06 noyabr 2026 12:33
123

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

Azərbaycan Mətbuat Şurası Azərbaycan Teleradiosunun 100 illik yubileyi münasibətilə təbrik bəyanatı yayıb.

“İki sahil” xəbər verir ki, təbrikdə Azərbaycan Radiosunun bir əsrlik fəaliyyəti ərzində milli jurnalistikanın inkişafına, ölkənin ictimai-siyasi, mədəni və mənəvi həyatına verdiyi töhfələr qeyd olunub.

Bildirilib ki, Azərbaycan Radiosu yalnız informasiya vasitəsi kimi deyil, həm də milli yaddaşın qorunması, ana dilinin, ədəbiyyatın, musiqinin və mənəvi dəyərlərin təbliği baxımından mühüm missiya yerinə yetirib.

Qeyd olunub ki, mürəkkəb tarixi mərhələlərdən keçən Azərbaycan Teleradiosu taleyüklü məqamlarda milli həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və ictimai düşüncənin səfərbər olunmasında mühüm rol oynayıb.

Təbrikdə, həmçinin 100 illik fəaliyyətin peşəkar jurnalistika məktəbinin formalaşması və inkişafı tarixi olduğu vurğulanıb.

Rəqəmsal texnologiyaların informasiya məkanını dəyişdirdiyi müasir dövrdə zəngin ənənələrin qorunmasının və yeni tələblərə uyğun fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

"Yüz illik fəaliyyət həm də peşəkar jurnalistika məktəbinin formalaşması və inkişafı tarixidir. Bu məktəbin yetirmələri sözə məsuliyyət, peşəyə sədaqət, dinləyiciyə hörmət prinsiplərini rəhbər tutaraq milli media mühitinin zənginləşməsində mühüm rol oynamışlar. Rəqəmsal texnologiyaların informasiya məkanını sürətlə dəyişdirdiyi, media rəqabətinin yeni məzmun və forma qazandığı zamanda zəngin ənənələri qoruyaraq müasir tələblərə uyğun fəaliyyət göstərmək isə xüsusi əhəmiyyət daşıyır.

İnanırıq ki, bir əsrlik zəngin təcrübə və möhkəm ənənələrə söykənən Azərbaycan Teleradiosu bundan sonra da milli-mənəvi dəyərlərimizin təbliği, cəmiyyətin maariflənməsi, obyektiv və etibarlı informasiya təminatı istiqamətində uğurla fəaliyyət göstərəcək, xalqımızın yaddaşında və həyatında özünəməxsus yerini qoruyub saxlayacaqdır.

Azərbaycan Mətbuat Şurası olaraq bu əlamətdar yubiley münasibəti ilə Azərbaycan Teleradiosunun inkişafına töhfə vermiş bütün nəsillərin nümayəndələrini, söz və sənət fədailərini ehtiramla yad edir, hazırda bu ənənələri yaşadan kollektivin üzvlərini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq enerjisi, yeni uğurlar arzulayırıq!", məktubda qeyd edilib.