17 noyabr 2026 23:16
61

Qeyri-neft sektoru: 2027-2030-cu illər üçün strateji hədəflər

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2030-cu ilədək qeyri-neft sektorunun ÜDM-də payı 82 faizə çatacaq

Qlobal ticarət zəncirlərinin yenidən qurulduğu və dünya iqtisadiyyatında qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan öz iqtisadi modelini yeni reallıqlara uyğunlaşdırır. Yeni sənayeləşmə layihələri, startapların inkişafı, maliyyə sektorunun rəqəmsallaşdırılması, tranzit logistikasının və "yaşıl" energetikanın genişləndirilməsi məhz bu istiqamətin təşviqinə yönəlib. İslahatların baza alətləri kimi biznes subyektləri və xarici investorlar üçün fiskal, kredit və ixrac güzəştləri, eləcə də dövlət-özəl tərəfdaşlığının müxtəlif mexanizmləri seçilib. Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun səsləndirdiyi rəqəmlər göstərir ki, ölkə artıq neftdən asılılıq mərhələsini geridə qoyaraq, özəl sektorun aparıcı rol oynadığı, ixracyönümlü və büdcə intizamına əsaslanan yeni artım modelinə keçid edir. Nazir çıxışında qeyd edib ki, Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı tədricən azalır və ümumi daxili məhsulun (ÜDM) artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunur: "Son illərdə olduğu kimi, cari ilin 10 ayı ərzində də ÜDM artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin edilib, xüsusilə ötən il bu sektorun ÜDM-in nominal dəyərindəki payı 71,5 faizə çatıb". Mikayıl Cabbarov çıxışında dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun xüsusi çəkisinin artmasını da vurğulayıb. Bildirib ki, cari ilin on ayı ərzində daxilolmaların payı 2021-ci ildəki 49 faizə qarşı 55 faizi ötüb. Eyni zamanda, büdcənin qeyri-neft gəlirlərinin 63 faizindən çoxu qeyri-xammal sektorundan daxil olan vergi ödənişləri hesabına formalaşır. Diqqətəlayiq haldır ki, ötən beş il ərzində büdcənin qeyri-neft gəlirləri 9,3 milyard manat artaraq 2021-ci ildəki 12,9 milyard manatdan 2026-cı ildə 22,2 milyard manata yüksəlib.

Mikayıl Cabbarov mövcud qlobal iqtisadi vəziyyətə toxunaraq billdirib ki, dünya ticarətində fraqmentasiya meyilləri güclənir, təchizat zəncirləri yenidən qurulur, enerji və nəqliyyat dəhlizlərinin konfiqurasiyası dəyişikliyə məruz qalır: "Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr qiymətləndirmələrinə əsasən, orta müddətli dövrdə qlobal iqtisadi artım 3,2 faiz səviyyəsində qalacaq, bununla belə, pandemiyadan əvvəlki 3,7 faizlik göstəriciyə qayıdış proqnozlaşdırılmır".

Müvafiq olaraq qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənliyi nəzərə alan konservativ yanaşma əsasında hazırlanıb və son illər büdcə siyasətinə tətbiq edilmiş büdcə optimallaşdırılması prinsipinə söykənir: bura əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə daha yüksək nəticələrin əldə edilməsi daxildir. Belə şəraitdə 2027-ci ildə ÜDM-in 2,7 faiz artacağı gözlənilir, 2027-2030-cu illərdə orta illik iqtisadi artım 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz səviyyəsində proqnozlaşdırılır. Nəticədə, orta müddətli proqnozlara əsasən, qeyri-neft sektorunun ÜDM-dəki payı 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksələcək. Xüsusilə, M.Cabbarovun sözlərinə görə, yerli iqtisadiyyatda ÜDM-in dayanıqlı artımı üçün yeni əsaslar formalaşır: "Hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edirlər və bu aktivlər əlavə gəlir mənbəyinə çevrilir ki, bu da ölkənin gəlir mənbələrinin şaxələndirilməsi deməkdir".

Digər tərəfdən, son illərin uğurlu islahatları bir sıra dövlət şirkətlərinin fəaliyyətində əhəmiyyətli keyfiyyət dəyişikliklərini təmin edib. "2020-ci ildən dövlət başçısının təşəbbüsü ilə dövlət şirkətlərinin gücləndirilməsi siyasəti həyata keçirilir. Azərbaycan İnvestisiya Holdinqi və AZCON-un (Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi – red.) yaradılması nəticəsində holdinq idarəetmə modelinə keçid, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar sayəsində dövlət şirkətlərinin iş səmərəliliyi yüksəlib və onlar büdcə üçün mühüm gəlir mənbəyinə çevrilirlər", – deyə nazir qeyd edib.

“Diqqətəlayiq haldır ki, ixracın və istehsalın daha da genişləndirilməsi məqsədilə bu il İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və icrasına başlanılıb” deyən nazir xatırladıb ki, bu paket çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faiz dərəcələrinin yarısı dövlət tərəfindən subsidiyalaşdırılacaq, kredit zəmanətlərinin limiti isə 20 faizdən 50 faizə qədər artırılıb. Qeyri-neft-qaz sahəsinə aid olan qeyri-dövlət müəssisələrinə sosial sığorta haqlarını ƏDV depozit hesabında olan vəsaitlər hesabına ödəmək imkanı verilir. Eyni zamanda, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək. Öz növbəsində, ixracatçıların nəqliyyat xərclərinin 70 faizə qədəri və mikro və KOB subyektləri olan ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya ediləcək. Bundan başqa, gələn ildən etibarən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların ən azı 50 faizinin ixrac edilməsi şərti ilə qalan hissəsinin gömrük rüsumları tətbiq edilmədən daxili bazara tədarükünün təmin olunması planlaşdırılır. Bu azad iqtisadi zonanın infrastrukturunun inkişafına 2026-cı ildə 150 milyon manata qədər vəsait ayrılıb. O da qeyd edilib ki, dövlət xərclərinin optimallaşdırılması kontekstində yaxın dövrdə iqtisadi artım özəl sektora və investisiyalara əsaslanacaq. Bu baxımdan dövlətin iqtisadiyyatdakı əsas rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçəcək. Bu keçidin ilk nəticələri artıq müşahidə olunur: cari ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz sektoruna özəl investisiyalar 18 faiz artıb.

Beləliklə, açıqlanan göstəricilər və qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflər Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Qlobal ticarət zəncirlərindəki qeyri-müəyyənliklərə baxmayaraq, fiskal intizamın gücləndirilməsi, şəffaflığın artırılması və dövlətin birbaşa investordan biznesin risklərini bölüşən tərəfdaşa çevrilməsi dayanıqlı artım üçün möhkəm zəmin yaradır. Qarşıdakı dörd ildə bu kursun ardıcıl davam etdirilməsi ölkənin neftdən asılılığını minimuma endirməklə yanaşı, Azərbaycanı regionun rəqabətqabiliyyətli qeyri-xammal və xidmət ixracatçısına çevirəcək.

Sevinc Azadi, “İki sahil”