Şükürlər olsun ki, əsaslı təmirdən sonra yenidən Xankəndi şəhərində futbol matçı keçirildi. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirik. Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyirik.
“İki sahil” xəbər verir ki, bu sözləri "Karvan-Yevlax" komandasının baş məşqçisi Ramiz Məmmədov I Liqanın VIII turunda "Xankəndi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandanın gec yığılmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiklərini bildirib: "Düşünürəm ki, hava şəraiti də futbolçulara təsir etdi. Çünki Xankəndi yüksək yerdə yerləşir. Buna görə də futbolçularda sanki boğulma var idi".
Mütəxəssis bu mövsüm əsas hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu bildirib: "Bunun üçün rəhbərlik də əlindən gələni edir".