24 noyabr 2026 21:58
77

Tarixi dostluqdan strateji əməkdaşlığa: Ho Şi Minin Bakı səfərinin əhəmiyyəti

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya həyata keçirdiyi tarixi səfər Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin formalaşmasında mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Bu səfər iki xalq arasında qarşılıqlı hörmətin, səmimiyyətin və həmrəyliyin möhkəmlənməsinə böyük töhfə vermişdir. Ho Şi Minin Bakı səfəri yalnız diplomatik xarakter daşımır, eyni zamanda xalqlar arasında mənəvi yaxınlığın və gələcək əməkdaşlığın əsasını qoyan tarixi hadisə kimi qiymətləndirilir.

Həmin dövrdə Azərbaycan iqtisadiyyatın, xüsusilə neft sənayesinin inkişafı, elmi-texniki potensialı və zəngin mədəniyyəti ilə seçilirdi. Bakı şəhəri regionun mühüm sənaye və mədəniyyət mərkəzlərindən biri olmaqla, müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin diqqətini cəlb edirdi. Ho Şi Minin Azərbaycana səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. O, Bakıda Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmuş, ölkənin sənaye və mədəni həyatına maraq göstərmişdir.

Vyetnam xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin görkəmli rəhbəri olan Ho Şi Min öz siyasi fəaliyyəti, qətiyyəti və xalqların azadlıq hüququna verdiyi yüksək qiymətlə tanınırdı. Onun Azərbaycana səfəri Vyetnam ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına tarixi zəmin yaratmışdır. Bu görüş və təmaslar qarşılıqlı etimadın möhkəmlənməsinə, xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaratmışdır.

Tarixi səfər və möhkəm dostluq münasibətləri

1959-cu il iyulun 21–23-də Ho Şi Minin Bakıya səfəri zamanı Azərbaycanın neft sənayesi ilə tanış olması xüsusi əhəmiyyət kəsb edirdi. O, Azərbaycanın zəngin neftçilik təcrübəsinə böyük maraq göstərmiş, Vyetnamda da müasir neft sənayesinin yaradılmasının vacibliyini vurğulamışdır. Bu səfər sonrakı illərdə iki xalq arasında iqtisadi, elmi və texniki əməkdaşlığın inkişafına təkan vermişdir.

Azərbaycan xalqı Vyetnamın inkişafına dəstək göstərilməsində mühüm rol oynamışdır. Müxtəlif dövrlərdə minlərlə azərbaycanlı mütəxəssis Vyetnamda çalışaraq neft sənayesinin qurulmasına, istehsal sahələrinin inkişafına və müharibədən sonrakı bərpa prosesinə öz töhfəsini vermişdir. Eyni zamanda, çoxsaylı vyetnamlı gənclər Azərbaycanda təhsil alaraq müxtəlif ixtisaslara yiyələnmişlər. Bu əməkdaşlıq xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət etmişdir.

İki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də xüsusi xidmətləri olmuşdur. Onun 1983-cü ildə Vyetnama səfəri tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm mərhələ təşkil etmişdir. Beləliklə, Ho Şi Minin 1959-cu ildə Bakıya, Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərləri iki xalqın dostluq tarixində mühüm iz qoymuşdur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Vyetnamla münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1992-ci il sentyabrın 23-də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Sonrakı illərdə siyasi dialoq genişlənmiş, iqtisadiyyat, energetika, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycanın Hanoyda səfirliyinin fəaliyyətə başlaması da əlaqələrin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur.

2025-ci ildə Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması bu tarixi dostluğun müasir dövrdə yeni səviyyəyə yüksəldiyini nümayiş etdirmişdir. Bu mühüm mərhələ qarşılıqlı siyasi etimadın, ortaq maraqların və gələcəyə yönəlmiş əməkdaşlıq niyyətinin göstəricisidir.

Bu gün Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı hər iki ölkənin milli maraqlarına uyğun olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə də töhfə verir. Xüsusilə enerji təhlükəsizliyi, sənaye, investisiya, nəqliyyat, turizm, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Tarix sübut edir ki, xalqlar arasında səmimi dostluq yalnız rəsmi görüşlərlə deyil, qarşılıqlı dəstək, etimad və birgə fəaliyyətlə möhkəmlənir. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri məhz belə bir dostluğun başlanğıcında dayanan əlamətdar hadisədir.

Ho Şi Minin Bakı səfəri Azərbaycan-Vyetnam münasibətlərinin tarixində unudulmaz səhifədir. Bu səfərlə əsası qoyulan dostluq bu gün də yaşayır, inkişaf edir və yeni əməkdaşlıq imkanları ilə zənginləşir. Əminliklə demək olar ki, iki xalq arasında formalaşmış tarixi bağlılıq gələcək nəsillər üçün də möhkəm dostluq və qarşılıqlı hörmət nümunəsi olaraq qalacaqdır.

Rəvanə Seyidova,
YAP Ordubad rayon təşkilatının fəalı