24 noyabr 2026 10:43
282

Azərbaycan Kəlbəcərdə də yeni şəhər və kəndlər qurur

2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbə Ağdam, Kəlbəcər və Laçının döyüşsüz Azərbaycana qaytarılmasına zəmin yaratdı.

Kəlbəcərin bir güllə atılmadan azad olunması, heç şübhəsiz, Azərbaycanın həm hərbi, həm də diplomatik uğuru idi. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşündə bu məsələyə toxunaraq bildirmişdi ki, rayonun mürəkkəb relyefi, qış mövsümünün yaxınlaşması və Ermənistan ordusunun qurduğu istehkamlar nəzərə alınarsa, Kəlbəcərin hərbi yolla azad edilməsi böyük itkilərlə nəticələnə bilərdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Ordusu istənilən halda bu torpaqları azad edəcəkdi. Lakin hərbi qələbənin yaratdığı siyasi reallıq Kəlbəcərin itkisiz qaytarılmasına imkan verdi.
Kəlbəcərin 1993-ci ilin aprelində işğalına gəlincə, cənab Prezidentin bəyan etdiyi kimi, “bunun günahkarı Azərbaycan Xalq Cəbhəsidir”. Belə ki, 1992-ci ildəki daxili siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Ermənistanın işğalına yol açdı. “O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi” deyən dövlət başçımızın da söylədiyi kimi, yarıtmaz iqtidar ordu quruculuğuna və bölgədə yaşayan insanların təhlükəsizliyinə diqqət yetirmirdi. Kəlbəcərin işğalı isə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və bu, sonrakı işğallar üçün əlverişli şərait formalaşdırdı.
Xatırladaq ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul etmiş, Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarılmasını tələb etmişdi. Lakin bu qətnamənin icrası uzun illər təmin olunmadı. Beynəlxalq vasitəçilik mexanizmləri münaqişənin həllilə bağlı nəticə vermədi. Azərbaycan isə öz hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü bərpa edərək BMT qətnamələrinin tələblərinin həyata keçirilməsinə nail oldu. Bu, beynəlxalq münasibətlər sistemində dövlətin öz suveren hüquqlarını təmin etmək əzminin göstəricisi idi.
Ermənistanın işğal dövründə və geri çəkilərkən törətdiyi dağıntılar Kəlbəcərin tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və təbiətinə ağır zərbə vurdu. Rayon tərk edilərkən evlərin yandırılması, ərazilərin minalanması və mülki infrastrukturun məhv edilməsi erməni vəhşiliyinin növbəti təzahürü idi. 
Prezident İlham Əliyev 2025-ci ildə Kəlbəcər sakinləri ilə görüşündə şəhərin dağıdılmış vəziyyətini xatırladaraq bildirdi ki, “Kəlbəcər şəhərində, heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi”. Bu gün Azərbaycan həmin dağıntıların yerində yeni şəhər və kəndlər qurur.
Artıq Kəlbəcərdə Böyük Qayıdışın real nəticələri görünür. 2025-ci il avqustun 20-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. 2026-cı ilin sentyabrında Kəlbəcər şəhərində 162 ailənin yaşadığı açıqlanıb. Bu, illərlə doğma yurda qayıtmaq arzusu ilə yaşayan insanlar üçün tarixi mərhələdir. Burada təhlükəsiz yaşayış, məşğulluq və sosial ehtiyacların  təmin olunması da əsas prioritetlərdəndir.
Kəlbəcərin gələcək inkişafı 2040-cı ilədək nəzərdə tutulan Baş Plan əsasında həyata keçirilir. Plana görə, şəhərin ərazisi təxminən 290 hektara, əhalisinin sayı isə 17 min nəfərə çatdırılacaq.
Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə səsləndirdiyi “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” fikri bu gün bölgədə görülən işlərin mahiyyətini ifadə edir. 
Altı il əvvəl hərbi və diplomatik qələbə ilə azad edilən bu qədim diyar bu gün dövlətimizin gücü, xalqımızın iradəsi ilə yenidən dirçəlir. Kəlbəcər öz doğma sakinləri ilə birlikdə yeni tarixini yazır, inkişaf mərhələsini yaşayır.

Könül Nurullayeva,
Milli Məclisin deputatı