Milli Məclisin deputatı Səbinə Salmanovanın və Veysəloğlu Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi və müharibə iştirakçıları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Nəcəfova, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, Sumqayıt Dostlar Klubunun üzvləri və şəhər gəncləri də iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan deputat Səbinə Salmanova Zəfər Gününün xalqımızın milli qürurunun, sarsılmaz birliyinin və dövlətimizin qüdrətinin təcəssümü olduğunu bildirib. O qeyd edib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində ölkəmiz tarixi Qələbəyə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Deputat vurğulayıb ki, bu möhtəşəm Zəfərin arxasında şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin sağlamlıqları bahasına göstərdikləri şücaət və bütövlükdə xalqımızın sarsılmaz iradəsi dayanır.
Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışan Səbinə Salmanova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdikləri məqsədyönlü siyasətin və humanitar təşəbbüslərin xüsusi əhəmiyyətini qeyd edib.
Parlamentari bildirib ki, Vətən uğrunda fədakarlıq göstərmiş insanların ailələrinə sahib çıxmaq, onların sosial və mənəvi qayğılarına həssaslıqla yanaşmaq dövlətimizin əsas prioritetlərindən olmaqla yanaşı, hər birimizin mənəvi borcudur.
Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Nəcəfova şəhid ailələri və müharibə iştirakçılarının cəmiyyətimizdə xüsusi ehtiram və hörmətə layiq olduğunu bildirib. O, dövlət tərəfindən bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayaraq, belə görüşlərin onların müraciətlərinin dinlənilməsi, gündəlik qayğılarının öyrənilməsi və həlli istiqamətində mühüm rol oynadığını qeyd edib. Mehriban Nəcəfova şəhid ailələrinin və qazilərin hər zaman diqqət mərkəzində saxlanılmasının, onlara mənəvi dəstəyin göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov Zəfər Gününün xalqımızın milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutduğunu bildirib. O, bu Qələbənin Azərbaycan xalqının birliyinin, milli iradəsinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu qeyd edərək, şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların ailələrinə diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev isə çıxışında şəhid ailələri və müharibə iştirakçıları ilə belə görüşlərin əhəmiyyətindən danışıb. O, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqətin cəmiyyətin mənəvi məsuliyyətinin göstəricisi olduğunu bildirib.
Çıxışlardan sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları onlara hər zaman göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı deputat Səbinə Salmanova şəhid ailələrinin və müharibə iştirakçılarının müraciətlərini, onları narahat edən məsələləri də dinləyib. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla əlaqə saxlanılacağını və məsələlərin diqqətdə saxlanılacağını bildirib.
Görüş səmimi söhbət və qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.