Almaniyanın İqtisadiyyat Nazirliyi qarşıdan gələn qış mövsümündə təbii qaza qənaət etmək məqsədilə ehtiyat kömür elektrik stansiyalarının yenidən fəaliyyətə başlamasını nəzərdə tutan qanun layihəsi üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu addım qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması və yanacaq çatışmazlığı riskinin artması fonunda gündəmə gəlib.
Enerji təchizatında fövqəladə vəziyyət elan olunacağı təqdirdə, ehtiyatda saxlanılan kömür elektrik stansiyalarının müvəqqəti olaraq elektrik enerjisi bazarına qaytarılması mümkün olacaq.
Hazırda belə stansiyalar əsasən qış aylarında enerji sisteminin sabitliyini təmin etmək məqsədilə istifadə olunur. Onların operatorlarına çəkdikləri xərclər kompensasiya edilir, lakin stansiyaların istismarından gəlir əldə etmələrinə icazə verilmir.
Qanun layihəsində şəbəkə ehtiyatında olan elektrik stansiyalarının, eləcə də 2026, 2027 və 2028-ci illərdə kömürdən istifadəsinə məhdudiyyət qoyulan obyektlərin yenidən işə salınması imkanının nəzərdə tutulduğu bildirilir.
Əlavə elektrik enerjisi istehsalı güclərindən ən geci 2028-ci ilin mart ayının sonunadək istifadə edilməsi planlaşdırılır.
Bundan başqa, hakimiyyət orqanları stansiyaların qısa müddətdə fəaliyyətə başlamasını təmin etmək üçün operatorları kifayət qədər işçi heyəti saxlamağa və yanacaq ehtiyatı yaratmağa məcbur etməyi planlaşdırır.
Ehtiyat enerji güclərinin saxlanılması ilə bağlı xərclərin, o cümlədən şəbəkə tariflərinin artırılması hesabına elektrik enerjisi istehlakçılarının üzərinə qoyulması nəzərdə tutulur.