16 noyabr 2026 12:10
53

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq

Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 645 milyon manat və ya 1,7 faiz çoxdur.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Qeyri-neft sektoru üzrə daxilolmalar cari illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz artımla, neft-qaz sektoru üzrə daxilolmalar üzrə isə əksinə 955 milyon manat və ya 5,8 faiz az proqnozlaşdırılıb.

Neft-qaz sektoru üzrə azalmanın səbəbinə gəlincə, maliyyə naziri bildirib ki, bu, əsasən Dövlət Neft Fondundan transfertin 550 milyon dollar və ya 935 milyon manat azaldılması ilə bağlıdır. Qeyri-neft gəlirlərində artım hesabına 2027-ci ildə Fonddan dövlət büdcəsinə transfertin azaldılması makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli buffer yaratmağa imkan verir.

“Növbəti il üçün gəlirlərin 18,4 milyard manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Bu cari illə müqayisədə 1,5 milyard manat və ya 9 faiz çoxdur. Həmin daxilolmlaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il dövlət büdcəsinə daxilolmalar isə təqribən 6.9 milyard manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. 2027-ci ildə Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat və ya büdcə gəlirlərinin 30,3 faizi həcmində olacaq. Büdcə gəlirlərinin 872 milyon manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 milyon manatı ödənişi xidmətlər üzrə daxilolmaların, 484 milyon manatı sair gəlirlərin hesabına təmin ediləcək, dividendlər cari illə müqayisədə 45,3 faiz artacaq”, - deyə maliyyə naziri bildirib.