19 noyabr 2026 12:00
72

Ağdamın yeni intibahı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında əbədiləşən, ədalətin və haqqın bərpa olunduğu müqəddəs bir gündür

1993-cü il iyulun 23-də bədnam qonşularımız Ağdam rayonunun ərazisinin 73 faizini işğal etməklə misli görünməmiş vəhşiliklərə, dağıntılara və talanlara yol verməklə öz xislətlərini bir daha nümayiş etdirdilər. Gözəl evləri, abad yolları, füsunkar təbiəti ilə seçilən, vaxtilə həyatın qaynayıb-daşdığı Ağdamı talana və dağıntıya məruz qoyaraq onu müasir dövrün Xirosimasına bənzər xarabalığa çevirdilər. “Ruhlar şəhəri”ni dağıtmaqla onun tarixini, mədəni irsini, əsrlərin yadigarına çevrilmiş memarlıq nümunələrini və bütöv bir nəslin xatirələrini də hədəfə aldılar. Ağdamın xarabalıqları işğalın törətdiyi faciənin, dağıdılmış talelərin və doğma yurda qayıtmaq həsrəti ilə yaşayan insanların ağrısının acı mənzərəsinə çevrildi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də qəbul edilmiş qərarlara məhəl qoymadı. Ermənistan Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsinə, mülkiyyətin talan edilməsinə və digər qanunsuz əməllərə əl atdı. Bunun nəticəsində Ağdamın dinc əhalisi doğma yurdlarından didərgin salındı, rayonun tarixi, mədəni və sosial irsinə ağır zərbə vuruldu, şəhər və kəndlər genişmiqyaslı dağıntılara məruz qaldı.

2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Həmin il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını ucaltması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfəri zamanı Ağdamda dediyi sözlər hər kəsdə böyük ümidlər yaratdı: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən illərdə olduğu kimi, 2026-cı il də Ağdamda demoqrafik canlanmanın ən dinamik dövrü kimi yadda qalıb. İl boyu ardıcıl şəkildə təşkil olunan köç karvanları (o cümlədən oktyabrın 30-da növbəti 70 ailənin – 238 nəfərin doğma yurduna qayıdışı) rayonda daimi məskunlaşmanın miqyasını əhəmiyyətli dərəcədə genişləndirib. 2026-cı ilin noyabr ayına olan rəsmi göstəricilərə əsasən, rayon üzrə ümumilikdə 2 146 ailə (8 300 nəfər) artıq öz doğma evlərində məskunlaşıb:

2040-cı ilədək 100 min nəfərlik əhali üçün hesablanmış Ağdam şəhərinin Baş Planı üzrə 5 əsas yaşayış kompleksinin inşası sistemli şəkildə aparılır. 60 binadan və 1268 mənzildən ibarət 2-ci Yaşayış Kompleksi artıq tam istifadəyə verilərək əhalini qəbul edib. 4-cü Yaşayış Kompleksində tikinti-tamamlama işləri yekunlaşmaq üzrədir, 50 binadan (1 074 mənzil) ibarət 5-ci Kompleksdə mərtəbələrin inşası sürətlə davam edir, 1-ci və 3-cü komplekslər üzrə isə layihələndirmə və hazırlıq mərhələsinə start verilib. Kəndlərin bərpasında isə beynəlxalq tərəfdaşlıq xüsusi yer tutur. 2026-cı il iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin iştirakı ilə Slovakiya tərəfindən “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Baş Qərvənd kəndində Milan Rastislav Ştefanik adına 840 şagird yerlik məktəbin təməli qoyulub. Paralel olaraq Qiyaslı, Salahlı Kəngərli və Eyvazxanbəyli kəndlərinin bərpası intensivləşdirilib, Xıdırlı, Kəngərli və Sarıcalıda kənd təsərrüfatı torpaqlarının əkin dövriyyəsinə qaytarılması həyata keçirilib.

Bərpa prosesinin uzunmüddətli dayanıqlığını təmin edən əsas amil güclü iqtisadi bazadır. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkənin ikinci ən böyük sənaye parkı statusunu möhkəmləndirib. 2026-cı ilin payızına olan məlumata görə, parkda 36 rezident və 3 qeyri-rezident qeydiyyata alınıb, ümumi investisiya portfeli 175 milyon manatı, yaradılan daimi iş yerlərinin sayı isə 1000-i ötüb. 2026-cı il sənaye parkında həm ağır sənaye, həm də aqrar emal istiqamətində mühüm açılışlarla əlamətdar olub: Noyabrın 7-də Prezident İlham Əliyev “ASMC” MMC-nin ümumi dəyəri 24,9 milyon manat olan yeni metal məmulatları istehsalı müəssisəsinin açılışını edib. Parkda fəaliyyət göstərən “Eel Electric” (elektrik paylayıcı qurğular və beton yarımstansiyalar), “Smartpoint” (günəş enerjisi ilə işləyən işıq dirəkləri), “Veliev” (prefabrik dəmir-beton konstruksiyalar), “BAFCO İnvest” (qoruyucu işçi ayaqqabıları), “Ağ Tekstil” (xüsusi geyimlər) və “Dadaş-N” (illik 700 min m² gücündə sintetik xalça istehsalı) müəssisələri təkcə daxili bazarı deyil, həm də Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstan bazarlarını məhsulla təmin edir.

Ağdam coğrafi mövqeyinə uyğun olaraq Qarabağın əsas nəqliyyat qovşağına çevrilir. 2026-cı ilin fevral ayından etibarən 47,1 km uzunluğunda Bərdə–Ağdam dəmir yolu xətti üzrə Bakı–Bərdə–Ağdam müntəzəm sərnişin qatarı reyslərinin bərpa olunması və müasir Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istismara verilməsi bölgənin ölkənin ümumi nəqliyyat şəbəkəsinə inteqrasiyasını tamamlayıb. Hazırda bu xəttin davamı olan 28 km-lik Ağdam–Xankəndi dəmir yolunun tikintisi sürətlə davam etdirilir. Avtomobil nəqliyyatı sahəsində isə 4 zolaqlı Bərdə–Ağdam magistralı istismardadır; Ağdam–Füzuli (64,8 km), Ağdam–Əsgəran–Xocalı–Xankəndi və Ağdam–Hindarx–Ağcabədi (45 km) avtomobil yollarının, eləcə də şəhərdaxili yol-küçə şəbəkəsinin inşası yekun mərhələyə çatdırılıb. Bütün bu infrastruktur “Yaşıl Enerji Zonası” konsepsiyası ilə vəhdətdə qurulur. Yenidən qurulan kəndlərdə fərdi evlərin, həmçinin “Ağdam-1”, “Ağdam-2” rəqəmsal yarımstansiyalarının və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzinin dam örtüklərində günəş elektrik panelləri quraşdırılaraq daxili enerji tələbatının alternativ mənbələrdən ödənilməsi təmin edilib.

Böyük Qayıdışın keyfiyyət göstəricisi insanların təhsil, səhiyyə və mədəni mühitlə təminatıdır. Tikintisi sürətlə davam edən 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası müasir poliklinika, diaqnostika, hemodializ və bərpa şöbələri ilə bölgəyə xidmət göstərəcək. Təhsil sahəsində fevral ayında Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə dərslərə başlanılıb, sentyabr-oktyabr aylarında isə şəhərdə hər biri 960 şagird yerlik olan 3, 4, 5 və 6 nömrəli məktəblərin layihələndirilməsi işlərinə start verilib.

Tarixi abidələrin bərpası həm restavrasiya, həm də konservasiya prinsipləri ilə aparılır. Tam bərpa edilmiş Ağdam Cümə və Qiyaslı məscidləri, həmçinin Pənahəli xanın sarayı və xan türbələrini birləşdirən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi mədəni-mənəvi mərkəz kimi fəaliyyət göstərir. Ağdam Dövlət Dram Teatrı və Çörək Muzeyinin qalıqları isə işğal dövrünün tarixi yaddaşı kimi konservasiya edilərək açıq səma altında ekspozisiya formatında qorunur. Eyni zamanda, ANAMA və QHT-lərin birgə səyləri ilə ərazilərin minalardan təmizlənməsi prosesi fasiləsiz davam etdirilir.

Beləliklə, Ağdamın dirçəlişi sadəcə fiziki tikinti-quraşdırma prosesi deyil, həm də strateji dövlət idarəçiliyinin və milli iradənin təcəssümüdür. Bir tərəfdən “İmarət” kompleksi, Şahbulaq qalası və Cümə məscidi ilə qədim Qarabağ kimliyi bərpa olunur, digər tərəfdən isə rəqəmsal yarımstansiyalar, yaşıl enerji texnologiyaları, Sənaye Parkı və müasir dəmir yolu xətləri ilə XXI əsrin yeni şəhər modeli formalaşdırılır. Ağdam bu gün təkcə Qarabağın deyil, bütövlükdə regionun ən dinamik inkişaf edən iqtisadi və mədəni mərkəzinə çevrilmək yolunda uğurla addımlayır.

Sevinc Azadi, “İki sahil”