On minlərlə insan Portuqaliyanın 30-dan çox şəhər və yaşayış məntəqəsində mənzil və kirayə qiymətlərinin sürətlə artmasına qarşı etiraz aksiyaları keçirirlər.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunub ki, yürüşlər "Mənzil hüququmuzun əlimizdən alınmasına icazə verməyəcəyik" şüarı altında keçirilib. Aralarında gənclər və təqaüdçülərin də olduğu aksiya iştirakçıları kirayə qiymətlərinin artımının məhdudlaşdırılmasını, kirayənişinlərin evdən çıxarılmaya qarşı hüquqi müdafiəsinin gücləndirilməsini və əlçatan mənzil təklifinin artırılmasını tələb ediblər.
Avrostatın məlumatına görə, 2015-2025-ci illərdə Portuqaliyada mənzil qiymətlərinin və gəlirlərin nisbəti 61% artıb ki, bu da Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricidir. Bundan əlavə, 2020-ci ildən bəri ölkədə kirayə haqqı 68% bahalaşıb.
Daşınmaz əmlakın dəyərinin artması xüsusilə xarici alıcıların və investisiya fondlarının aktivliyi, Portuqaliyanın frilanserlər və təqaüdçülər arasında populyarlığı, həmçinin turizm sahəsinin və qısamüddətli kirayənin inkişafı ilə əlaqələndirilir.
Hakimiyyət mənzil böhranının həlli üçün yeni tikintilərə vergilərin azaldılması, qısamüddətli kirayəyə məhdudiyyətlərin qoyulması və 145 min evin inşası planları da daxil olmaqla, görüləcək tədbirlər barədə elan edib. Bununla yanaşı, hökumət bu tədbirlərin nəticələrinin dərhal özünü göstərməyəcəyini bildirib.