Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin aşması nəticəsində azı 50 nəfərin həlak ola biləcəyi ehtimal edilir.
“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Hadisə Niger çayının deltasındakı qollardan birinin yaxınlığında baş verib. Gəmi bölgədə bir neçə gün əvvəl baş vermiş oxşar qəzada həlak olanların dəfn mərasiminə gedən sərnişinləri daşıyırmış. Ekspertlər faciənin əsas səbəblərindən biri kimi gəminin həddindən artıq yüklənməsini göstərirlər.
İlkin məlumatlara əsasən, gəmidə təxminən 300 nəfər olub, onlardan 24-ü xilas edilib. İndiyədək 50-dən çox meyit aşkarlanaraq morqa aparılıb, digər sərnişinlərin taleyi isə hələlik məlum deyil.
Axtarış-xilasetmə işləri davam etdirilir.