24 noyabr 2026 12:11
180

Kəlbəcər – tarixi ədalətin bərpası və milli iradənin təntənəsidir

25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın dövlətçilik tarixində, milli yaddaşında və Zəfər salnaməsində xüsusi yeri olan əlamətdar gündür. Bu tarix yalnız bir şəhərin və rayonun işğaldan azad olunmasını deyil, həm də milli iradənin, siyasi qətiyyətin, hərbi gücün və dövlətin öz suverenliyini bərpa etmək əzminin təntənəsini ifadə edir. Kəlbəcər bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, tarixi ədalətin bərpasının və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin simvollarından biridir. Kəlbəcər qədim tarixi, zəngin mədəni irsi, təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə Azərbaycanın ən mühüm bölgələrindən biridir. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etməsi bu ərazinin tarixi-coğrafi xüsusiyyətləri ilə bağlılığını göstərir. Tərtər çayı boyunca yerləşən qədim süni mağaralar, 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 min illik qaya təsvirləri və qədim türk əlifbasının nümunələri Kəlbəcərin minilliklər boyu insan məskəni olduğunu, qədim sivilizasiyaların və mədəniyyətlərin izlərini qoruyub saxladığını təsdiqləyən mühüm arxeoloji faktlardır. Bölgənin daş abidələri müxtəlif tarixi mərhələlərdə – erkən türklük, atəşpərəstlik, xristianlıq və İslam mədəniyyətlərinin yayıldığı dövrlərdə formalaşmış zəngin irsin tərkib hissəsidir. Azərbaycanın ən yüksək dağlıq rayonu olan Kəlbəcər mürəkkəb relyefi, strateji yüksəklikləri, geniş meşə massivləri, mineral su ehtiyatları və əlverişli təbii potensialı ilə ölkənin geosiyasi və iqtisadi baxımdan mühüm ərazilərindən biridir. 3054 kvadratkilometr ərazini əhatə edən rayon 1930-cu ildə inzibati rayon statusu almış, işğala qədər 53 mindən çox əhalisi, 1 şəhəri, 1 qəsəbəsi və 145 kəndi ilə özünəməxsus sosial-iqtisadi və mədəni həyat formalaşdırmışdır. Kəlbəcər yalnız coğrafi ərazi deyil, burada yaşayan insanların tarixi yaddaşı, milli kimliyi, ailə ənənələri, həyat tərzi və mənəvi dünyası ilə bütövləşən Azərbaycan torpağıdır. 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycanın müasir tarixində ağır faciələrdən biri oldu. İşğal nəticəsində yüzlərlə dinc sakin öldürüldü, əsir və itkin düşdü, on minlərlə insan doğma yurdunu tərk etməyə məcbur edildi. Rayonun tarixi-mədəni irsi, yaşayış infrastrukturu, təhsil, səhiyyə və mədəniyyət müəssisələri dağıdıldı, iqtisadi potensialı talan edildi. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, xəstəxanalar, tibb məntəqələri, yüzlərlə inzibati bina və minlərlə yaşayış evi işğalın ağır nəticələri ilə üzləşdi. Kəlbəcərin işğalı insanların doğma torpaqdan məcburi ayrılması ilə yanaşı, bütöv bir bölgənin tarixi-mədəni və sosial həyatının məhv edilməsi demək idi. Beynəlxalq hüquq baxımından da bu işğal açıq şəkildə qəbuledilməz idi. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edirdi. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu qərar uzun illər icrasız qaldı. Bu fakt beynəlxalq münasibətlər sistemində hüquqi qərarların siyasi iradə və real icra mexanizmləri ilə dəstəklənmədiyi zaman onların effektivliyinin necə zəiflədiyini göstərən ciddi nümunə oldu. Ermənistanın işğal dövründə Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti də beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla, münaqişənin daha da mürəkkəbləşdirilməsinə xidmət edirdi. Azərbaycanın uzun illər ərzində işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpası və beynəlxalq hüququn təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasət 2020-ci ildə tarixi nəticə verdi. Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü, dövlətin strateji planlaşdırma qabiliyyətini, xalqın birliyini və milli iradəsini nümayiş etdirdi. Müharibənin ilk günlərindən Kəlbəcərin şimal istiqamətində əldə olunan strateji yüksəkliklər Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə strateji nöqtələrin ələ keçirilməsi Ermənistan ordusunun hərəkətlərini faktiki olaraq iflic vəziyyətinə salmış, Basarkeçər-Kəlbəcər yolundan istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. Bu, Azərbaycanın hərbi əməliyyatlarda coğrafi üstünlükləri, strateji və taktiki planlamanı, siyasi iradəni vahid məqsəd ətrafında birləşdirməsinin mühüm göstəricisi idi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm siyasi nəticələrdən biri oldu. Bəyanatın şərtlərinə əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcərin bir güllə atılmadan təhvil alınması Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə də uğurla tamamlanmasının, dövlətin siyasi və strateji məqsədlərinə nail olmasının mühüm təzahürü idi. Bu hadisə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək iradəsinin, diplomatik mövqeyinin və hərbi qüdrətinin vəhdətini nümayiş etdirdi.

Kəlbəcərin boşaldılması zamanı evlərin, yaşayış məntəqələrinin yandırılması, meşələrin məhv edilməsi və ətraf mühitə ciddi ziyan vurulması işğalın yaratdığı humanitar və ekoloji fəsadların miqyasını bir daha ortaya qoydu. Doğma torpaqlara qayıdışın qarşısını almaq məqsədilə həyata keçirilən bu vandalizm aktları işğalçı siyasətin mahiyyətini, mülkiyyətə, tarixi irsə və təbiətə münasibətdə nümayiş etdirilən məsuliyyətsizliyi göstərirdi. Azərbaycan bütün bu dağıntılara baxmayaraq, azad edilmiş ərazilərdə intiqam və revanş deyil, bərpa, quruculuq, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf strategiyasını əsas götürdü. Kəlbəcərin azad olunmasının hərbi və siyasi əhəmiyyəti onun iqtisadi, sosial və geostrateji potensialının yenidən Azərbaycanın inkişafına xidmət etməsi ilə daha da genişlənir. Rayonun dağlıq relyefi, zəngin su ehtiyatları, mineral bulaqları, meşələri, turizm imkanları və enerji potensialı Azərbaycanın postmünaqişə dövründə iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir. Burada həyata keçirilən layihələr yalnız dağıdılmış infrastrukturun bərpası deyil, gələcək nəsillər üçün müasir, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və iqtisadi cəhətdən səmərəli yaşayış mühitinin yaradılmasına yönəlib. Kəlbəcərin yenidən qurulması cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının sistemli və planlı xarakter daşıdığını göstərir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiq edilməsi bu prosesin uzunmüddətli perspektivlər əsasında təşkil olunduğunu təsdiqləyir. Baş Plana əsasən, Kəlbəcər şəhərinin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə 4250 mənzil, dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman infrastrukturu yaradılacaq. Şəhər ərazisinin 22 faizinin yaşıllıq zonalarına ayrılması, hər bir sakinə 33 kvadratmetr yaşıllıq sahəsinin nəzərdə tutulması müasir urbanistik yanaşmanın, ekoloji tarazlığın və insan amilinin prioritetliyinin göstəricisidir. Kəlbəcər şəhərində inşa edilən yaşayış kompleksləri, yeni infrastruktur və sosial obyektlər doğma yurda qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışını təmin etmək məqsədi daşıyır. 524 ailəlik yaşayış məhəlləsinin inşası, mərhələli məskunlaşma proqramı, parkların, istirahət zonalarının, uşaq oyun və idman meydançalarının yaradılması şəhərin yalnız fiziki olaraq deyil, sosial həyat baxımından da yenidən formalaşmasına xidmət edir. 2025-ci il avqustun 21-də Prezident cənab İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sakinlərə mənzillərin açarlarının təqdim edilməsi Böyük Qayıdışın artıq real nəticələrə çevrildiyini göstərən mühüm hadisə oldu. Kəlbəcər rayonunun kəndlərinin yenidən qurulması da bu strategiyanın mühüm tərkib hissəsidir. Yanşaq, Zallar və Zar kəndlərində yeni yaşayış məntəqələrinin salınması, fərdi evlərin, məktəblərin və uşaq bağçalarının inşası, sosial infrastrukturun yaradılması bölgənin məskunlaşma potensialının mərhələli şəkildə reallaşdırılmasına imkan verir. Bu layihələr insanların doğma yurdlarına qayıtması üçün yalnız yaşayış evlərinin deyil, təhsil, sosial xidmətlər, məşğulluq və gündəlik həyat üçün zəruri şəraitin də yaradılmasını nəzərdə tutur. Böyük Qayıdışın mahiyyəti məhz insanların öz torpaqlarında təhlükəsiz, layiqli və davamlı həyat qurmasına imkan verən kompleks inkişaf modelidir. Kəlbəcərdə nəqliyyat infrastrukturunun qurulması bölgənin iqtisadi və strateji inteqrasiyasını gücləndirən əsas amillərdəndir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, Murovdağ tuneli və digər yol layihələri dağlıq ərazidə hərəkət imkanlarını genişləndirir, bölgənin ölkənin əsas nəqliyyat şəbəkəsinə inteqrasiyasını sürətləndirir. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu yolunun və onun üzərində inşa edilən tunellərin əhəmiyyəti yalnız məsafələrin qısaldılması ilə məhdudlaşmır. Bu layihələr ilboyu təhlükəsiz və fasiləsiz nəqliyyat əlaqələrinin təmin edilməsinə, turizmin inkişafına, iqtisadi aktivliyin artmasına və bölgənin strateji əlçatanlığının yüksəldilməsinə xidmət edir. Murovdağ tuneli kimi mühəndislik layihələri Azərbaycanın azad edilmiş ərazilərdə ən mürəkkəb infrastruktur layihələrini həyata keçirmək imkanlarının və texnoloji potensialının göstəricisidir. Kəlbəcərin enerji potensialının bərpası və inkişafı da Azərbaycanın yaşıl enerji strategiyası ilə uzlaşır. Rayonun çayları üzərində inşa edilən və yenidən qurulan kiçik su elektrik stansiyaları yerli enerji ehtiyatlarından səmərəli istifadəni, enerji təhlükəsizliyinin gücləndirilməsini və ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafı təmin edir. “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Yuxarı Vəng”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” və digər su elektrik stansiyalarının fəaliyyəti bölgənin enerji potensialının iqtisadi dövriyyəyə qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonalarına çevirmək siyasətinin konkret nəticələridir. Kəlbəcərin ən mühüm iqtisadi və turizm potensiallarından biri olan “İstisu” mineral su ehtiyatlarının yenidən istifadəyə verilməsi bölgənin tarixi şöhrətinin və iqtisadi imkanlarının bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Mineral su zavodunun fəaliyyətə başlaması, müasir istehsal infrastrukturu, yerli sakinlərin məşğulluğunun təmin edilməsi və məhsulun ölkə iqtisadiyyatına qazandırılması bu istiqamətdə atılan mühüm addımlardır. “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması isə Kəlbəcərin gələcəkdə sağlamlıq turizmi, ekoturizm və beynəlxalq turizm istiqamətlərində inkişafına geniş imkanlar açacaq. Bu, bölgənin yalnız təbii sərvətlərinin istifadəsi deyil, həm də milli brendlərin, turizm xidmətlərinin və regional iqtisadiyyatın inkişafı deməkdir. Cənab Prezidentin azad edilmiş Kəlbəcərə mütəmadi səfərləri, burada infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı, sakinlərlə görüşləri və onların problemlərinin yerində öyrənilməsi dövlət siyasətinin icrasına nəzarətin, siyasi məsuliyyətin və Böyük Qayıdış prosesinə verilən strateji əhəmiyyətin göstəricisidir. Bu səfərlər Kəlbəcərin inkişafının yalnız plan və proqramlarla məhdudlaşmadığını, dövlət başçısının birbaşa diqqəti və siyasi iradəsi ilə ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir. 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin milli yaddaşda əbədiləşdirilməsinə, gələcək nəsillərə Zəfər tariximizin və azadlıq mübarizəsinin mahiyyətinin çatdırılmasına xidmət edir. “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi və 9455 hərbi qulluqçunun bu medalla təltif olunması Azərbaycanın hərbi tarixində Kəlbəcər əməliyyatlarının xüsusi yerini, Vətən uğrunda mübarizə aparan hərbçilərin qəhrəmanlığını və fədakarlığını ifadə edir.

Bu gün Kəlbəcər işğalın ağır izlərini geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Burada inşa edilən yollar, tunellər, yaşayış kompleksləri, məktəblər, enerji obyektləri, turizm infrastrukturu və sosial müəssisələr Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etdikdən sonra həyata keçirdiyi quruculuq siyasətinin real təzahürüdür. Kəlbəcərin yenidən qurulması milli gücün, iqtisadi potensialın, siyasi iradənin və dövlətin gələcəyə baxışının bir araya gəldiyi strateji layihədir. Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi yaddaşını, milli birliyini, Vətən sevgisini və Zəfər ruhunu yaşadan əlamətdar tarixdir. Bu gün biz yalnız azad edilmiş torpaqlarımızın sevincini deyil, həm də dövlətimizin qarşısında duran böyük quruculuq missiyasının məsuliyyətini dərk edirik. Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün, müstəqilliyinin və suverenliyinin təcəssümü olmaqla yanaşı, milli iradənin heç bir zaman sarsılmadığını, tarixi ədalətin gec də olsa bərpa olunduğunu və Azərbaycan xalqının öz gələcəyini öz torpaqlarında qurmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirir.

Kəlbəcər azadlığı ilə Zəfər tariximizin, dirçəlişi ilə isə Azərbaycanın gələcək inkişaf salnaməsinin parlaq səhifəsinə çevrilir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı