21 noyabr 2026 22:35
177

Slovakiyada naməlum maddədən zəhərlənən 40 nəfər xəstəxanaya yerləşdirilib

Slovakiyanın qərbində yerləşən Modra şəhərində müəllim hazırlığı kollecində naməlum maddənin sızması nəticəsində 25-i azyaşlı olmaqla 40 nəfər xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun mətbuat katibi Dana Kameniçka xəstəxanaya yerləşdirilənlərdən 25-nin 15-17 yaşlı yeniyetmələr olduğunu bildirib.

Hadisə yerinə gələn xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları məktəb binasındakı müəllim və şagirdlərin təxliyəsini həyata keçiriblər. Naməlum maddədən zəhərlənən şəxslərin bəziləri təcili tibbi yardım helikopterləri ilə xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı "İctimai sağlamlığa təhlükə yaratmaq" maddəsi üzrə cinayət işi açıb.

Qeyd edək ki, hadisə cümə günü baş verib. Zərərçəkənlərin əksəriyyətinin şənbə günü xəstəxanalardan evə buraxılacağı gözlənilir. Modra Pedaqoji Kollecinin tələbə və əməkdaşlarının zəhərlənməsinə səbəb olan maddənin növü hələlik açıqlanmayıb.