz bulaqları, geniş yaylaqları, mineral su ehtiyatları və tarixi abidələri ilə seçilən bu diyar Vətənimizin ayrılmaz parçasıdır. 25 noyabr – Kəlbəcər Şəhəri Günü isə xalqımızın tarixi ədalətin bərpasına, milli birliyə və dövlətimizin qüdrətinə olan inamının təcəssümüdür.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal etdi. Bu işğal nəticəsində minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü, dinc sakinlər həlak oldu, yaşayış məntəqələri, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri, tarixi-dini abidələr dağıdıldı və talan edildi. Kəlbəcərlilərin uzun illər davam edən yurd həsrəti xalqımızın ümumi ağrısına çevrildi. Bununla belə, heç bir qüvvə insanların doğma torpağa qayıtmaq ümidini və Kəlbəcərin Azərbaycan kimliyini yaddaşlardan silə bilmədi.

Azərbaycan xalqı bu ağır sınaq illərində öz torpaqlarının azad olunacağına inanırdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyası, milli ordu quruculuğunun əsaslarının yaradılması və xalq-dövlət birliyinin möhkəmləndirilməsi gələcək Zəfərin mühüm siyasi və mənəvi dayaqlarını formalaşdırdı. Ulu Öndərin siyasi irsi ölkəmizin güclənməsində, milli maraqların qorunmasında və torpaqlarımızın azadlığı uğrunda mübarizədə mühüm rol oynadı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, dəqiq müəyyənləşdirilmiş hərbi-siyasi strategiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcərin Azərbaycana qaytarılması təmin olundu. 25 noyabr 2020-ci ildə Kəlbəcər şəhəri və rayonun yaşayış məntəqələri işğaldan azad edildi. Beləliklə, uzun illər davam edən həsrət sona çatdı, Kəlbəcər yenidən öz dövlətinin suveren idarəçiliyinə qovuşdu.

Kəlbəcərin azad olunması təkcə ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də xalqımızın iradəsinin, ordumuzun gücünün və dövlətimizin siyasi qətiyyətinin nümayişi kimi böyük tarixi əhəmiyyət daşıyır. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və bütün Azərbaycan xalqının birliyi hesabına əldə edildi. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad edilməlidir.

İşğaldan sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Yol və nəqliyyat infrastrukturu yenidən qurulur, elektrik enerjisi, su və digər kommunal təminat sistemləri yaradılır, yaşayış və sosial obyektlər inşa edilir. Kəlbəcərin təbii potensialından səmərəli istifadə, turizmin, kənd təsərrüfatının və digər iqtisadi sahələrin inkişafı üçün mühüm layihələr həyata keçirilir. Bu işlər dövlətimizin azad edilmiş ərazilərin dirçəldilməsinə və Böyük Qayıdışın təmin olunmasına verdiyi önəmin bariz göstəricisidir.

Doğma yurda qayıdış yalnız evlərin və yolların bərpası demək deyil. Bu, illərlə ayrılıq yaşayan ailələrin yenidən öz torpağında məskunlaşması, məktəblərin, mədəniyyət ocaqlarının fəaliyyətə başlaması, qədim el-oba ənənələrinin dirçəlməsi deməkdir. Kəlbəcərin yenidən qurulması həm də gələcək nəsillərə tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və Vətən sevgisinin ötürülməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində azad edilmiş ərazilərimizdə quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Kəlbəcərin yenidən dirçəldilməsi dövlətimizin gücünü, xalqımızın qurub-yaratmaq əzmini və gələcəyə inamını nümayiş etdirir. Bu qədim diyar yaxın illərdə Azərbaycanın ən gözəl və inkişaf etmiş bölgələrindən birinə çevriləcək, öz sakinlərinin səsi, sevinci və quruculuq nəfəsi ilə daha da canlanacaq.

25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Kəlbəcərin azadlığı uğrunda göstərilən qəhrəmanlıq heç vaxt unudulmayacaq. Qoy üçrəngli bayrağımız Kəlbəcərin uca zirvələrində daim dalğalansın!

Ayaz Novruzov,
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri