19 noyabr 2026 11:16
127

Şəhər Günləri azərbaycançılığın tarixə diktəsidir

Etimoloji baxımdan “ağ evlər məkanı” kimi yozulan Ağdam XIX əsrin sonlarına kimi ermə­ni­lərin ciddi səviyyədə çəkindiyi rayonlarımızdan biri olub. Birinci Qarabağ müharibəsi başla­yan­da Ağdamda yaradılan yerli müdafiə batalyonları, əhali düşmənin həmlələrinin, hücumlarının qarşısını qə­tiy­yətlə alırdı. 16 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü...

Ağdam döyüşürdü, ağdamlılar döyüşürdü. Döyüşlər 43 gün davam etdi. Siyasi dəstək aldığı havadarlarından hərbi dəstək də alan Ermənistan bu istiqamətdə hücumlarını intensivləşdirit, güc­lən­dirirdi. Döyüş texnikaları müdafiə döyüşlərinin aparılmasını xeyli çətinləşdirmişdi. 1993-cü il iyu­lun 23-də rayonun 73 faizi işğal edildi, 128 min ağdamlı məcburi köçkün oldu...

Müharibə davam etdiyi vaxtlarda, 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası bu əda­­lətsiz müharibəyə münasibət bildirdi, 853 saylı qətnamə qəbul etdi. Qətnamə kifayət qədər bö­yük səlahiyyətə malik olan beynəlxalq qurumun ciddi tələbi idi, “işğalçı qüvvələrin Ağdam ra­yo­nu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edi­lirdi. O vaxtlarda fəaliyyətdə olan ATƏT-in Minsk qrupuna daxil olan 9 dövlət də birgə çağırış edə­­rək Ermənistanın Azərbaycana hücumunu qətiyyətlə pisləmişdi, işğalçıdan qoşunlarını çı­xart­­mağa çağırmışdı. Lakin işğalçı Ermənistan nə qətnaməyə əməl etdi, nə də bu çağırışa məhəl qoy­du...

Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi Ağ­dam­da da kəndləri talayır, evləri sökür, gərəkli tikinti materiallarını daşıyır, tarixi abidələri dağıdırdı.

İkinci Dünya müharibəsində Xirosima şəhəri yerlə yeksan edilmişdi. Bu şəhər həm də müha­ri­bə dağıntıları ilə bağlı vəhşiliklərin müqayisə şəhəri olmuşdu. Birinci Qarabağ müharibəsində Er­mə­nis­tanın ordu hissələri Ağdamı Xirosimaya çevirmişdi. Həm erməniliyə görə, həm də zama­nın­da çə­kindiyi bir ərazidən ötənlərin səksəkələrinə görə...

Sülh danışıqlarından yayınan, regionda mövcud status-kvonu saxlamağa çalışan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə yenə hücumlar edirdi. Hücumların qar­­şısı qətiyyətlə alınırdı. Azərbaycan Ordusunun hissələri 2020-ci il sentyabrın 27-də başlayan hücumun da qarışısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr Azərbaycanın ədalətli müharibəsinin başlanğıc əmri oldu. Ordu hissələrimiz döyüşə-döyüşə irə­li­ləyir, düşmənin yaratdığı müdafiə sədlərini dağıda-dağıda mövqe qələbələri qazanırdı. Hər qə­lə­bə döyüşçülərin döyüş əzmini, qələbə ruhunu yüksəldirdi...

Döyüşçülərimiz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə İkinci Qarabağ mühari­bə­sinin sonladırılmasında olduqca gərəkli qələbə kimi tarixləşdi. Azərbaycan Ordusunun hissələri Şuşanı, qala-şəhəri dünyanı heyrətləndirən taktika ilə azad etmişdi. Noyabrın 10-da üçtərəfli Bə­yan­namə imzalandı. Bəyannamə Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi idi. Bə­yan­naməyə əsasən, düşmən Kəlbəcəri, Ağdamı, Laçını döyüşsüz tərk etməli idi...

Ermənistanın hərbi qüvvələri noyabrın 20-də Ağdamı tərk etdi. 

Noyabrın 20-si Ağdamın işğaldan azad edildiyi gün oldu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi ki, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edə­cəyik. Heç kimdə bu haqda şübhə olmasın”. 

Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər dünyanın nizamını dəyişdi. Azərbaycan bu nizamın sabahlarının istiqamətini müəyyənləşdirdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş rayonlara aid olan günlər təsis edildi. Bu günlər təqvim günləri olsa da hər bir azərbaycanlının, Azərbaycana ehtiramı olan hər bir dövlətin bəşəri niyyətli vətəndaşlarının böyük sayğı ilə  qeyd etdiyi gündür. 20 noyabr Ağdam Şəhəri Günü elan edilib...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 28 may tarixli Fər­ma­nına əsasən Ağdamda Ağdam Sənaye Parkı yaradılıb. Bu, bölgədə sənayenin intensiv inkişa­fın­da əhə­miy­yətli olacaq.

Şuşanı Qarabağın konservatoriyası adlandıranlar Ağdamı da muğamlarımızın inkişafının, mü­ha­fizəsinin cəfakeşi olan rayon kimi dəyərləndiriblər. Ağdam bundan sonra da muğamlarımızın inkişafına qayğı göstərəcək: Ağdamda Muğam Mərkəzi yaradılıb. Mərkəz 2025-ci il mayın 10-da açılıb. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bər­pası, tədrisi və təbliğində, gənc nəslə muğama sevginin, deməli, milli mədəniyyətimizin  ecazkar­lı­ğının aşılanmasında mühüm rol oynayacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Quruculuq işləri başa çatdıqdan son­ra Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevri­lə­cək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Dünya ictimaiyyəti də görəcək ki, Azərbaycan tarixi Zəfəri quruculuq işlərində də davam etdirməyə qadir olan güclü bir dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Ağdama hər səfəri quruculuq işlərinin sürətlənməsini təmin edir. 17 rəsmi səfər zamanı Xur­şid­banu Natə­va­nın abidəsinin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağ­dam” qovşaq yarımstansi­ya­sı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi açılıb, Qiyaslı kəndin­dəki tarixi məscidin binasının bərpadan sonra açılışı olub, təmirdən sonra Xaçın­çay su an­barı, “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib, ... 

İkinci Qarabağ müharibəsi də, qazanılan tarixi Zəfər də, dövlət başçımızın sərəncamları ilə müəy­­yənləşdirilən şəhər günləri də tarxidə yaşayacaq, ruhumuzda yaşayacaq. 20 noyabr da belə günlərdən biri kimi azərbaycançılığın tarixə diktəsidir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı