08 noyabr 2026 20:47
76

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümü münasibətilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllülərinin iştirakı ilə silsilə tədbirlər həyata keçirilib.

Zəfər Gününün 6-cı ildönümü ilə əlaqədar olaraq ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri Fəxri Xiyabanı ziyarət edib. Fəxri Xiyabana ziyarət çərçivəsində xalqımızın Ümummilli Lideri, dövlətçilik tariximizdə misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bununla yanaşı, onlar Zəfər Parkını ziyarət ediblər. Ziyarət zamanı Qələbənin rəmzi olan memorial abidə önünə gül dəstələri düzülüb, ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin iştirakı ilə “Zəfər Günü - Qürur Günümüz” adlı musiqili-bədii proqram təşkil olunub. Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov və tələbələri, “Qoçəli” rəqs qrupu, eləcə də “Nağaraçılar” ansamblı tərəfindən vətənpərvərlik ruhunu, milli musiqi ənənələrini və xalqımızın Zəfər sevincini əks etdirən musiqi və rəqs nömrələri təqdim olunub.

Tarixi Zəfərimizə həsr olunmuş digər təşəbbüs isə “Zəfər veloyürüşü” olub. “APAR”ın tərəfdaşlığı ilə keçirilən veloyürüşün əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini vurğulamaq, milli qürur və birlik ruhunu gücləndirmək, eyni zamanda könüllü gənclər arasında sağlam həyat tərzini təşviq etmək olub. Dövlət Bayrağı Meydanından start götürən Azərbaycan Könüllüləri Dənizkənarı Bulvar ərazisində yerləşən velosiped yolları ilə hərəkət edərək Zəfər Parkına doğru istiqamət alıblar.

Azərbaycan Könüllüləri üçün “44” bədii filminin nümayişi də təşkil olunub. Film nümayişində könüllü gənclər Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən ekran əsəri ilə tanış olublar.

Silsilə tədbirlər çərçivəsində Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası da həyata keçirilib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada Azərbaycan Könüllüləri iştirak ediblər. Təşəbbüsün məqsədi ətraf mühitin mühafizəsinə töhfə verməklə yanaşı, könüllü gənclər arasında ekoloji məsuliyyət və ictimai fəallıq dəyərlərini təşviq etmək olub.

Ölkənin gənclər və könüllü təşkilatları Zəfər Gününün altıncı ildönümü ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanılmış tarixi Zəfər ölkəmizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmış və tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir. Qeyd edilib ki, bu Zəfər yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsidir. Onlar qeyd edib ki, qazanılmış Zəfər regionda davamlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tərəfindən irəli sürülən və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Azərbaycanın sülh gündəliyinin həyata keçirilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri bu sülh gündəliyinin həyata keçirilməsinə öz töhfələrini verməyə hazırdırlar.