Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib, əhalinin rifahı artıb, dövlətimizin maliyyə imkanları daha da genişlənib.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, bu gün qarşımızda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdir: “Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialının möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır”, - deyə o nəzərə çatdırıb.
Qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklərin və xarici bazarlardakı dəyişkənliklərin fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə intizamını və dövlət maliyyəsinin dayanıqlılığını xüsusi aktuallıqla gündəmə gətirdiyini deyən S.Babayev əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsi məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb.
Maliyyə naziri vurğulayıb ki, büdcə siyasətində əsas yanaşma iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır.