8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən biridir. Bu tarix sadəcə hərbi qələbənin təqvimdəki ifadəsi deyil. Bu tarix illərlə ürəyimizdə yaşatdığımız Vətən həsrətinin sona çatdığı, ədalətin bərpa olunduğu, xalqın öz gücünə inamının bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür. 8 Noyabr həm də bir millətin arzusunun, bir dövlətin iradəsinin və bir ordunun qəhrəmanlığının eyni məqsəd uğrunda birləşməsinin təntənəsidir.
Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqının yaddaşında ağrı, nisgil və doğma torpaqlara qayıdış arzusu ilə yaşadı. Qarabağ həsrəti nəsillərdən-nəsillərə ötürüldü, hər bir azərbaycanlının qəlbində bir gün bu torpaqlara qayıdacağımıza dair inam qorunub saxlanıldı. Azərbaycan dövləti isə bu illər ərzində hərbi qüdrətini artırdı, iqtisadi potensialını gücləndirdi, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirdi və tarixi ədalətin bərpası üçün ardıcıl siyasət həyata keçirdi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bu tarixi mübarizənin həlledici mərhələsinə çevrildi. 44 gün davam edən müharibə Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığını, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ordumuzun hər addımı, hər uğurlu əməliyyatı xalqın qəlbində yeni ümidlər yaratdı. Cəbhədən gələn hər qələbə xəbəri milyonlarla insanı eyni sevincdə birləşdirdi.
Bu Zəfərin ən mühüm xüsusiyyətlərindən biri Xalq–Ordu–Rəhbər birliyinin sarsılmaz vəhdəti idi. Xalq öz Ordusuna güvəndi, Ordumuz Ali Baş Komandanın əmrlərini böyük peşəkarlıq və fədakarlıqla yerinə yetirdi, dövlət rəhbərliyi isə qətiyyətli siyasi iradə, düzgün strategiya və məqsədyönlü diplomatik fəaliyyət nümayiş etdirdi. Ön cəbhədə əsgər Vətən uğrunda döyüşərkən arxa cəbhədə xalqımız onunla bir ürək, bir nəfəs oldu. Kimisi könüllü olaraq yardım göstərdi, kimisi əsgərlərimizə dəstək oldu, kimisi isə duaları ilə qələbəmizə töhfə verdi. Beləcə, bütün Azərbaycan bir amal ətrafında birləşdi: Vətənin azadlığı!
Məhz bu birliyin rəmzinə çevrilən “Dəmir yumruq” Azərbaycan xalqının gücünü, həmrəyliyini və yenilməzliyini ifadə etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci ildə xalqa müraciətində səsləndirdiyi bu sözlər həmin birliyin mahiyyətini dolğun şəkildə ifadə edir:
“Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!”
Bu sözlər yalnız həmin günün sevincini ifadə etmirdi. Bu, həm də gələcək nəsillərə ünvanlanmış mühüm mesaj, dövlətimizin gücünün milli birlikdən qaynaqlandığını göstərən tarixi çağırış idi.
Zəfərimizin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Mədəniyyətimizin paytaxtı, milli ruhumuzun beşiyi olan Şuşanın azadlığı Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Ali Baş Komandanın Şəhidlər xiyabanından bütün dünyaya bəyan etdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri Azərbaycan tarixinin unudulmaz anına çevrildi. Həmin an milyonlarla insanın gözündə sevinc yaşları, qəlbində isə illərin həsrətindən doğan qürur vardı.
Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı dayanır. Ona görə də Zəfər Gününü qeyd edərkən ilk növbədə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad etməli, qazilərimizin xidmətlərini daim yüksək qiymətləndirməliyik. Çünki bu gün dalğalanan üçrəngli bayrağımızın hər bir qarışı onların fədakarlığının, Vətənə sonsuz məhəbbətinin rəmzidir.
Lakin Zəfəri qazanmaq qədər onu qorumaq, gələcək nəsillərə ötürmək də böyük məsuliyyətdir. Tarix sübut edib ki, qələbələr yalnız hərbi güclə deyil, həm də milli şüur, iqtisadi qüdrət, siyasi sabitlik və mənəvi birliklə qorunur. Bu baxımdan Zəfərimizin əbədiliyini təmin etmək üçün bir neçə mühüm istiqamətə daim diqqət yetirməliyik.
İlk növbədə, xalqımızın milli birliyini və həmrəyliyini qoruyub saxlamalı, cəmiyyətdə qarşılıqlı hörmət və dövlətçilik məsuliyyətini gücləndirməliyik. Fərqli düşüncələrə baxmayaraq, Vətən və dövlət maraqlarının hər şeydən üstün olduğunu unutmamalıyıq.
İkinci mühüm istiqamət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Gənclərimiz Zəfər tarixini yalnız öyrənməməli, onun hansı fədakarlıqlar hesabına qazanıldığını dərindən dərk etməlidirlər. Şəhidlərimizin həyat yolu, qazilərimizin qəhrəmanlığı, Ordumuzun döyüş salnaməsi məktəblərdə, ailələrdə və ictimai mühitdə daim təbliğ olunmalıdır.
Eyni zamanda, güclü dövlətin əsas dayaqlarından olan müasir və qüdrətli Ordunun inkişafı, hərbi-texnoloji imkanların genişləndirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və informasiya təhlükəsizliyinin qorunması prioritet olaraq qalmalıdır. Hər bir vətəndaş dövlətin uğurlarına öz əməli fəaliyyəti, vicdanlı əməyi və məsuliyyətli mövqeyi ilə töhfə verməlidir.
Digər tərəfdən, azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın uğurla davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun inkişafı Zəfərimizin əməli nəticələrini daha da möhkəmləndirir. Çünki torpaqların azad edilməsi ilə başlayan tarixi missiya həmin ərazilərdə həyatın yenidən canlandırılması, şəhər və kəndlərimizin dirçəldilməsi, insanların doğma yurdlarında firavan yaşaması ilə tamamlanır.
Bu gün Azərbaycan yalnız hərbi qələbəsi ilə deyil, quruculuq əzmi, beynəlxalq nüfuzu, iqtisadi potensialı və gələcəyə yönəlmiş inkişaf strategiyası ilə də gücünü nümayiş etdirir. Bizim borcumuz bu uğurları qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq və milli maraqlarımızı hər zaman üstün tutmaqdır.
8 Noyabr bizə bir həqiqəti öyrətdi: birliyini qoruyan xalqı sındırmaq mümkün deyil, Vətəninə bağlı olan ordunu məğlub etmək asan deyil, dövlətinin gələcəyinə inanan millətin iradəsini heç bir qüvvə məğlub edə bilməz. Zəfər bizim keçmişimizə ehtiramımız, bu günümüzün qüruru və gələcəyimizə məsuliyyətimizdir.
Bu möhtəşəm Zəfəri bizə qazandıran birlik və həmrəylik ruhunu gələcək nəsillərə ötürmək bizim ən böyük, mənəvi borcumuz ,vəzifəmizdir.
Əgər bu torpaq uğrunda canından keçən qəhrəmanlarımızın əmanətinə sahib çıxmasaq, onların bizə miras qoyduğu Zəfərin həqiqi dəyərini necə qoruya bilərik?
Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın, Azərbaycan xalqının birliyi sarsılmaz, Ordumuzun gücü qüdrətli, dövlətimiz müstəqil və suveren olsun!
8 Noyabr – Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri