06 noyabr 2026 14:41
131

Afət Zeynalova: Bir donorun verdiyi qan bir neçə xəstənin həyatını xilas edə bilər

Qan və qan komponentlərinin təhlükəsizliyi, onların tibb müəssisələrinə vaxtında çatdırılması və ehtiyacı olan xəstələrin müalicəsinin fasiləsiz təmin edilməsi səhiyyə sisteminin ən mühüm istiqamətlərindəndir. Bu sahədə müasir laborator texnologiyaların tətbiqi, könüllü donorluğun inkişafı və qan ehtiyatlarının düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda qan xidmətinin inkişafı, donorların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində həyata keçirilən işlər də bu məqsədlərə xidmət edir.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova "Caspianinfo"ya müsahibəsində qan və qan komponentlərinə olan tələbatın müəyyənləşdirilməsi, onların təhlükəsizliyinə nəzarət, rəqəmsal texnologiyaların tətbiqi və könüllü donorluğun inkişafı barədə danışıb. O, həmçinin bir donorun qanından bir neçə xəstənin müalicəsində istifadə imkanlarını və Qan Bankının qarşıdakı dövr üçün əsas prioritetlərini açıqlayıb.

- Bu gün Qan Bankında qan və qan komponentlərinə olan tələbatı müəyyənləşdirərkən əsas hansı göstəricilər nəzərə alınır?

- Qan və qan komponentlərinə olan tələbatın düzgün proqnozlaşdırılması qan xidmətinin ən mühüm istiqamətlərindən biridir. Çünki məqsəd yalnız kifayət qədər qan toplamaq deyil, eyni zamanda, hər bir qan komponenti üzrə optimal ehtiyat yaratmaq və ehtiyacı olan xəstənin tələbatını vaxtında qarşılamaqdır. Tələbat müəyyənləşdirilərkən ilk növbədə ölkə üzrə tibb müəssisələrinin müraciətləri, əvvəlki dövrlərin istifadə göstəriciləri, xəstəxanaların profili və çarpayı sayı, cərrahi əməliyyatların həcmi, travmatoloji və təcili tibbi yardım halları, talassemiya, hematoloji və hemofiliya xəstələrinin ehtiyacları nəzərə alınır. Bundan başqa, qan komponentlərinin hər birinin özünəməxsus saxlanma müddəti və istifadə xüsusiyyəti var. Məsələn, eritrosit və trombosit komponentlərinin tələbatlarının planlaşdırılmasıeyni yanaşma ilə aparıla bilməz. Trombositlərin saxlanma müddətinin qısa olması onların ehtiyatının daha dinamik idarə olunmasını tələb edir.

Səhiyyə Nazirliyi Respublika Qan Bankında məqsəd ehtiyatların həm kəmiyyət, həm də struktur baxımından düzgün formalaşdırılmasıdır. Yəni yalnız ümumi qan ehtiyatının deyil, müxtəlif qan qrupları və komponentlər üzrə real tələbatın nəzərə alınması vacibdir. Bu yanaşma “doğru komponent – doğru xəstə – doğru zamanda” prinsipinə əsaslanır. Qan Bankının əsas vəzifələrinə qan və qan komponentlərinin tədarükü, emalı, yoxlanılması, saxlanılması və bölüşdürülməsi daxildir.

- Hazırda qan komponentlərinin xəstəxanalara təqdim edilməsində operativlik necə təmin olunur?

- Qan komponentlərinin xəstəxanalara vaxtında çatdırılması qan xidmətinin ən məsuliyyətli mərhələlərindən biridir. Burada operativlik yalnız nəqliyyat məsələsi deyil, bütöv bir idarəetmə prosesidir. Əvvəlcə tibb müəssisələrinin tələbatı qiymətləndirilir, Qan Bankında mövcud ehtiyatlar müəyyənləşdirilir və tələb olunan qan komponentinin uyğunluğu yoxlanılır. Daha sonra komponent buraxılışa hazırlanır və müəyyən edilmiş qaydalara uyğun şəkildə tibb müəssisəsinə təqdim edilir. Bu prosesdə komponentlərin identifikasiyası xüsusi əhəmiyyət daşıyır. Hər bir qan vahidinin xüsusi tanınma nömrəsi olmalı və həmin nömrə vasitəsilə donor, laborator müayinə, emal, saxlanma, buraxılma və daşınma mərhələləri izlənə bilməlidir. Daşınma zamanı isə qan komponentləri üçün tələb olunan temperatur rejiminin qorunması əsas şərtlərdəndir.

Qan komponentlərinin təhlükəsiz saxlanması və daşınması üçün temperatur nəzarəti və müvafiq monitorinq sistemlərindən istifadə olunur. Xüsusilə təcili klinik hallarda vaxt amili daha böyük əhəmiyyət daşıyır. Buna görə qan ehtiyatlarının əvvəlcədən düzgün planlaşdırılması və tibb müəssisələri ilə koordinasiyanın operativ aparılması vacibdir. Bu yanaşma ehtiyac yarandıqda zəruri qan komponentinin vaxtında və təhlükəsiz şəkildə təqdim olunmasına imkan verir.

- Bu gün donor davranışında hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Son illərdə cəmiyyətin qan donorluğuna münasibətində müsbət dəyişikliklər müşahidə olunur. İnsanlar artıq qanverməni yalnız tibbi prosedur kimi deyil, sosial məsuliyyət və insan həyatının xilas edilməsinə yönəlmiş mühüm vətəndaşlıq addımı kimi qəbul edirlər. Müxtəlif dövlət qurumlarında, müəssisələrdə, təşkilatlarda və ictimai platformalarda keçirilən qanvermə aksiyaları donorların maarifləndirilməsinə və yeni donorların cəlb olunmasına mühüm töhfə verir. Lakin burada əsas məqsəd yalnız aksiyalar zamanı qan verən insanların sayını artırmaq deyil. Bizim üçün daha vacib istiqamət könüllü donorların davamlı donor bazasına cəlb olunmasıdır. Çünki qan ehtiyatlarının sabitliyi müntəzəm könüllü donorluqdan asılıdır.

Digər tərəfdən, müasir donor artıq qanvermə prosesinin təhlükəsizliyi, götürülən qanın hansı mərhələlərdən keçməsi və xəstəyə necə çatdırılması ilə də maraqlanır. Bu isə maarifləndirmənin əhəmiyyətini daha da artırır. Biz hesab edirik ki, donorun qanvermə prosesinə etimadı nə qədər yüksək olarsa, könüllü və təkrar donorluğun inkişafı da bir o qədər dayanıqlı olar. Bu baxımdan donorların düzgün və etibarlı məlumatlandırılması Qan Bankının fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

- Qan Bankında rəqəmsal texnologiyaların tətbiqi bu gün hansı mərhələdədir?

- Müasir qan xidmətini rəqəmsal texnologiyalardan ayrı təsəvvür etmək mümkün deyil. Rəqəmsallaşmanın əsas məqsədi donorun qeydiyyatından başlayaraq qan komponentinin hazırlanmasına, laborator müayinələrdən keçməsinə, saxlanmasına və tibb müəssisəsinə buraxılmasına qədər bütün proseslərin daha dəqiq idarə olunmasıdır. Qan xidmətində rəqəmsal sistemlərin tətbiqi bir neçə mühüm üstünlük yaradır: donor məlumatlarının elektron qeydiyyatı, laborator nəticələrin elektron şəkildə idarə olunması, qan vahidinin və komponentlərin identifikasiyası, komponentlərin saxlanma müddətinə nəzarət, ehtiyatların real vəziyyətinin izlənməsi, tibb müəssisələrinin tələbatının daha operativ qiymətləndirilməsi, məlumatların təhlükəsiz saxlanılması və məxfiliyinin qorunması.

- Qan komponentlərinin təhlükəsizliyinə bu gün hansı müasir laborator texnologiyalar imkan verir?

- Qan komponentlərinin təhlükəsizliyi çoxmərhələli laborator nəzarət sistemi ilə təmin olunur. Burada həm seroloji, həm də immunhematoloji müayinələr mühüm rol oynayır. Respublika Qan Bankında donor qanının infeksion təhlükəsizliyinin qiymətləndirilməsi üçün müasir NAT texnologiyasından da istifadə edilir. Donor qanı İİV (HİV), hepatit B virusu (HBV), hepatit C virusu (HCV) və sifilis infeksiyalarına qarşı yoxlanılır.

Seroloji müayinələr zamanı infeksiyaya qarşı yaranmış antigen və/və ya anticisimlər müəyyən edilir. Bu üsul donorun infeksiya ilə qarşılaşması barədə mühüm məlumat verir. NAT – Nucleic Acid Testing, yəni nuklein turşusunun amplifikasiyasına əsaslanan molekulyar test isə virusun öz genetik materialını – DNT və ya RNT-ni aşkar etməyə imkan verir. NAT texnologiyasının ən mühüm üstünlüklərindən biri infeksiyanın aşkarlanması üçün “pəncərə dövrünün” qısaldılmasına imkan verməsidir. İnfeksiyanın ilkin mərhələsində donorun orqanizmində virus mövcud ola bilər, lakin anticisim və ya antigen səviyyəsi seroloji testlə aşkar olunacaq qədər yüksəlməyə bilər. NAT isə virusun genetik materialını daha erkən aşkar edə bildiyi üçün qan təhlükəsizliyinin daha da gücləndirilməsinə imkan yaradır. Bu səbəbdən seroloji və NAT müayinələri bir-birini tamamlayır və qan təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə xidmət edir.

Bundan əlavə, qan komponentlərinin təhlükəsizliyi yalnız infeksion müayinələrlə məhdudlaşmır. İmmunohematoloji müayinələr, qan qrupu və Rh mənsubiyyətinin müəyyənləşdirilməsi, uyğunluğun qiymətləndirilməsi, komponentlərin keyfiyyət göstəricilərinə nəzarət, saxlanma şəraitinin monitorinqi və bütün proseslərin izlənəbilənliyi də təhlükəsizlik sisteminin ayrılmaz hissələridir. Qan Bankında istifadə olunan müasir laboratoriya infrastrukturu çərçivəsində Alinity s texnologiyasının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Belə texnologiyaların tətbiqi laborator müayinələrin standartlaşdırılmasına, iş prosesinin avtomatlaşdırılmasına, nəticələrin daha operativ əldə olunmasına və nəticələrin etibarlılığının artırılmasına kömək edir.

- Dünyada hər bir donordan əldə olunan qan komponentindən maksimum səmərəli istifadə etmək əsas istiqamətlərdəndir. Azərbaycanda hansı müasir yanaşmalar tətbiq olunur?

- Bu gün qan xidmətində əsas yanaşmalardan biri “bir donor – bir neçə həyat” prinsipidir. Donordan götürülən tam qan müasir qan bankı texnologiyaları vasitəsilə komponentlərə ayrılaraq eritrosit, plazma və trombosit kimi müxtəlif komponentlərin hazırlanmasına imkan verir. Bunun nəticəsində bir donorun verdiyi qanın komponentlərindən bir neçə xəstənin müalicəsində istifadə oluna bilər. Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, xəstəyə bütün qan deyil, məhz ehtiyac duyduğu komponent verilir. Məsələn, anemiyası olan xəstəyə eritrosit komponenti, laxtalanma faktorlarına ehtiyac olan xəstəyə plazma və ya müvafiq komponent, trombositopeniyası olan xəstəyə isə trombosit komponenti tətbiq oluna bilər.

İtkilərin azaldılması üçün isə bir neçə istiqamət paralel aparılmalıdır: tələbatın düzgün proqnozlaşdırılması, komponentlərin vaxtında emalı, düzgün temperaturda saxlanması, yararlılıq müddətlərinin izlənməsi, düzgün bölüşdürülmə və qan komponentlərindən klinik göstərişlərə uyğun istifadə.

- Qan xidmətinin inkişafında beynəlxalq təcrübənin tətbiqi baxımından hansı ölkələrin və beynəlxalq qurumların təcrübəsindən yararlanılır?

- Qan xidmətinin inkişafı daim beynəlxalq təcrübənin öyrənilməsini, qabaqcıl yanaşmaların təhlil edilməsini və müasir standartların ölkəmizin qan xidmətinə uyğunlaşdırılaraq tətbiqini tələb edir. Bu baxımdan Respublika Qan Bankı müxtəlif ölkələrin qan xidmətləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Beynəlxalq təcrübənin öyrənilməsi zamanı əsas diqqət donor və resipiyent təhlükəsizliyinə, qan komponentlərinin keyfiyyətinə, infeksion skrininqə, molekulyar-bioloji diaqnostikaya, immunhematoloji müayinələrə, komponent terapiyasına, keyfiyyət idarəetmə sistemlərinə, qan komponentlərinin saxlanılması və logistikasına, eləcə də rəqəmsal izlənəbilənliyə yönəldilir. Bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Respublika Qan Bankının mütəxəssislərinin “Türk Kızılay” ilə təcrübə mübadiləsi, qarşılıqlı səfərləri və peşəkar görüşləri qan xidmətinin müxtəlif istiqamətlərində qabaqcıl yanaşmaların öyrənilməsinə imkan yaradır. Bu səfərlər çərçivəsində qan komponentlərinin hazırlanması və idarə olunması, donorların cəlb edilməsi, qanvermə prosesinin təşkili, laborator müayinələr, keyfiyyətə nəzarət, qan ehtiyatlarının idarə edilməsi və digər sahələr üzrə praktiki təcrübə mübadiləsi aparılır.

Beynəlxalq əməkdaşlıq yalnız Türkiyə ilə məhdudlaşmır. Müxtəlif dövrlərdə Çin, İtaliya, Fransa, Rusiya, Belarus, Qazaxıstan, Monqolustan, Qırğızıstan və Özbəkistan kimi ölkələrin qan xidmətləri və müvafiq qurumları ilə əməkdaşlıq edilir. Bu əlaqələr qan xidmətinin həm tibbi, həm laborator, həm də təşkilati baxımdan inkişafına mühüm töhfə verir.

Eyni zamanda, Respublika Qan Bankının əməkdaşları müxtəlif beynəlxalq konfranslarda, forumlarda, seminar və digər peşəkar tədbirlərdə iştirak edir, burada dünyanın müxtəlif ölkələrinin qan xidmətlərinin təcrübəsi ilə tanış olur, yeni texnologiyalar və müasir idarəetmə modelləri haqqında məlumat əldə edir və əldə olunan təcrübənin ölkəmizdə tətbiqi imkanlarını qiymətləndirirlər.

- Qan Bankının qarşıdakı dövr üçün əsas prioriteti nə olacaq?

- Qarşıdakı dövrdə əsas prioritetimiz əhalinin və tibb müəssisələrinin qan və qan komponentlərinə olan tələbatının davamlı, təhlükəsiz, keyfiyyətli və vaxtında təmin edilməsidir. Bu məqsədə çatmaq üçün bir neçə əsas istiqamət müəyyənləşdirilir. Bunlardan birincisi könüllü və müntəzəm donor bazasının genişləndirilməsidir. Çünki dayanıqlı qan ehtiyatı yalnız davamlı donor sisteminin formalaşdırılması ilə mümkündür. İkinci istiqamət qan təhlükəsizliyinin daha da gücləndirilməsidir. Burada müasir üsulların, xüsusilə NAT skrininqinin tətbiqi mühüm rol oynayır. Üçüncü istiqamət rəqəmsallaşmadır. Donorun qeydiyyatından başlayaraq qan komponentinin xəstəyə çatdırılmasına qədər bütün mərhələlərin elektron şəkildə izlənməsi xidmətin keyfiyyətini artırır. Dördüncü istiqamət qan komponentlərindən səmərəli istifadədir. Bir donorun verdiyi qanın mümkün qədər çox xəstəyə fayda verməsi, komponentlərin düzgün hazırlanması, saxlanması və klinik göstərişlərə uyğun istifadəsi əsas prinsiplərdən biri olaraq qalacaq. Beşinci istiqamət isə mütəxəssislərin peşəkar inkişafı və beynəlxalq təcrübənin tətbiqidir. Müasir avadanlıq və texnologiya nə qədər inkişaf etsə də, onun effektiv istifadəsi yüksək ixtisaslı və daim yenilənən biliklərə malik mütəxəssislərdən asılıdır.

 

Bizim üçün Qan Bankının fəaliyyətinin əsas nəticəsi yalnız toplanan qan vahidlərinin sayı deyil. Əsas nəticə həmin qan komponentlərinin ehtiyacı olan xəstəyə təhlükəsiz, keyfiyyətli və vaxtında çatdırılmasıdır. Nəticə etibarilə məqsədimiz Azərbaycanda müasir texnologiyalara əsaslanan, rəqəmsal, təhlükəsiz, dayanıqlı və xəstəyönümlü qan xidmətinin daha da inkişaf etdirilməsidir.

Caspianinfo.az