Böyük Britaniya və Ukrayna arasında müdafiə sahəsində yeni sazişlər bağlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin qurumun rəhbəri Ues Stritinqin Kiyevə səfərinin yekunlarına dair məlumatında qeyd olunub.
Bildirilib ki, razılaşmalar dron istehsalının həcminin artırılmasına və tədarük zəncirlərinin gücləndirilməsinə yönəlib.
Səfər zamanı Stritinq Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Yevgeni Xmara ilə görüşüb. Tərəflər mülki əhaliyə və kritik infrastruktura qarşı Rusiyanın artan hücumları fonunda Kiyevə gələcək hərbi və sənaye dəstəyini müzakirə ediblər.
Zelenski dəstəyə və elan edilmiş 500 milyon funt sterlinq məbləğində qış hərbi yardım paketinə görə Londona təşəkkür edib. Britaniya həmçinin ehtiyac olduğu müddətcə hər il Ukraynaya 3 milyard funt sterlinq məbləğində hərbi yardım göstərmək öhdəliyini təsdiqləyib.
Stritinq vurğulayıb ki, Böyük Britaniya Kiyevi dəstəkləməyə davam edəcək.
"Ukraynanın cəbhə xətti azadlıq və demokratiya uğrunda bizim cəbhə xəttimizdir. Rusiya Federasiyası hakimiyyəti təkcə körpüləri dağıtmağa çalışmır, onlar Ukrayna xalqının ruhunu sındırmağa çalışırlar. Biz Ukraynanı dəstəkləməkdə həmrəyik və sizi məyus etməyəcəyik", - britaniyalı nazir bildirib.
Stritinqin səfəri onun Polşada "istəklilər koalisiyası"nın təlimlərində - Böyük Britaniya və Fransanın rəhbərliyi altında Ukrayna üçün çoxmillətli qüvvələrin ilk böyük manevrlərində iştirakından sonra baş tutub. Təlimlər hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ordusunun bərpasına dəstək vermək üçün cəlb oluna biləcək qüvvələrin yerdəyişməsi, müdafiəsi və təminatı üzrə fəaliyyətlərin məşq edilməsinə yönəlib.