İdmanda qələbə yalnız rəqib üzərində üstünlük qazanmaq deyil. Bəzən ən böyük mübarizə idmançının öz daxilində – zədələrlə, uğursuzluqlarla, psixoloji gərginliklə və yenidən ayağa qalxmaq iradəsi ilə bağlı olur. Yunan-Roma güləşi üzrə dünya çempionu Sənan Süleymanovun idman yolu da belə sınaqlardan keçib. Olimpiya Oyunlarında zədə səbəbindən yaşadığı məğlubiyyətə baxmayaraq, mübarizəni dayandırmayan idmançı dünya çempionu tituluna yiyələnib. O, müsahibəsində güləşə gəlişindən, peşəkar idmanın görünməyən çətinliklərindən, uğurunda ailəsinin və məşqçisinin rolundan, eləcə də gələcək Olimpiya hədəflərindən danışıb. Söhbət zamanı Azərbaycan güləşinin inkişafı və gənc idmançıların yetişdirilməsi ilə bağlı fikirlərini də bölüşüb.
– İlk olaraq, özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Güləşə marağınız necə yaranıb və bu idman növünü seçməyinizdə hansı amillər həlledici olub?
– Salam. Mən Sənan Süleymanov, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvüyəm. Güləş, ümumiyyətlə, xalqımızın qədim idman ənənələrindən biridir. Uşaqlıqdan həyətimizdə, məhəllədə dostlarımızla tez-tez güləşərdik. 2004-cü ildə Fərid Mansurov Olimpiya Oyunlarının qalibi olduqdan sonra valideynlərim də bu uğurdan ilhamlanaraq məni 2006-cı ildə Binə qəsəbəsində güləş məşqlərinə yazdırdılar. Beləliklə, güləş həyatımın ayrılmaz hissəsinə çevrildi.
– Güləş fiziki güclə yanaşı, taktiki düşüncə, dözümlülük və rəqibin hərəkətlərini düzgün qiymətləndirmək bacarığı tələb edir. Bu xüsusiyyətləri inkişaf etdirmək üçün məşqlərdə daha çox nəyə diqqət yetirirsiniz?
– Bəli, düşünürəm ki, güləş ən çətin idman növlərindən biridir. Çünki bu idman növündə hərtərəfli hazırlıqlı olmalısan. Fiziki güc, dözümlülük, sürət, texnika və taktika – bütün bu keyfiyyətlər bir-birini tamamlayır. Onlardan hər hansı biri çatışmadıqda qələbə qazanmaq daha da çətinləşir.
Bu xüsusiyyətlərin hər birini inkişaf etdirmək üçün aylarla, hətta illərlə davamlı məşq edirik. Əsas məqsədimiz zəif tərəflərimizi aradan qaldırmaq, çatışmazlıqlarımızı minimuma endirmək və yarış zamanı çətin vəziyyətlərlə qarşılaşdıqda düzgün qərarlar verə bilməkdir.
– Güləşçinin hazırlıq prosesi kənardan göründüyündən daha mürəkkəb ola bilər. Gündəlik məşqlər, fiziki yüklənmə və yarışlara hazırlıq baxımından peşənizin ən çətin tərəflərini nədə görürsünüz?
– İnanın ki, bu iş göründüyü qədər asan deyil. Peşəkar idmançı olmaq üçün həyatının hər anına diqqət etməli, hər addımını düşünərək atmalısan. Şəxsi həyatın, gündəlik işlərin, dostların, ailən – bütün bunlar istər-istəməz idman həyatına təsir göstərə və məşqlərinə mane ola bilər.
İdmançı həyatının görünməyən tərəflərindən biri də məhz budur. Digər tərəfi isə psixoloji və mənəvi çətinliklər, ən əsası, saysız-hesabsız zədələrdir. Məncə, idmançı həyatının ən ağır tərəfləri də elə bunlardır. Çünki tamaşaçılar yarış zamanı yalnız idmançının xalça üzərindəki mübarizəsini görürlər. Amma bu uğurun arxasında nə qədər əziyyət, fədakarlıq və səbir dayandığını çox vaxt bilmirlər.
– Güləş xalça üzərində saniyələr ərzində düzgün qərar verməyi tələb edən idman növüdür. Rəqibin taktikasına uyğunlaşmaq və gərgin mübarizə zamanı soyuqqanlı qalmaq üçün hansı məqamları əsas hesab edirsiniz?
– Güləşdə yarış zamanı düzgün qərar vermək heç də həmişə asan olmur. Bəzən hakimlərin qərarları və ya görüş zamanı yaranan müəyyən gərginliklər əvvəlcədən qurduğun planı dəyişə bilər. Hər şey istədiyin kimi getməyə bilər. Məhz belə anlarda vəziyyəti düzgün qiymətləndirməyi, soyuqqanlılığını qorumağı və yaranmış şəraitə uyğun hərəkət etməyi bacaran idmançı üstünlük qazanır. Düşünürəm ki, bu bacarıq qələbəyə aparan əsas amillərdən biridir.
– İdman karyeranızda sizə ən çox təsir edən yarış, qələbə və ya məğlubiyyət hansı olub? Həmin təcrübədən hansı nəticələri çıxarmısınız və bu, sonrakı çıxışlarınıza necə təsir göstərib?
– Bəlkə də, təkcə idman karyeramda deyil, həyatımda da içimdəki ən böyük boşluq Olimpiya Oyunlarında zədə səbəbindən məğlub olmağımdır. Çünki bu, mənim üçün sadəcə idman nəticəsi deyildi. Həyatım boyu unuda bilməyəcəyim, içimdə daim hiss edəcəyim böyük bir boşluq yaratdı.
Amma bütün bunlara baxmayaraq, özümü toparlamağı, yenidən ayağa qalxmağı bacardım və dünya çempionu oldum. Bu uğur mənim üçün həm də özümə, gücümə və iradəmə qalib gəlmək demək idi. Həmin çətin təcrübə mənə bir daha göstərdi ki, idmançı üçün ən vacib keyfiyyətlərdən biri nə qədər çətin olsa da, mübarizəni davam etdirməkdir.
– Güləşdə nəticə əldə etmək üçün təkcə idmançının əzmi deyil, məşqçinin düzgün istiqamətləndirməsi və ətrafındakı insanların dəstəyi də mühüm rol oynayır. Sizin inkişafınızda məşqçinizin və ailənizin dəstəyini necə qiymətləndirirsiniz?
– Təbii ki, idmançı uğur qazanmaq üçün çox əziyyət çəkir, çətinliklərə, ağrılara və yorğunluğa dözür. Amma bu işin görünməyən tərəflərindən biri də idmançının uğursuzluq yaşadığı, həvəsdən düşdüyü, zədələndiyi və özünə inamını itirdiyi anlarda yanında olan insanlardır. Bunların başında ailə üzvləri və şəxsi məşqçi gəlir.
Məhz belə çətin anlarda idmançıya dəstək olan, ona inanan və yenidən ayağa qalxmasına kömək edən insanlar onun uğurunda əvəzolunmaz rol oynayırlar. Çünki idmançının nailiyyətlərinin arxasında təkcə öz əziyyəti deyil, ona inanan və hər zaman yanında olan insanların da böyük zəhməti dayanır.
– Güləş insana mübarizə aparmaqla yanaşı, rəqibə hörmət etməyi, qaydalara əməl etməyi və məğlubiyyətdən nəticə çıxarmağı da öyrədir. Bu idman növünün xarakterinizə və həyata baxışınıza təsiri nədən ibarətdir?
– Bəlkə də, uşaqlıqdan bu idman növü ilə məşğul olduğum üçün belə düşünürəm. Mən hər zaman qaydalara əməl etməyə, qarşımda kim olmasından asılı olmayaraq - istər rəqibim, istərsə də başqa biri olsun – ona hörmətlə yanaşmağa çalışmışam.
İdman mənə təkcə mübarizə aparmağı deyil, həm də hörmətli, intizamlı və ədalətli olmağı öyrədib. Bu prinsiplərə hər zaman sadiq qalmağa çalışmışam və bundan sonra da belə davam etmək niyyətindəyəm.
– Qarşıdakı illər üçün əsas idman hədəfləriniz hansılardır? Beynəlxalq yarışlarda uğur qazanmaq, ölkəmizin bayrağını yüksəltmək və karyeranızda yeni mərhələyə keçmək baxımından hansı məqsədləri qarşınıza qoymusunuz?
– Qarşıdakı illərdə bizi bir çox beynəlxalq yarışlar gözləyir. Avropa və dünya çempionatları, eləcə də müxtəlif beynəlxalq turnirlər. Bunların hər biri mənim üçün vacibdir və hər birinə ciddi şəkildə hazırlaşacağam.
Amma bütün bu yarışların içərisində mənim üçün ən böyük hədəf Olimpiya Oyunlarıdır. Olimpiadada iştirak etməyi və orada uğur qazanmağı hədsiz dərəcədə arzulayıram. Bu arzumun arxasınca böyük inamla gedirəm və inanıram ki, bir gün istəyimə çatacağam.
– Bu gün güləşə maraq göstərən, lakin məşqlərin çətinliyini və rəqabətin yüksək olduğunu düşünərək tərəddüd edən gənclərə nə tövsiyə edərdiniz?
– Bütün idman növlərində olduğu kimi, güləşdə də uğur qazanmaq asan deyil. Çətindir, lakin tərəddüd etməyə dəyməz. Çünki çəkdiyin zəhmət nə qədər ağır, yolun nə qədər çətin olarsa, qazandığın uğur da bir o qədər şirin olar. Bunun üçün sadəcə səbirli olmaq, iradə göstərmək və əzmlə çalışmaq lazımdır.
– Sizcə, Azərbaycanda güləşin daha da inkişafı, istedadlı gənclərin üzə çıxarılması və onların beynəlxalq arenada uğur qazanması üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?
– Azərbaycan güləşi, sözsüz ki, dünya arenasında öz sözünü demiş və layiqli mövqeyini qazanmışdır. Bununla belə, aşağı yaş qruplarının və gənc idmançıların daha da inkişaf etdirilməsi üçün müəyyən addımların atılmasının vacib olduğunu düşünürəm.
Mənim şəxsi fikrim belədir ki, idman karyerasını başa vurmuş peşəkar idmançıları öz doğma regionlarında yerləşən idman zallarına və ya komplekslərə rəhbər və ya məşqçi kimi təyin etməklə gələcək nəsil idmançıların yetişdirilməsinə daha böyük töhfə vermək olar.
Bu yanaşma həm peşəkar idmançıların illərlə qazandıqları təcrübənin gələcək nəsillərə ötürülməsinə, həm də gənc idmançıların daha düzgün, planlı və balanslı şəkildə inkişafına şərait yaradar. Unutmamalıyıq ki, gələcəyin çempionlarını yetişdirmək üçün bugünkü təcrübədən düzgün istifadə etmək lazımdır.
Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında növbəti mərhələyə yüksəlib