11 noyabr 2026 20:27
73

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

İsveçin Partille şəhərinin Bələdiyyə Şurası həmyerlimiz Turan Əliyevi Mədəniyyət və Asudə Vaxt Komitəsinin sədrinin birinci müavini seçib. O, 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonunadək bu vəzifədə çalışacaq.

“İki sahil” xəbər verir ki, komitə bələdiyyədə mədəni və idman həyatının inkişafına, kitabxanaların, gənclər mərkəzlərinin, idman və təhsil müəssisələrinin fəaliyyətinə cavabdehdir. Onun səlahiyyətlərinə büdcə vəsaitlərinin bölüşdürülməsi, ictimai təşkilatlara və idman klublarına dəstək göstərilməsi, habelə mədəni tədbirlərin keçirilməsinə kömək edilməsi daxildir.

Uşaqların və gənclərin asudə vaxtlarını fəal və təhlükəsiz keçirmələri üçün şəraitin yaradılmasına, əlilliyi olan şəxslər də daxil olmaqla, əhalinin bütün kateqoriyaları üçün mədəniyyət və idman obyektlərinin əlçatanlığının artırılmasına xüsusi diqqət yetirilir.

Komitənin tərkibinə 7 əsas və 7 əvəzedici üzv daxildir. Qərarların icrasını Mədəniyyət və Asudə Vaxt İdarəsi təmin edir. Son məlumatlara görə, həmin idarədə 105 əməkdaş çalışır.

T.Əliyev, həmçinin Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.